Sumqayıtın nəqliyyat sistemində nələr dəyişməlidir? – SORĞU

1778

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi şəhərimizə gəlir

Son zamanlar respublikanın, xüsusilə də paytaxt Bakının nəqliyyat sistemində müəyyən dəyişikliklər olub. Yerüstü körpülər, tunellər, piyada keçidləri tikilib, bundan başqa Nəqliyyat Nazirliyinin nəzdində marşrut xətlərinin idarə edilməsi üçün Nəqliyyatın İntellektual İdarəedilməsi sistemi yaradılıb. Bir sözlə, paytaxt öz nəqliyyat sisteminə görə bir addım öndədir.

Maraqlıdır, bəs, sumqayıtlılar necə – şəhər nəqliyyatından razıdırlarmı? Sakinlər Sumqayıtın nəqliyyat sistemində nələrin dəyişməli olduğunu düşünürlər? Bu mövzuda həmşəhərlilərimizin arasında kiçik bir sorğu apardıq:

“Sizcə, Sumqayıtın nəqliyyat sistemində nələr dəyişməlidir” sualına respondentlərimizin cavabları bu cür olub:

Tərlan Səlimov (31 yaş, sürücü):

– Sumqayıtın nəqliyyat sistemində bir çox şey dəyişilməlidir. İşıqforlar, yolların genişlənməsi, kameralar, piyada keçidləri, dayancaqlar. Bir də istərdim ki, yollarda qurulan tramplinlər yığışdırılsın, marşurutlar müasirləşsin. Çünki Bakıdakı avtobuslar yenisiylə əvəz olunsa da, Sumqayıtdakı marşrutlar bir-ikisini çıxmaq şərtilə hələ də əvəz olunmayıb. Avtobuslar dar olduğundan sərnişinlər rahatlıqla əyləşə bilmirlər, həm də oturacaq yerləri azdır. İstərdim ki, yollarda silinmiş yol hərəkəti işarələri də yenidən bərpa olunsun.

Rövşən Ələkbərov (35 yaş, mühafizəçi):

– İstərdim ki, Bakıdakı sistemi burada da tətbiq etsinlər. Nəqliyyatın intellektual idarəedilməsini nəzərdə tuturam. Maşınlar üçün xüsusi yeraltı dayanacaqlar olsun. Eyni zamanda, yollar müasir standartlara cavab vermir. İstərdim müasir standartlara uyğun işıqforlar quraşdırılsın.

Xumar Vəliyev (25 yaş, Sumqayıt Mütəxəssislər Birliyinin əməkdaşı):

– Əvvəla istərdim ki, bəzi marşrutların sayını artırsınlar. Çünki bəzən dayanacaqlarda 30-40 dəqiqə bir avtobusu gözləyirik. Bu da insanların yersiz əsəbləşməsinə səbəb olur. İstərdim ki, avtobuslarda gedişhaqqı kart sistemi ilə həyata keçirilsin. Avtobuslar dayanacaqdan kənar tez-tez saxlamağı yığışdırsınlar, necə ki, bir ara yığışdırmışdılar. Bir də istərdim ki, Bakıdakı kimi hərəkətin intellektual idarə edilməsi sisteminə keçsinlər. İnsanlar dayanacaqda gözləyərkən bilsinlər ki, gözlədiyi avtobus neçə dəqiqədən sonra gələcək.

Samir Əliyev (42 yaş, turizm işçisi):

– Ən əvvəl istərdim marşrut avtobuslarına təcrübəli sürücülər götürülsün. Çünki adam minərkən mənzil başına salamat çatsın deyə dua edir. Yollarda marşrutlar bir insana görə sanki yarış qurur. Sonra istərdim ki, yersiz tramplinlər yığışdırılsın. Vallah, yolların rənglənməsini və yer hərəkət nişanlarının bərpasını yalnız şəhərimizə yüksək vəzifəli məmurlar gələndə görürəm. Başqa vaxt bunları rəngləmək qadağandır?!

 

Fuad Zeynalov ( 61 yaş, ehtiyatda olan hərbçi):

– Mən dünyanın bir çox ölkələrində olmuşam. Oradakı nəqliyyat sistemi məni valeh edib. Görəsən, bizdə elə nəqliyyat sistemi nə vaxtsa olacaqmı? Hər şey elə quraşdırılıb ki, elə bil işıqfora ehtiyac yoxdur. Nəqliyyat sıxlığı olsa belə, sürücülər onu hiss etdirmir. Siqnallardan isə çox nadir hallarda istifadə olunur. Bizdə isə yerli-yersiz siqnallardan istifadə olunur, yollarda tıxac olarkən sürücülər “gözəl sözlər” səsləndirirlər. Xaricdə olarkən yol polislərini mən tək-tük zamanlarda görürdüm. Hər şey elə quraşdırılıb ki, polisə belə ehtiyac qalmayıb. Bizdə isə “Məhəllə” yumoreskasında deyildiyi kimi: “Bakı şəhərində ancaq iki halda “QAİ” olur. Biri pavarotdan sonra, biri də ağaclıqda”.

 

Ləman Məmmədova (22 yaş, musiqiçi):

– İstərdim ki, maşın sürməyi öyrənmək üçün xüsusi yerlər, yollar olsun. Əvvəl gənclər maşın sürmək üçün dəniz kənarında məşq edirdi. İndi isə Post patrul xidməti bu yerlərin təlim üçün qadağan olunduğunu deyir. Belə olan halda biz gənclər hansı yollarda məşq etməliyik? Bir də istərdim ki, bazarın ətrafında xüsusi bir avtomobil dayanacağı quraşdırılsın ki, marşrut avtobuslarının gediş-gəlişinə maneəçilik törətməsin.

 

Azər İbrahimov (56 yaş, təqaüdçü):

– İstərdim ki, yollarımız təcrübəsiz sürücülərdən yığışdırılsın. Biz yaşlı insanlar yolu rahatlıqla keçək. İstərdim ki, marşrutlarda kart sistemi tətbiq olunsun. İnsanlar avatobusdan düşərkən, yəni gedişhaqqı verərkən dəqiqələrcə gözləməsin. Yollarımız avropa standartlarına cavab versin. Avropa Şurasına üzv olsaq da, nə yollarımız o standartlara cavab verir, nə də ki yanacağımız…

 

Sevinc İsgəndərova (48 yaş, satıcı):

– Ən əsas istərdim ki, marşrutlar yenisi ilə əvəzlənsin, yəni balaca avtobuslar yığılsın, böyükləri gətirilsin, yollar təmir olunsun, yaşlı və qüsurlu insanlar üçün xüsusi işıqforlar quraşdırılsın ki, onlar yol keçərkən əziyyət çəkməsin.

 

Vahid Mirzəyev (20 yaş, tələbə):

– Hələ ki, şəhərimizin nəqliyyat sistemində hər şey normaldı… Amma 2-3 ildən sonra maşınlar artarsa, yollar genişlənməzsə, problemlər – tıxaclar yarana bilər. Onunçün də hər şeyi əvvəlcədən düşünmək lazımdır. Gələcəyi görmək lazımdır. İstərdim ki, xırda marşrutlar yığışdırılaraq, genişlərilə əvəz olunsun.

 

Tariel Abbasov (38 yaş, usta):

– Əvvəla istərdim ki, şəhərimizdə ili köhnə olan maşınlar yığıdırılsın. Yollarda kameralar quraşdırılsın. Bəzi avtobusların vaxt intervalı azaldılsın, yəni xəttə əlavə marşrutlar buraxılsın. Avtobuslar isə dayanacaqdan kənar saxlayıb, qəza şəraiti yaratmasınlar. Yollarımız standartlara uyğun olsun.

 

Bəs müvafiq rəsmi strukturun rəhbərliyi nə deyə bilər?

Sumqayıt Nəqliyyat Departamentinin rəisi Mahir Nəbiyevlə əlaqə saxladıq. “Şəhərimizin nəqliyyat sistemində hansı dəyişikliklər edilir, bu istiqamətdə son bir ildə hansı işlər görülüb və hansı işlər nəzərdə tutulur?” sualına Departament rəisi bu cür cavab verdi:

– Şəhərin nəqliyyat sistemində dəyişikliklər, yenilənmə işləri gedir. Xırda tutumlu avtobuslar orta tutumlu avtobuslarla əvəz olunmaqdadır. Bu yaxınlarda Sumqayıta 30 ədəd yeni taksi gətirilib. Daha bir neçəsinin də gətiriləcəyi gözlənilir. Taksilər əsasən “Aznur” şirkəti tərəfindən Naxçıvanda istehsal olunan “Lifan” maşınlarıdır. Bununla da artıq Sumqayıtda yeni taksilər fəaliyyət göstərəcək.

Son zamanlar şəhərimizdə geniş abadlıq işləri gedir. Regionların sosial inkişafı ilə bağlı nəqliyyatda da islahatlara, müasirləşdirmə işlərinə start verilib. Son bir ildə artıq islahatların 70%-i həyata keçirilib. Bu ilin birinci rübü, ikinci rübünün birinci ayında, inşallah, bu iş yekunlaşmalıdır. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ola bilsin ki, iri şəhərlərdə də tətbiq olunsun. Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin fəaliyyəti tam olaraq mükəmməl hala gətirildikdən sonra yəqin ki, respublikanın iri şəhərlərində – Gəncə və Sumqayıtda da tətbiq oluna bilər. Planda var, amma sizə deyə bilmərəm ki, 2-3 aya bu sistem Sumqayıtda da olacaq. Ancaq bu yəqin ki, olacaq.

Bax belə. Ümid edək ki, müvafiq qurumlar şəhər sakinlərinin rəylərini, istəklərini nəzərə alacaq və şəhərin nəqliyyat sistemində olan problemlər qısa zamanda həllini tapacaq.

 

Hazırladı: Elmir Ağayev

“168 saat”

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər