Sumqayıtda sertifikatlaşdırmaya dair görüş olub

1618

İyunun 9-da Sumqayıt şəhərində Abşeron – Xızı Regional Təhsil İdarəsinə tabe bölgələrin bir qrup ibtidai sinif müəllimi ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.   

Görüşdə millət vəkilləri, Sumqayıt şəhər, Abşeron və Xızı rayonları üzrə ümumi təhsil müəssisələrində çalışan direktor və ibtidai sinif müəllimləri iştirak edib.

Giriş nitqi ilə çıxış edən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov görüşün faydalılığına toxunub və bu cür məlumatverici xarakter daşıyan görüşlərin davamlı olacağını qeyd edib.

Çıxış edən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov təhsilverənlərin rolu və onlardan gözləntilər barədə danışıb. Eşqi Bağırov bildirib ki, müəllimlərin işə qəbul edildikdən sonrakı dövr ərzində bilik və bacarıqlarının daima inkişaf etdirilməsi, yeniliklərlə tanış olunması və dəyişikliklərə uyğunlaşdırılması şagirdlərin fərqli ehtiyaclarına cavab verə bilmək üçün çox əhəmiyyətlidir.

Qiymətləndirmədə yeni alət olan sertifikatlaşdırmanın mahiyyəti və məqsədi barədə danışan Eşqi Bağırov qeyd edib ki, bu prosesdə əsas məqsəd müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılmasıdır. Sertifikatlaşdırmada müəllimlərin fəaliyyəti qiymətləndirilməklə yanaşı, onların inkişafına nail olunaraq təlim ehtiyacları da müəyyənləşdiriləcək. Eşqi Bağırov vurğulayıb ki, sertifikatlaşdırma prosesi ilə bağlı beynəlxalq təcrübə öyrənilib, Ukrayna, Sinqapur, Estoniya və Türkiyədə təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi araşdırılıb.

Görüşdə iştirak edən millət vəkili Ceyhun Məmmədov bildirib ki, beynəlxalq təcrübədə sürətli tendensiyalar baş verir, dünyada təhsilə baxış dəyişir, müəllimlərin bilik və bacarıqları davamlı olaraq yoxlanılır. Bu baxımdan müəllimlər öz üzərində işləməlidirlər.

Çıxış edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov rəhbərlik etdiyi qurum tərəfindən müəllimlərin sertifikatlaşdırılması ilə bağlı hazırlanan çərçivə sənədi və həyata keçirilən vebinarlara dair məlumat verib. Rüfət Əzizov sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə də fikirlərini bölüşüb.

Daha sonra İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva sertifikatlaşdırma prosesi ilə bağlı təqdimatla çıxış edib və ətraflı məlumat verib. 

Sonda görüş iştirakçılarının çoxsaylı sualları cavablandırılıb. 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər