Sumqayıtda mənzil məsələləri müzakirə edilib

1099
Bu gün Sumqayıt şəhərində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər” mövzusunda tədbir keçirilib.Nazirliyin mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, tədbirdə Abşeron iqtisadi rayonuna daxil olan icra hakimiyyəti başçılarının sosial-iqtisadi məsələlər üzrə müavinləri, qəsəbə icra nümayəndələri, mənzil-kommunal sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərinin rəhbərləri, bələdiyyə sədrləri, mənzil tikintisi ilə məşğul olan sahibkarlar və digər ictimaiyyət nümayəndələri iştirak edib.Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev dövlət başçısının ölkə regionlarının sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Sumqayıtda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib, Sumqayıtda belə tədbirin təşkilinin əhalinin mənzil-kommunal sahəsində yeni münasibətlərə dair məlumatlandırılmasında əhəmiyyətini vurğulayıb.İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova çıxışında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində regionların simasının günü-gündən dəyişdiyini, sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yaxşılaşdığını vurğulayıb.

Qeyd edilib ki, son illər ölkədə aparılan iqtisadi islahatlar nəticəsində digər sahələrlə yanaşı, mənzil-kommunal təsərrüfatı sektorunun inkişafında da əhəmiyyətli tədbirlər həyata keçirilib, bu sahədə beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası – Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qəbul edilib. 1 oktyabr 2009-cu il tarixində qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi vətəndaşların mənzil hüququnun maneəsiz həyata keçirilməsinə şərait yaradılması, əlverişli və təhlükəsiz yaşamaq şəraitinin təmin edilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi və əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin, inkişaf konsepsiyasının, dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması İqtisadi İnkişaf Nazirliyinə tapşırılıb. Hazırda mənzil-kommunal sahəsinin yeni qanunvericiliyin tələblərinə uyğun olaraq idarə olunmasına keçidlə əlaqədar olaraq həyata keçirilən işlərin əlaqələndiriməsi, hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində İqtisadi İnkişaf Nazirliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir.

S. Həsənova qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün yerli icra və bələdiyyə qurumları tərəfindən çoxmənzilli binalarda idarəetmənin təşkili, təbliğat və maarifləndirmə işlərinin aparılması, ictimaiyyətin Mənzil Məcəlləsinin yenilikləri və üstünlükləri, habelə digər məqamlar barədə məlumatlandırılmasının vacibliyini də qeyd edib.

Tədbirdə həmçinin, İqtisadi İnkişaf Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri vəzifəsinin icraçısı Nizami Qasımov, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və Nazirliyin digər əməkdaşları mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlər barədə çıxışlar edib, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Tədbirin sonunda iştirakçılara “Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu” adlı broşurlar paylanıb.

AFN.News

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər