“Sumqayıt”ın prezidenti: “Nəticələrdən razı deyiləm”

890

“Sumqayıt”ın prezidenti Kamran Quliyev Qol.Az saytına müsahibə verib.

– Ötən il Premyer Liqada debütant idiniz, komanda yeni yaranmışdı, müəyyən çatışmazlıqlar  oldu. Yeni mövsümə isə daha ciddi hazırlaşırsınız. 2012-13-cü il mövsümü üçün hədəfiniz nə olacaq?

– İlk öncə onu deyim ki, yenidən komanda qururuq. Ötən ilki heyətdən 15 nəfər bizi tərk edib. Bəzilərinin icarə müddəti başa çatmışdı, bəziləri ilə də yollarımızı ayırmağa qərar verdik. Ötən mövsümlə müqayisədə bu mövsüm özümüzə məxsus olan futbolçuları oynatmaq istəyirik. Bu səbəbdən icarəyə gələn futbolçuların sayını xeyli azaltdıq.  Qalanları ilə 2 ilik, 1+1 illik formatında müqavilələr imzaladıq.

– Ötən mövsüm məqsədiniz elitada qalmaq idi. Bu mövsüm necə olacaq?

– Orta sıralarda qərarlaşmağı hədəfləmişik. Çalışacağıq, ilk “altılığ”a düşək. Alınmasa, ən azından 7-8-ci yerlər uğurunda mübarizə aparacağıq.

– Bernhard Raabın baş məşqçi postunda saxlanılması birmənalı qarşılanmadı. Keçən mövsüm ona hər cür şərait yaradıldı, komanda yayda Avstriyada, qışda isə Antalyada toplanış keçsə də, çempionatda oynayıb-oynamayacağı  bilinməyən “Turan”ı üstələyə bilmədi. Belə vəziyyətdə yenidən alman məşqçiyə etimad göstərilməsi nə dərəcədə düzgün idi?

– Bilirsiniz, müxtəlif idarəetmə sistemləri var. Bəli, klub prezidenti kimi, hər yerdə demişəm ki, nəticələrdən razı deyiləm. Bəli, “Turan”la müqayisədə “Sumqayıt”ın şəraiti yaxşıdır. Amma “Turan”ın heyətində legionerlər oynayırdı. Bizim komandanın orta yaş həddi hamıdan aşağıdır. Bəzi futbolçularımız isə özlərini yaxşı tərəfdən göstərərək parladı ki, burada da baş məşqçinin əməyi oldu.

– Ancaq nəzərə alaq ki, həmin futbolçuları baş məşqçi yox, rəhbərlik tapıb komandaya cəlb etmişdi…

– Mən məşqçi deyiləm. Biz hamımız uşaqlıqdan futbola baxırıq və hamımız da özümüzə görə mütəxəssisik. Məşqçi var ki, ona bütün şərait yaradılsa da, nəticə qazana bilmir. Məşqçi var ki, orta səviyyəli futbolçuları verirsən, uğur qazanır. Keçən il nəticə olmadı, amma inanıram ki, bu il olacaq. Raabın müəyyən işləri var ki, ondan razıyam və buna görə saxlamağa qərar verdik. İstənilən halda, həm futbolçuya, həm də məşqçiyə şans verilməlidir.

– Yenə bununla bağlı sual verməyə məcburam. Arif Əsədov. Hazırda işsizdi, Pro kateqoriyalı məşqçidir, “Neftçi”yə Azərbaycan çempionluğunu qazandırıb və ən əsası sumqayıtlıdır. Olmazdı ki, Raabla vidalaşıb bu postu Əsədova tapşıraydınız?

– İlk mövsümdə Raabın yerinə Arif Əsədov olsaydı belə, yenə qlobal dəyişiklik mümkün deyildi. Raab dünyada bu işlə məşğul olan çoxsaylı məşqçilərdən biridir. Biz onu bu posta təyin etmişiksə, güvənmişiksə, vaxt verməliyik. Sabah əgər alınmasa və yollarımızı ayırası olsaq, onun yerinə sumqayıtlı, yaxud Azərbaycanın başqa bölgəsindən məşqçi təyin etsək, həmin məşqçiyə də vaxt veriləcək.

– Ancaq belə başa düşdük ki, Raaba ötən il olunan güzəşt bu il olmayacaq.

– Təbii ki, görsək, uduza-uduza gedirik, buna qarşı tədbir də görüləcək. Bu il heyətimiz daha da güclüdür. Gözləyək, görək nə olacaq.

– Transferlər yekunlaşdı, yoxsa yeniləri olacaq?

– Heyət 90 faiz komplektləşib. Demək olar, hər mövqeyə iki bərabər səviyyəli futbolçu var. Bundan başqa, əvəzedici komandadan 5 futbolçunu da əsas komandaya dəvət etdik. Bir şeyi də sizə açıqlayım ki, bir mərkəz müsafiəçisinə də ehtiyacımız var və bununla bağlı iş gedir. Hətta Dünya Azərbaycanlıları Konqresi ilə də əməkdaşlığımız var və çempionatın sonuna kimi, daha yeni adların şahidi olacaqsınız.

– Stadionla, baza ilə bağlı işlər necə gedir?

– Söküntü işləri artıq yekunlaşıb. Belə götürəndə hər söküntü də bir tikintinin başlanğıcıdır. Qeyd edim ki, lahiyədə dəyişiklik edildi. Əvvəlki planımıza görə, 3 ehtiyat meydança olmalıydı. İkisi süni, biri təbii. Lakin ərazidəki yaşıllıqları qırmamaq üçün lahiyədə dəyişiklik etməyə məcbur olduq iki meydança inşa olunacaq. Bunların da biri təbii, biri isə süni olacaq. 6 aya həmin meydançaların tikintisi başa çatacaq.

Anar XANLAROV, qol.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər