Sumqayıtda peşəkar rəssamların “İz” adlı yaradıcılıq sərgisi keçirilib

976
Aprelin 20-də Sumqayıt Regional Mədəniyyət İdarəsi, Sumqayıt Dövlət Rəsm Qalereyası və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində peşəkar rəssamlar Tofiq Əhmədov, Namiq Cavad, Murad Kərimov, İntiqam Cəfərov və Elçin Qasımovun əsərlərindən ibarət “İz” adlı yaradıcılıq sərgisi keçirilib. Sərgidə rəssamların 50-yə yaxın əsəri sərgilənib.
Sərgidə Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov, sumqayıtlı rəssamlar, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və KİV nümayəndələri iştirak ediblər. Qonaqlar sərgi ilə tanış olduqdan sonra tədbiri giriş sözü ilə açıq elan edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev sərginin əhəmiyyətindən söz açıb, rəssamlara yaradıcılıq uğurları arzu edib və onlara idarənin fəxri fərmanlarını təqdim edib.
Sonra çıxış edən Milli Məclisin deputatı Müşfiq Məmmədli qeyd edib ki, fərdi sərgidən də göründüyü kimi rəssamlarımızın yaradıcılığı geniş və çoxşaxəlidir. Onlar müşahidə etdiklərini, gördüklərini özünəməxsus şəkildə işləyərək gözəl rəsm əsərləri ərsəyə gətiriblər. Rəssam fırçasının gücü ilə ərsəyə gələn bu əsərlərin özünəməxsusluğu həm də bir tarixi fakt kimi həmişə yaşayacağından xəbər verir.
Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, eyni zamanda Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov çıxış edərək, sərgilənən əsərlərdən məmnun olduqlarını bildirib, rəssamlara yeni uğurlara imza atmalarını arzu ediblər.
Tədbirin gedişində Şəhid anaları adından çıxış edən Mərkəzi Kitabxananın əməkdaşı Ruhiyyə Əhmədova sərgiyə dəvət üçün minnətdarlığını bildirib. Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova sərginin təşkilində göstərdiyi dəstəyə görə Sumqayıt Regional Mədəniyyət İdarəsinə, iştirak edən qonaqlara öz təşəkkürünü bildirib.
Sonda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin sədri Şahin Şəfiyev rəssamlara Fəxri Fərmanlar təqdim edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər