Sumqayıtdan ucalan fəhlə, deputat və direktor Süleymanov kimdir? – HƏYAT HEKAYƏSİ (FOTOLAR)

1575
Həyatın ağır sınaqlarından keçmiş, yalnız öz iradəsi,
əzmi ilə mənsəbə, ada-şöhrətə çatmış adam
Bugünlərdə Sumqayıt Polimer Tikinti Materialları Kombinatının sabiq direktoru, şəhərimizin nüfuzlu ziyalısı, ağsaqqalı Qadir Süleymanovun 80 yaşı tamam olur
Həyatından mühüm məqamlar: 1940-cı il aprelin 22-də Şərur rayonunun məşhur Şahtaxtı kəndində dünyaya gəlmişdir. 1957-ci ildə Şahtaxtı kənd orta məktəbini, iki il sonra isə Naxçıvan şəhər 3 №-li Texniki-peşə məktəbini bitirmiş, 1962-ci ilin sentyabrınadək Gümüşlü qəsəbəsində Geoloji-kəşfiyyat dəstəsində işləmişdir.
1967-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunda ali təhsilini başa vuraraq, mühəndis-texnoloq ixtisasına yiyələnmiş və həmin ilin aprelində Sumqayıt Polimer Tikinti Materialları Kombinatında işə qəbul edilmişdir. 1973-cü ilin yanvarında Leninqrad Ümumittifaq Mühəndis-texniki rəhbər işçilərin Təkmilləşdirilməsi İnstitutunu bitirmiş, 3 il sonra – 1976-cı ildə Sumqayıt Polimer Tikinti Materialları Kombinatına baş mühəndis, 5 il sonra isə həmin müəssisənin direktoru vəzifəsinə təyin edilmişdir.
O, 10 il (1981-1991-ci illərdə) Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin deputatı olmuş, 1983-cü ilin aprelində Azərbaycanın iqtisadi inkişafındakı səylərinə, qazandığı uğurlara görə SSRİ-nin Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Qızıl medalı ilə təltif edilmişdir. Çoxillik səmərəli əmək fəaliyyətinə görə 1989-cu ildə Azərbaycanın “Əmək veteranı” medalı ilə, 2017-ci ildə isə şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə, rəhbərlik etdiyi müəssisənin uzun illər uğurla fəaliyyət göstərməsinə nail olduğuna görə Sumqayıt şəhər İcra Hakimiyyətinin təqdimatı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
***
Qadir Süleymanov özünün yüksək mühəndis istedadı, fədakar əməyi ilə ömrünün 50 ilə qədərini istehsalata, şəhərin sosial-iqtisadi inkişafına, yüksəlişinə həsr etmiş əmək adamlarından, müəssisə rəhbərlərindən biridir. 1970-90-cı illərdə Sumqayıtda onu uşaqdan böyüyə hamı tanıyır, böyük hörmət bəsləyirdi. 1967-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirdikdən sonra Sumqayıta gələrək, ömrünün yarım əsrdən çoxunu bu şəhərdə yaşayan Qadir müəllim Sumqayıt Polimer Tikinti Materialları Kombinatında əvvəlcə sıravi fəhlə, sex rəisi kimi çalışmış, sonralar 5 il müəssisənin baş mühəndisi, 20 il isə direktoru olmuşdur. Onun təşəbbüsü və təşkilatçılığı ilə Kombinatın istehsal həcmi, həm də əməkçilərin aylıq qazancları ildən-ilə artmış, keçmiş SSRİ-nin yüzlərlə şəhərinə, eləcə də Pakistana və Monqolustana ixrac edilən Sumqayıt markalı məhsulların – polimer tikinti materiallarının çeşidi genişləndirilmiş, müəssisədə yeni texnika və texnologiyaların tətbiqi sayəsində 200-ə qədər yeni iş yerləri yaradılmışdı.
Kombinatda işin düzgün və səmərəli təşkili, mühəndis-texnik işçilərə və fəhlələrə göstərilən daimi diqqət və sosial qayğının (kombinatın bütün işçilərinə gündəlik olaraq pulsuz yemək verilir, süd paylanırdı), onların əməyinə verilən qiymətin nəticəsi olaraq müəssisə Qadir Süleymanovun direktor olduğu illərdə daim gəlirlə, yüksək rentabelliliklə işləmiş, bütün Sovetlər ölkəsində qabaqcıl bir müəssisə kimi tanınmışdı. Təsadüfi deyil ki, vaxtilə müəssisə və onun direktoru SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Qızıl medalına layiq görülmüşdü. Azərbaycanda belə bir yüksək təltif çox az müəssisəyə və direktora nəsib olurdu.
Qadir Süleymanov təkcə bacarıqlı istehsalatçı deyil, həm də vətənpərvər, xalqını ürəkdən sevən bir adamdır. Qarabağımızın ağır-məşəqqətli günlərində onun təşəbbüsü ilə Sumqayıt Polimer Tikinti Materialları Kombinatı həm Qarabağ əhalisinə, həm də respublikanın müxtəlif şəhərlərinə, həmçinin Sumqayıta pənah gətirmiş qaçqın və köçkünlərimizə, didərginlərimizə maddi yardım göstərmiş, hər zaman onlara mənəvi dayaq olmuşdur.
Bununla belə, qabaqcıl müəssisə rəhbəri və uzun illər həm də şəhər Sovetinin deputatı kimi də fəaliyyət göstərmiş bir adam – şəhərin tanınmış, nüfuzlu ziyalılarından olan Qadir Süleymanov həmişə hədsiz təvazökarlığı, sadəliyi ilə seçilmiş, abır-həyasına sığınaraq, özünü “gözə soxmaq” istəməmiş, hər yerdə, hər zaman şəxsiyyətini qorumağa, qürurlu, gözü-könlü tox olmağa daha çox üstünlük vermişdir.
Bütün bunlar – geniş və səmərəli həyat fəaliyyəti, hər zaman saflıqla, vicdanına ləkə gətirmədən yaşaması Qadir müəllimə tam haqq verirdi ki, o, uca Allahın qarşısında da borcunu şərəflə yerinə yetirsin. Və o, bir müsəlman kimi bu borcuna da sədaqətlə əməl edərək, 28 il əvvəl Həcc ziyarətində olmuş və bütün mənalı həyatı ilə layiq olduğu Hacı olmaq haqqını qazanmışdır.
…Bir-neçə il əvvəl Qadir müəllimi yaxından tanıyan və qiymətləndirən dost-tanışların sayəsində Sumqayıt sənayesinin inkişafında müəyyən xidmətləri olmuş bu gözəl insanın maraqlı ömür yolundan bəhs edən geniş həcmli, nəfis tərtibatla nəşr edilmiş “Ömür ləngəri” kitabı nəşr edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı-publisist Sabir Şahtaxtının səyi ilə ərsəyə gəlmiş həmin kitab Qadir müəllimin ömür salnaməsini bütün dolğunluğu ilə əks etdirir.
Kitabda böyük həyat yolu keçmiş bu nüfuzlu müəssisə rəhbərinin, Sumqayıtın xüsusi ehtirama layiq ziyalısının əmək fəaliyyətindən, heç də asan olmayan tale sınaqlarından bəhs edən bölmələrlə yanaşı, onun haqqında yazılmış oçerklər, qabaqcıl bir istehsalat rəhbəri kimi respublika qəzetlərinə verdiyi müsahibələr, eləcə də Azərbaycanın tanınmış şəxslərinin yubilyar haqqında söylədikləri fikirlər də geniş yer almışdır.
Respublikanın ötən illərdəki sabiq Tikinti Materialları Sənayesi naziri Şair Həsənovun, “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin sədri Ənvər Əliyevin, Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımovun, Sumqayıtın “Şöhrət” ordenli məşhur cərrahı Hacı Cəfər Quliyevin, Bakı Şüşə zavodunun direktoru Qəzənfər Novruzovun, Sumqayıt Dövlət Universitetinin dosenti Rəhilə Məmmədovanın, Bakı Asbest-şifer zavodunun direktoru, Əməkdar mühəndis Umud Məlikovun, respublikanın Şəhərsalma və Memarlıq Komitəsinin sədri Cahangir Qocayevin, Azərbaycanın Əməkdar jurnalistləri Oqtay Cəfərovun və Eyruz Məmmədovun Qadir Süleymanov haqqında fikirləri onun bir insan və istedadlı mütəxəssis kimi obrazını daha canlı və inandırıcı şəkildə əks etdirərək, tamamlayır.
Ağdam Tikinti Materialları kombinatının keçmiş direktoru Qasım Kərimovun (“karyer” Qasımın) öz sumqayıtlı həmkarı Qadir Süleymanov haqqında vaxtilə dedikləri də maraqlıdır: ”Mən Qadir Süleymanovu eyni nazirlik sistemində işlədiyimiz zaman tanımışam. O, öz peşəsini sevən və başqalarının əməyini qiymətləndirməyi bacaran bir mühəndis, nüfuzlu müəssisə rəhbəri, nazirliyin kollegiya üzvü idi. O, bizim üçün nümunə, xarakteri ilə əsl şəxsiyyət idi. O, kollegiya iclaslarında qaldırılmış məsələlərin müzakirəsində çox fəal iştirak edirdi və savadlı, qeyri-adi təklifləri ilə daim diqqəti cəlb edirdi”.
***
…2015-ci ilin aprelində (onda şəhərin İcra başçısı E.Əzizov idi) Qadir müəllimin xətrinə yamanca dəymişdilər – ömrünün 25 ildən çoxunu Sumqayıt Polimer Tikinti Materialları Kombinatının inkişafına həsr etmiş, onu SSRİ-nin ən qabağcıl müəssisələrindən birinə çevirmiş, şəhərin sosial-iqtisadi tərəqqisi üçün bütün bacarığı, istedadı ilə çalışmış, uzun illər şəhər Sovetinin deputatı, şəhərin nüfuzlu ziyalısı, müəssisə rəhbəri olmuş bu adamı nə Sumqayıtın o vaxtkı rəhbərlyi, nə də ictimai təşkilatların nümayəndələri yada salmadılar, telefonla da olsa, 75 illik yubileyi münasibətilə təbrik etməmişdilər.
Yaxşı ki, 2015-ci ilin sentyabrında Sumqayıtın inkişafında xüsusi xidmətləri olanların, şəhərimizə Qadir müəllim kimi adamların qədir-qiymətini dəyərincə bilən qayğıkeş bir rəhbər təyin edildi. Şəhərdə hamını çox yaxşı tanıyan, hər kəsin xidmətlərindən xəbərdar olan yeni İcra Hakimiyyəti başçısı Zakir Fərəcov böyük bir sənaye müəssisəsinə uzun illər uğurla rəhbərlik etmiş Qadir Süleymanovun əməyini yüksək qiymətləndirərək, onun “Tərəqqi” medalı ilə təltif edilməsinə, bununla da bu təvazökar, gözəl ziyalının böyük sevincinə, minnətdarlığına səbəb oldu.
Rəhman ORXAN.

Sumqayıtdan ucalan fəhlə, deputat və direktor Süleymanov kimdir? - HƏYAT HEKAYƏSİ (FOTOLAR)

Sumqayıtdan ucalan fəhlə, deputat və direktor Süleymanov kimdir? - HƏYAT HEKAYƏSİ (FOTOLAR)

Sumqayıtdan ucalan fəhlə, deputat və direktor Süleymanov kimdir? - HƏYAT HEKAYƏSİ (FOTOLAR)

Sumqayıtdan ucalan fəhlə, deputat və direktor Süleymanov kimdir? - HƏYAT HEKAYƏSİ (FOTOLAR)

Sumqayıtdan ucalan fəhlə, deputat və direktor Süleymanov kimdir? - HƏYAT HEKAYƏSİ (FOTOLAR)

Sumqayıtdan ucalan fəhlə, deputat və direktor Süleymanov kimdir? - HƏYAT HEKAYƏSİ (FOTOLAR)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər