Sumqayıtda “Nəsillərə örnək ömür” adlı elmi-praktik konfrans – FOTO

531

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyinə həsr olunmuş “Nəsillərə örnək ömür” adlı elmi-praktik konfrans keçirilib.

Konfransda YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı Fərman Kazımov, ərazi partiya təşkilatlarının sədrləri və siyasi fəallar iştirak etdilər.

Tədbir iştirakçıları əvvəlcə bir dəqiqəlik sükutla Zərifə xanım Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbiri giriş nitqi ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü tamam olur. Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim va həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

R.Hüseynov vurğulayıb ki, Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Zərifə Xanım Əliyevanın xalqımıza ən böyük töhfəsi son 19 ildə ulu öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müasir, müstəqil Azərbaycanın daha da inkişaf edib çiçəklənməsinə, dünyada layiqli yer tutmasına nail olan, əsl vətəndaş kimi böyüdüb boya-başa çatdırdığı və cəmiyyətimizə bəxş etdiyi övladı, möhtərəm Prezidentimiz İlham Əliyevdir. Bu gün qürur hissi ilə qeyd edirik ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atmış, 30 ilin işğalına son qoymuş, ərazi bütövlüyümüzü təmin etmişdir. Cənab İlham Əliyevin adı tarixə qalib ölkənin qalib Sərkərdəsi kimi yazıldı.

R.Hüseynov bildirib ki, bu gün akademikin əbədiyyətə qovuşmasından 37 il keçir. Yaddaşlarda yaşamaq isə əbədi ömür qazanmaqdir. Yalnız belə işıqlı simaların adları bəşər tarixinə qızıl hərflərlə yazılır. İmzası, dəst-xətti ilə seçilən şəxsiyyətlərdən olan Zərifə Əziz qızı Əliyevanın adı əbədiyyət ünvanında həmişəlik qərar tutub.

Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Zərifə xanım Əliyeva Əziz Əliyev ocağının yetirməsidir” mövzusunda çıxış edərək qeyd edib ki, Zərifə xanım Əliyevanın timsalında mənəvi kamilliyin ən uca zirvəsində dayanan Azərbaycan qadınının əziz xatirəsi ilə milyonlarla insanın qəlbində yaşayan görkəmli elm fədaisinin obrazı canlanır. Yüksək intellekt, geniş erudisiya, zəngin mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayır. Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr vermiş, bu sahə üzrə yüksək ixtisaslı kadrların yetişdirilməsinə böyük əmək sərf etmişdir. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

Bütün bu uğurların kökündə isə akademik Zərifə Əliyevanın aldığı həyat dərsi dayanırdı. Doğulub boya-başa çatdığı mühitin onun taleyində həlledici rolu olub. Akademik Zərifə Əliyevanın ömür yolunun ayrı-ayrı səhifələrinə nəzər saldıqca həyatının hər sətrində biz görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin adına, ocağına layiq övladın, fədakar ananın, ömür-gün yoldaşının, insana xas ən ali keyfiyyətləri şəxsində bir araya gətirmiş əsl Azərbaycan qadınının, xalqını, vətənini canı qədər sevən gözəl ziyalının, təbabət elminə böyük töhfələr vermiş, yüzlərlə insanın gözlərinə işıq bəxş etmiş dünya şöhrətli oftalmoloq-alimin həyat hekayəsini görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir.

Milli Məclisin deputatı Müşfiq Məmmədli “Zərifə xanım Əliyeva – Ana, Qadın və Alim” mövzusunda çıxış edərək bildirib ki, yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir. Elmi, ictimai fəaliyyətə paralel olaraq, Zərifə xanım həm də qayğıkeş ana, layiqli ömür-gün yoldaşı olub. Eyni zamanda, o, Azərbaycan qadınlığının adına, ünvanına şərəf, qürur gətirmiş, qadınlıq, zəriflik, möhtəşəmlik mücəssəməsidir.

O, həyatın sınaqlarından, elmin çətin yollarından keçərək şərəfli bir ömür yaşamağın nümunəsinə çevrilib. M.Məmmədli qeyd edib ki, Zərifə xanım Əliyeva xalqın sevgisini qazanan, daim qəlblərdə yaşayan və hər zaman yaşayacaq şəxsiyyətlərdəndir”.

Tədbir iştirakçılarından şöhrət ordenli, əməkdar müəllim Ofelya Babayeva “Nəsillərə nümunə ömür yolu”, yazıçı, publisist, oftalmoloq həkim, akademik Zərifə Əliyevanın tələbəsi Hümbət Quliyev “Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafında rolu”, Sumqayıt şəhər 31 saylı tam orta məktəbin direktoru Leyla Əliyeva “Mehriban Əliyeva Zərifə xanımın xeyirxahlıq əməllərinin davamçısıdır” mövzuları ətrafında çıxış edərək, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan danışıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər