“SUMQAYIT”IN PREZİDENTİ: “AVROPA LİQASINA DA VƏSİQƏ QAZANA BİLƏRİK”

298

“Komandamız yaxşı oynadı. Amma müəyyən məqamlardan narazı qaldıq. Ən vacibi odur ki, xeyli qol epizodlarımız olur, lakin yararlana bilmirik. Bu, təkcə indi yox, hər oyunda belədir”.

“Report” xəbər verir ki, bunu “Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev “Zirə”yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra jurnalistlərə müsahibəsində deyib.

Gənc funksioner digər sualları da cavablandırıb…

Bu nəticə klub prezidenti kimi sizi qane edir?

– Əlbəttə, hazırda 3-cü yerdə getməyimiz pis deyil. Büdcəmizin məhdudluğunu, elə də böyük olmadığını bilirsiniz. Hələ cəmi 6 tur geridə qalıb. Bu, heç Premyer Liqanın 1/4 hissəsi də deyil. Ona görə də nəticələrin bizi qane edib-etmədiyini indidən demək tezdir. Ən önəmlisi, mövsümün sonunda neçənci yerdə olacağımızdır.

Komandanızın avrokuboklara yollanmaq potensialı var?

– Hazırda hər oyuna qələbə niyyəti ilə çıxır, qalib gəlmək istəyirik. Məqsədimiz maksimum xal toplamaqdır. Oyunumuzu stabil davam etdirsək və zədə problemimiz olmasa, Avropa Liqasına da vəsiqə qazana bilərik. Ehtiyat oyunçular skamyamız bir az məhduddur. Ona görə də zədəli futbolçular olanda bizim üçün çox çətin olur.

Atilla Yıldırımın çoxlu sayda qol epizodundan yararlana bilməməsi nə ilə əlaqədardır?

– Bir daha demək istəyirəm ki, oyunumuz məni qane etsə də, yaratdığımız qol epizodlarından istifadə edə bilməməyimiz narazı qaldığım məqamdır. Hər oyun bu problemi yaşayırıq. Bu, sadəcə Atilla ilə bağlı problem deyil, başqa oyunçularımız da qol epizodlarından yararlanmaya bilir. Ona görə də bunu sadəcə bir oyunçunun problemi kimi qeyd etmək doğru deyil.

Sizcə, Atilla Yıldırım və Aleksey İsayev milli komandaya cəlb olunsalar, xeyir verə bilərlər?

– Əlbəttə, biz istərdik ki, “Sumqayıt” klubundan daha çox oyunçu milli komandada yer alsın. Lakin bu, millinin baş məşqçisinin qərarıdır. O, lazım bilsə qeyd etdiyiniz oyunçuları da milliyə dəvət edəcək.

“Sumqayıt” klubunun stadionu hazırda hansı vəziyyətdədir?

– Hazırda stadionda yeni tribunanın tikintisi barədə danışıqlar son mərhələdədir. Havalar yaxşı olsa, ot örtüyü də noyabrın ortalarına qədər hazır olacaq və həmin vaxtdan biz oyunlarımızı doğma şəhərimizdə keçirə biləcəyik.

Stadionda media tribunası olacaq?

– Stadionda yeni tribuna tikiləndən sonra media üçün də yerlər olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər