Sumqayıtın yetirməsi Vətəndən uzaqlarda da Vətənlədir

2589

Niderland krallığında Azərbaycan diasporu “krallığı” 

  Diaspor rəhbəri Elxan Mirhəşimlinin son illərdəki fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir

Azərbaycanda bir igidin ömrü qədər – 35 il yaşasa da, təbii olaraq onu doğmalarından, yaxın əhatəsində olan adamlardan başqa tanıyan yox idi. Baxmayaraq ki, ali təhsili, işi, işgüzarlığı da vardı, Bakının “beş addımlığında” – Sumqayıtda yaşayırdı və inşaatçı-mühəndis kimi də istedadlı idi, sayılıb-seçilirdi.

O, özünü vətənpərvər bir oğul kimi ilk dəfə Vətəndən uzaqlarda – Niderlandda “tapdı”. Və xüsusilə diqqətəlayiqdir ki, onu çox keçmədən “gəlmə” olduğu həmin ölkədə də, üstəlik Azərbaycanda da tanıdılar, özü də təzəcə getdiyi diyarda cəmi bir il yaşadıqdan sonra – 2002-ci ildən başlayaraq. Onun işgüzarlığı və bacarığı o yad ölkədə sanki yeni vüsət almış, birdən-birə vulkan kimi “oyanmışdı”. Vətənlə bağlı təəssübkeşliyi, mübarizliyi, döyüşkənliyi az qala lava seli kimi ordakı ermənilərin üstünə “axmağa” başlamışdı. Ermənilər onu “göz üstə”, diqqətdə saxlamalı olmuşdular.

…Nəsli-kökü Azərbaycanın ən qədim, dilbər guşələrindən birindən – Qubadlıdan olan Elxan Mirhəşimli bütün Qarabağ od içində olduğu vaxtlarda Vətən uğrunda düşmənlə qəhrəmancasına, mərdliklə vuruşan eloğluları, sonralar Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Əliyar Əliyev, Bəylər Ağayev, Kazımağa Kərimov və digər komandirlərin döyüşçülərinə dayaq olaraq, bacardığı qədər köməklik göstərmişdi (o vaxtlar gəlirli bir sahədə çalışdığından buna imkanı vardı). Sonralar Sumqayıta pənah gətirmiş bir-neçə qaçqın ailəsinə də hər ay əl tuturdu. Yəni ki, dolanışığı da vardı, xətrini əziz tutan qohum-qardaşı, hörmətini saxlayan etibarlı dost-tanışı da. Odur ki, illərlə doğma Qubadlıdan ayrı düşən, o yerlər üçün hər zaman qəlbi göynəyən Elxanın günlərin bir günü hansı həvəs və məqsədləsə xaricə köçməsi çoxlarına təəccüblü, anlaşılmaz görünmüşdü…

Geriyə yol yoxdur!

Elxanın o uzaq, yad diyara ilk səfəri 2001-ci ildə olmuşdu. Etibarını qazandığı tanışlarıından biri onu həvəsləndirərək, Hollandiyaya (o vaxt rəsmi olaraq belə adlanırdı) gedib, orda iş qurmağı, özlərinə yaxşı gün-güzəran düzəldib, sonra qohum-qardaşa da kömək etməyi təklif edir. Bir-neçə ay hazırlıq görərək, heç də asan olmayan hüquqi baryerləri də keçərək, hər ikisi üçün yad olan ölkəyə yola düşürlər.  Lakin gözlədiklərinin əksinə olaraq onları nə gül-çiçəklə qarşılayan olur, nə də “süd gölündə üzməyə” aparan. Odur ki, bir müddət Azərbaycandan gedərkən “iş qurmaq üçün” əllərində olan “maya”nı tətbiq etməyə münasib bir yer tapmayaraq, onu tədricən “əritməyə” başlayıb, vəziyyətin yaxşı olacağına ümid bəsləsələr də, hər addımda çətinliklərlə üzləşməli olurlar. Vəziyyətin get-gedə ağırlaşdığını görən tanışı iradəsizlik, üzüdönüklük edərək, Elxanı qərib ölkənin ümidinə buraxaraq və ortaq vəsaitlərindən də bir qədər “çırpışdıraraq” xəlvətcə aradan çıxır.

Əslində Niderlanda köçərkən Elxanın məqsədi təkcə ailəsinin dolanışığını təmin etmək, gəlirli biznes qurmaq  yox, həm də Azərbaycana daha faydalı olmaq idi. Lakin qərib ölkəyə birlikdə getdiyi həmin tanışının gözlənilməz dönüklüyü, “aradan çıxması” ucbatından ilk əvvəllər özü bir-çox problemlərlə üzləşməli olur. Ancaq hər zaman yalnız irəli getməyə cəhd edən, məğlub olmağı xoşlamayan Elxan “suyu süzülə-süzülə” geri qayıtmağı, dost-tanışın yanında xar olmağı, qohum-qardaşın qınağı ilə üzləşməyi özünə sığışdırmayaraq, geri dönməkdənsə, ağır zəhmətə belə qatlaşmaq bahasına olsa da, Hollandiyada qalmağa üstünlük verir. Hər cür çətinliklərə sinə gərməyi bacaran mərd, qeyrətli, hünərli oğullar şəhəri Sumqayıtdan olması, qanına-canına Qubadlının odunun, suyunun, havasının da bir ömrə bəs edəcək qədər hopması ona qətiyyətli, iradəli olmağı təlqin edir. Və əvvəllər də həyatın gözlənilməz “sürprizləri” ilə üzləşmiş, lakin hər zaman öz gücünə tapınan, son dərəcə prinsipial olan Elxan ailəsi ilə birgə ağır günlər keçirsə də, bütün çətinliklərə kişi kimi dözüb, vəziyyətlərinin tədricən düzəlməsinə nail olur. Tanışının naxələf çıxmasına baxmayaraq, o, dili və dini ayrı olan yerli sakinlər arasında özünə yeni, etibarlı tanışlar tapır. Buna isə o, özünün yüksək insani keyfiyyətləri, bacarığı, fərasəti ilə nail olur. Yeni tanışları vəziyyətdən çıxmaq üçün ona həm münasib iş tapmaqda, həm də dil öyrənməkdə köməklik edirlər. Heç zaman çətinliklər qarşısında əyilməyən Elxan artıq üç ildən sonra tam “ayaq üstə durmağı” bacararaq, qərib ölkə cəmiyyətinin bir üzvünə çevrilir.

Niderland həyatının ilk dövründə yadında daha çox qalan, gözləmədən düşdüyü “burulğan”dan çıxdıqdan bir qədər sonra fəaliyyət yönünün dəyişməsi, özünü başqa bir “burulğan”ın – “siyasət burulğanı”nın içində, diasporumuzun yanında  görməsi olmuşdu.

Həyatından bəzi məqamlar.  Elxan Mirhəşimli 27 iyun 1966-cı ildə indi erməni işğalında qalmış Qubadlı rayonunda dünyaya gəlib. Sumqayıt şəhərində böyüyüb, 14 və 27 №-li məktəblərdə orta, 19841991-ci illərdə isə Azərbaycan Dövlət İnşaat və Memarlıq Universitetində ali təhsil almışdır, inşaatçı-mühəndisdir. İki il sovet ordusunda hərbi xidmət keçmiş və məhz həmin dövrdə erməni-rus şovinizminin, onların hiyləgər həmrəyliklərinin şahidi olmuş, bərkdən-boşdan çıxmışdır.

Ali məktəbdə oxuya-oxuya və sonralar da 8 ildən artıq Sumqayıtın Mənzil-kommunal sistemində çalışmış, öz şəxsi bacarığı, təşəbbüskarlığı sayəsində Çexoslovakiya və Macarıstanla müəyyən ticarət əlaqələri yaratmış, 10 ilə yaxın kiçik bizneslə məşğul olmuş,  ailəsinin dolanışıq ehtiyacını ödəməyə çalışmışdır.

2001-ci ildə ailəsi ilə birgə Niderlanda köçüb. 3 övlad atasıdır. İndi psixoloq olan oğlu Mirələkbər 1991-ci ildə, hüquqşünas qızı Mədinə 1992-ci ildə Sumqayıtda, ailənin sonbeşiyi Aidə isə ölkəmizin Milli Mətbuat günündə – 22 iyulda (2006-cı ildə) Hollandiyada dünyaya gəlmişdir (ona görə, həm də atasının Azərbaycan naminə yorulmaz ictimai-siyasi fəaliyyətindən ruhlanaraq, qarşısına jurnalist olmağı məqsəd qoyub).

 “Elxan, mənim adım Arturdur, erməniyəm, Bakı ermənisi. Burda ehtiyatlı ol!”

Bir dəfə təsadüfən Bakıdan olan bir nəfərlə rastlaşır. Doğma, şirin Azərbaycan dilində xeyli söhbət edib, Bakının ötən illərini xatırlayırlar. Tanışı birdən qayıdır ki:

– Bilirsən, Elxan, gəl sənə düzünü deyim. Mən Bakıdanam, Bakını da, bakılıları da çox sevirəm, orda doğulub böyümüşəm, ancaq azərbaycanlı deyiləm.

Elxan azərbaycanlı hesab etdiyi təzə tanışına təəccüblə baxanda o, əvvəlki səmimiliyini saxlayaraq deyir:

– Narahat olma, ancaq biləsən ki mən erməniyəm, adım da Arturdur. Düzdür, o alçaqlardan, xəyanətkarlardan – Ermənistan, Suriya, Livan ermənilərindən deyiləm, Bakı ermənisiyəm.

Sonra sözünə davam edərək, deyir:

– Sənə indi bir sirr açacağam. Burdakı xristian kilsəsi var ha, mən də əvvəllər ora gedirdim. Ancaq sonralar gördüm ki, ora hollandlarla birgə ibadətə gələn Yerevan erməniləri özlərini yalandan Azərbaycandan qovulmuş qaçqınlar kimi təqdim edərək, ah-vayla yerli sakinləri öz tərəflərinə çəkməyə, Azərbaycan əleyhinə təbliğat aparmağa, onlarda siz azərbaycanlılara qarşı nifrət, kin-küdurət yaratmağa çalışırlar. Mən bir-neçə dəfə onları ifşa etməyə çalışaraq, onların Azərbaycandan yox, Ermənistandan qaçqın düşdüklərini  bildirsəm də, hər dəfə hay-küylə üstümə düşərək, məni yalan danışmaqda günahlandırırdılar. Son dəfə isə üzərimə hücum çəkib, təhqir edərək, döymək istəyərkən əllərindən güclə qaçıb qurtarmışam. Bunu sənə ona görə deyirəm ki, burda ermənilər az deyil və onların əsas məqsədləri Azərbaycana qarşı çirkin təbliğat aparmaq, yerli əhalidə sizin simanızda çox pis düşmən obrazı yaratmaqdır. Qoy bizim bakılıların hamısı bilsin ki, o fitnəkar təxribatçıların bizi ev-eşiyimizdən didərgin salmaqları, sakit həyatımızdan məhrum etməkləri azmış kimi burda da alçaq əməllərindən qalmırlar. Sən çalış burda ehtiyatlı, diqqətli ol!  O alçaqlardan nə desən, gözləmək olar…

Elxan hollandlar və ermənilərlə birgə niyə xristian kilsəsinə üz tutmuşdu?           

Dinindənmi dönmüşdü?..

 Arturla söhbətdən sonra Elxan Mirhəşimli yaşadığı Leyevarden şəhərindəki Azərbaycan diasporunun rəhbəri kimi ordakı xristian kilsəsinin idarə heyətinə rəsmi müraciət edərək, onlarla görüşmək üçün razılıq alır və növbəti həftədə protestant hollandların və digərlərinin də toplaşdığı kilsə yığıncağında iştirak edir. Və orda çıxış edərək bildirir ki, ermənilər din etibarilə qriqoryan olduqları halda Azərbaycanın, o cümlədən Qarabağın ərazilərində olan qədim Alban kilsələrini öz adlarına çıxmağa çalışır, işğal altındakı ərazilərdə həmin kilsələrin tarixi yazılarını dəyişdirərək, saxtakarlıqla erməniləşdirməyə cəhd eirlər. Və qriqoryan olduqları halda Niderlandın protestant kilsələrinə sığınmağa, özlərinin dini-tarixi saxtakarlıqlarını ört-basdır etməyə çalışırlar. Yığıncaqda iştirak edən ermənilər öz bəd əməllərinə haqq qazandırmağa cəhd etsələr də, azərbaycanlı diaspor rəhbəri Elxan Mirhəşimlinin tarixi faktları tutarlı şəkildə, dəqiqliyi ilə çatdırması kilsənin idarə heyətinə həqiqətin nə yerdə olduğunu anlada bilmişdi.

Elxanın bir-neçə dəfə holland kilsəsinə getdiyini görən və kilsənin qəzetlərindən birinə onun verdiyi müsahibəni oxuyan həmyerlilərimizdən bəziləri onu saxlayaraq, kinayə ilə soruşmuşdular: “Xeyir ola, tez-tez kilsəyə gedirsən? Nə olub, dinindən-imanından dönmüsən?”. Məsələnin nə yerdə olduğunu izah etdikdən sonra onlar sakitləşmişdilər.

Bir dəfə isə kilsənin idarə heyətinin yığıncağında Elxan müəllim erməni “qaçqınların” daha bir saxtakarlığını ifşa etmişdi:

– Hörmətli kilsə rəhbərliyi, biz hamımız, dinimizdən, dilimizdən asılı olmayaraq, Allahın bəndələriyik. Allah adamları yalan danışmamalıdır. İndi qoy burdakı erməni xristianlar Azərbaycandan olan qaçqınlardırsa, mənim Bakı ilə, onun tərkibindəki rayonlar və kəndlərlə bağlı suallarıma cavab versinlər. Ancaq bacarmayacaqlar, çünki onların heç biri Bakı deyil, Yerevan erməniləridir, Bakını tanımırlar və bura Azərbaycandan yox, Ermənistandan qaçıb gəliblər.

Bundan sonra erməni “bataqlığına” sanki daş atıldı. Heç kəs cavab üçün irəli durmadı, sadəcə qışqırışmağa başladılar.

– Qoy onlar bir də onu desinlər görək, Azərbaycan Ermənistanın hansı şəhərini, hansı kəndini işğal edib? – deyə Elxan sözünə davam etdi. – Elə bir şey heç vaxt olmayıb. Ancaq kiçik bir Ermənistan Rusiyadan və Fransadan olan havadarlarının sayəsində iki əsr əvvəl Azərbaycanın Göyçə, Zəngəzur mahallarını, 1990-cı illərdə isə bizim qədim diyarımız olan bütün Dağlıq Qarabağı və hətta ətraf 7 rayonumuzu işğal etmiş, Suriya və Livandan olan erməni  quldurlarının köməyi ilə bizm azərbaycanlılar yaşayan Qaradağlı, Xocalı, Malıbəyli və digər kəndlərimizdə, şəhərlərimizdə 1000-dən çox dinc əhalini – qocaları, qadınları, uşaqları amansızlıqla qətlə yetirmiş, alman faşistlərindən də betər işgəncələr vermişlər.

Bu danılmaz faktlar qarşısında duruş gətirə bilməyən, çaş-baş qalan ermənilər qışqırışmışdılar ki, “sən türksən, azərisən, müsəlmansan, kilsədə nə işin var?”. Və başqa bir vaxt hədə-qorxu gələrək demişdilər ki, “bu şəhərdə çoxlu su kanalları var, bir gün onlardan biri səni aparıb dənizə ata bilər”.

Ancaq onların hədəsu zirək idmançı – bacarıqlı boksçu və güləşçi olan, ən azı 3-4 ermənini “aşırmağa” gücü çata bilən sumqayıtlı Elxanı qətiyyən qorxutmamışdı. Hələ bir-neçə dəfə də, o cümlədən 2016-cı ildəki aprel və builki Tovuz döyüşlərindən sonra da o, Niderlandın iki xristian-demokrat partiyalarının rəhbərləri və üzvləri ilə görüşərək, Ermənistanın işğalçı siyasətini ifşa etmişdi.

İdeoloji mübarizə davam edir

“Siyasi baxışınız?” sualına Elxan Mirhəşimlinin heç zaman dəyişməyən qısa və qətiyyətli cavabı var: “Milliyyətçiyəm! Xalqımızı, dövlətimizi, müstəqilliyimizi, dilimizi, dinimizi hər şeydən üstün tutur, çox sevirəm!”

Başqa cür ola da bilməz! Axı, Vətən, yurd sevgisi hələ uşaqlıqdan onun qanına, canına doğma Qubadlının odu-havası, Həkərinin, Bərgüşadın sularının ana laylası kimi həzin nəğməsi ilə hopub. Torpağı-daşı düşmən əlində olan kəs mübariz, döyüşkən ruhlu, vətənpərvər olmaya bilərmi? Təsadüfi deyil ki, Elxan müəllim Niderlanda qədəm basdıqdan cəmi bir il sonra diaspor hərəkatına qoşulmuş, çox keçmədən onun liderlərindən biri olmuşdur. Artıq neçə ildir ki Leyevarden şəhərindəki Azərbaycan diasporuna rəhbərlik edir.

Elxan müəllimin 2014-cü ildə oğlu Mirələkbərlə birgə öz vəsaiti hesabına “Niderland-Azərbaycan Evi”ni yaratması da onun vətənpərvərliyindən, xalqımıza, dövlətimizıə məhəbbətindən, sədaqətindən irəli gəlir. Həmin “Evi”in şöləsinə elə ilk vaxtlardan onlarla həmvətənimiz cəmləşmişdi. Və çox keçmədən yad ölkədə Azərbaycan diasporunun fəaliyyəti, vətənpərvərlik hərəkatı “Niderland-Azərbaycan Evi”nin ətrafına daha çox adamları, o cümlədən Niderlandın yüksək dairələrinin nümayəndələrini də cəlb etməyə başlamışdı.

Yaşadığı Leyevarden şəhərində Azərbaycan diasporumuzun qərargahına çevrilən həmin “Ev” Niderlandda rəsmi dövlət qeydiyyatından keçirilərək, bütün dövlət və ictimai təşkilatlar tərəfindən tanınır. Diqqətəlayiqdir ki, “Niderland-Azərbaycan Evi” diaspor fəaliyyəti çərçivəsində həm ölkəmizin daxili və xarici siyasətini, həm mədəniyyətini təbliğ edir, həm də Odlar Yurdunun tarixi, o cümlədən Qarabağ haqqında həqiqətləri, Azərbaycanın tolerant, sülhsevər bir ölkə olduğunu yerli əhaliyə müxtəlif görüşlərdə və televiziya vasitəsilə çatdırır, mətbuatda ardıcıl olaraq materiallar dərc etdirir. Bu istiqamətdə görülən işlər sırasında aparıcı partiyaların liderləri ilə keçirilən görüşlər, aparılan fikir mübadiləsi və müzakirələr,  50-dən çox yerli təşkilatlarla e-mail və sosial şəbəkələr vasitəsilə edilən  yazışmalar, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən video-konfranslar, foto-sərgilər, Azərbaycan mədəniyyəti və milli mətbəximizlə bağlı təşkil edilən tədbirlər  və s. mühüm rol oynayır. Erməni faşizminə, Xocalı soyqırımına qarşı vaxtaşırı etiraz aksiyalarının təşkili də bu diaspor təşkilatımızın mühüm fəaliyyət sahəsinə daxildir.

Təqdirəlayiqdir ki, artıq o uzaq diyarda çox yaxşı bilirlər ki, həmin ölkədə Azərbaycanın çox fəal diasporu var və onun başında bacarıqlı bir təşkilatçı dayanır. Niderlandda erməni diasporuna, onların şovinist, təxribatçı planlarına qarşı qətiyyətlə, inadkarlıqla, əsaslandırılmış arqumentlərlə mübarizəsi ölkənin aparıcı partiyalarının da diqqətini çılğın bir vətənpərvər kimi Elxana cəlb etmişdir və çoxdandır ki, onunla hesablaşılır, ona ciddi və nüfuzlu ictimaiyyətçi, prinsipial, fəal siyasət adamı, inam və etibar doğuran maraqlı bir tərəfdaş kimi ehtiramla, rəğbətlə yanaşılır.

“Axı, bizim diasporumuz niyə fəal, təşəbbüskar və qətiyyətli olmamalıdır?”

 Niderlandın bizim yaralı yerimiz olan Dağlıq Qarabağ, Azərbaycan-Ermənistan qarşıdurmasında neytral mövqe tutduğunu, sakit bir ölkə olduğunu düşünsə də, bu Avropa ölkəsinə köçdüyü heç bir il olmamış yaşadığı Leyevarden şəhərində də ermənilərin az olmadığını və “dinc durmadıqlarını” görən Elxan onunla barışmaq istəmirdi ki, ermənilər niyə çoxluq təşkil etdikləri Amerikada (əsasən – Kaliforniyada, Los-Ancelesdə), Fransada, Suriya və Livanda olduğu kimi Niderlandda da “mənəmlik” etməyə çalışırlar? Və bir axşam internetdə Vikipediyaya nəzər yetirərək, ermənilərin bu ölkədə nə vaxtdan yaşadıqları və bu mənəviyyatsız “tör-töküntülərin” öz murdar ayaqlarını Niderlanda nə vaxt basdıqları ilə maraqlanmalı olur. Və o, ermənilərin “Bibliya”ya öz uydurma adlarını və tarixlərini sonradan rüşvət hesabına daxil etdirdikləri kimi Vikipediyaya da əl uzadıb, özlərinin Hollandiya ilə əlaqələrini də saxtakarlıqla “qədimləşdirmələri” faktı ilə üzləşir. Özlərini dünyanın qədim xalqlarından hesab edən o vətənsizlər, yurdu-yuvası olmayan ünsürlər hardansa “azıb”, guya bu Avropa ölkəsinə də çoxdan – hələ… XIII əsrdə gəlib çıxıblarmış. Bu, qətiyyən inandırıcı olmasa da, ticarət fırıldaqlarını, alıb-aldatmağı, nə yolla olursa-olsun, pul qazanmağı böyük hiyləgərliklə bacaran ermənilər yəqin ki nə vaxtsa (ancaq XIII əsrdə yox, çox sonralar) müxtəlif ölkələrdən, ola bilsin ki, Azərbaycandan da dəyər-dəyməzinə aldıqları, çırpışdırdıqları xalçaları, ipəyi, pambığı, boya vasitələrini və s. Niderlanda daşımağa başlayaraq, ticarət əlaqələri qurmağa nail olmuşlar. Hətta Vikipediyada açıq-aşkar saxtakarlıqla qeyd olunur ki, guya onlar – tarixi, yaranışı hər zaman şübhə doğuran bu mənfur kütlə Amsterdamda dövlətdən ayrı, müstəqil erməni icması yaradıblarmış. Guya hələ 1713-cü ildə nə səbəbdənsə (dahi alman filosof-mütəfəkkiri K.Marksın dostu, görkəmli tədqiqatçı F.Engelsin də “üzüyolalıqlarına” yaxşı bələd olduğu “axçi”lərin – erməni gözəllərinin utopik “böyük Ermənistan” naminə “fədakar xidmətləri” hesabına) onlara özlərinin kilsələrini yaratmağa da icazə verilibmiş. Yalnız belə bir fakta inanmaq olar ki, əgər onlar həmin dövrdə doğrudan da Hollandiyada olublarsa da, məşhur fransız sərkərdəsi B.Napoleonun Avropada apardığı müharibələr nəticəsində işğal edilən Amsterdamda həyat söndüyündən ermənilərin də Niderlandda yaşayışına son qoyulmuşdu. Ancaq çox qəribədir ki, heç vaxt öz dövləti olmayan, yaşamağın çəmini yalnız böyük xalqlara itaətkarlıqda görən o köçəri, mənfur millətin Niderlanda əsas axını İndoneziyadan, Türkiyədən, Livandan, İran və İraqdan olmuşdu. Bu gün onların əksəriyyəti bütün dünyada olduğu kimi, Niderlandın ən böyük, gözəl şəhərləri olan Amsterdam, Haaqa, LeydenDordrext, Leyevarden və  Rotterdamda kök salıblar. Və bu ölkədə 6-7 min nəfərdən çox olmasalar da, Amsterdam da daxil olmaqla onların 3 şəhərdə ibadət etdikləri (Allahamı? Uca Tanrının dərgahında onun bəndələrinə – bəşəriyyətə düşmən kəsilmiş bu alçaq, oğru-quldur, başkəsən-cəllad məxluqun olmasına ehtiyac varmı axı?) kilsələri də var.

Maraqlıdır ki, “hay”ların Niderlandda bugünkü sayına gəldikdə Vikipediya kimi son dərəcə ciddi və dəqiq olan bir mənbə belə bu barədə düzgün məlumat verə bilmir. Onların sayı anlaşılmaz dərəcədə böyük bir intervalla göstərilir, yəni 3-9 min arasında. Yəqin ki, əslində onların sayı həqiqətən azdır və bilərəkdən şişirdilərək, 9 min nəfərə “çatdırılmışdır”. Hər halda bu şişirdilmiş rəqəm də orda yaşayan 20 min azərbaycanlıların sayından iki dəfədən də az olsa da, Niderlandda “baş aparmağa” çalışmaları, dinc durmayıb, Azərbaycana və türk dünyasına qarşı ideoloji təbliğatı genişləndirmələri, təxribatlara əl atmaları Elxanı məhz vətənpərvər bir azərbaycanlı kimi hədsiz narahat etdiyindən, ölkəmizin ordakı diaspor hərəkatına qoşulmağa və onu daha da gücləndirməyə sövq etmişdi. Erməni riyakarlıqlarına dözməyi, laqeyd olmağı bacarmayaraq və onlara qarşı mübarizədən kənarda qalmağı özünə sığışdırmayaraq,  bilavasitə, həm də bütünlüklə diaspor hərəkatının içində olmağa, doğma xalqımıza bütün varlığıyla xidmət etməyə üstünlük vermiş və digər qayğılar onun üçün artıq arxa plana keçmişdi. Və beləliklə o, məhz qürbətdə – Niderlandda özünü, vətənpərvər Elxanı kəşf etdi. Müsəlmanların çox az – cəmi 4,4 % olduğu həmin ölkəyə yaxşı dolanışıq, rahat yaşayış, qazanc üçün getsə də, Vətən həsrəti, Vətən məhəbbəti özündən asılı olmadan o ilkin istəkləri kölgədə qoydu.

Diasporumuzun ön cərgəsində

Doğma Azərbaycandan uzaqlarda vətən ağrılarına duruş gətirməyin mümkün olmadığını Elxan Mirhəşimli hər il 20 Yanvar, Qaradağlı və Xocalı qırğınları, Şuşa, Laçın… itkisi günlərində bütün dəhşətləri ilə, acı sarsıntılarla öz üzərində duyur. Qürbət diyarda vətən ağrı-acılarını ilk dəfə Xocalı soyqırımı günündə diasporumuzun bütün dünyaya etiraz olaraq keçirdiyi yürüşdə kəskinliyi ilə hiss edib, kövrəlsə də, Azərbaycan bayrağını qürurla başı üzərinə qaldıraraq, böyük Vətən sevgisi ilə qətiyyətlə addımlamışdı. Ondan olsaydı, 20 Yanvar, Xocalı faciələrimizi, minlərlə günahsız həmvətənlərimizin erməni faşistləri tərəfindən amansızcasına qətlə yetirilmələrini, yüzlərlə şəhər və kəndimizin “xaç yürüşü” ilə viran qoyulmasını bilərəkdən görmək istəməyən, riyakarlıqla susan qeyri-müsəlman dövlətlərin başçılarının boyunlarını qılıncdan keçirərdi. Ancaq çox heyf ki, bu, real olmayan istəkdən başqa bir şey deyildir. İndi gücü yalnız ona çatır ki, Niderlandda yaşayan yüzlərlə həmvətənimizi başına yığıb, erməni-xristian birləşmələrinə qarşı ideoloji mübarizə aparsın, Azərbaycanın son 30 illik ölümlü-itimli tarixini, bəşəriyyətə düşmən kəsilmiş erməni faşizminin əsl mahiyyətini kar olmuş qulaqlara çatdıra bilsin. Bu baxımdan onun ötən illər ərzində nəinki Niderlandın Frisland bölgəsində, Bilds bələdiyyəsində “Xocalıya ədalət” çağırışı ilə təşkil edilmiş konfranslarda, Herenven şəhərində Xocalı soyqırımı ilə bağlı əsl həqiqətləri, erməni faşizmini əks etdirən fotosərginin, bütün Avropada ideal məhkəmə ədalətliliyi və prinsipiallığı ilə tanınan Haaqada, hətta Avropanın bir cox şəhərlərində, o cümlədən qonşu Belçikanın paytaxtı Brüsseldə (NATO-nun baş qərargahı da orada yerləşir), Ermənistan səfirliyi qarşısında keçirilmiş etiraz mitinqlərinin təşkilində böyük, aparıcı rolu olub.

Düşmən hiyləsi keçmədi…

Bu il  iyulun 12-də erməni təcavüzkarları Tovuz rayonunda məqsədyönlü şəkildə təxribat törədərək, Kollektiv Təhlükəsizlik Şurasının üzvü olan Rusiya, Belarus və bir-neçə Asiya ölkələrini Azərbaycana qarşı başlamaq istədiyi genişmiqyaslı müharibəyə cəlb etmək niyyətləri baş tutmadıqda daşnak tör-töküntüləri xarici ölkələrdəki Azərbaycan səfirlikləri qarşısında mitinqlər keçirmək planı quraraq, ölkəmizi gözdən salmağa cəhd edərkən də Elxan Mirhəşimlinin 100-ə qədər həmvətənlərimizlə birgə fəallıq göstərməsi, ayıq-sayıq, tədbirli olmaları ermənilərin Amsterdamdakı səfirliyimiz qarşısında keçirtmək istədikləri təxribat xarakterli mitinqin qarşısının qətiyyətlə alınmasına səbəb olmuşdu. Onların murdar niyyətləri barədə qabaqcadan xəbər tutatn diaspor rəhbərliyimiz Niderland polisini vaxtında məlumatlandırdığından şəhər polisi Azərbaycan səfirliyi qarşısına süvarilərlə və itlərlə çıxdığından səfirliyimizə 300-400 nəfərlik dəstə ilə hücum çəkmək istəyən ermənilərin qarşısı qətiyyətlə alınmışdı. Vəziyyətin belə olacağını – Azərbaycan tərəfinin bu dəfə ayıq-sayıq, tədbirli olmasını gözləməyən erməni diasporunun başıpozuq üzvləri Belçikadakından fərqli olaraq öz bayraqlarını da ayaqlar altına ataraq, qara-qışqırıqla qaçmağa məcbur olmuşdular. Həmin qeyri-bərabər qarşıdurmada bizim səfirliyimizin və diasporumuzun heç bir ziyan görməməsi düzgün, düşünülmüş şəkildə hazırlanmış planın nəticəsi idi.

Diaspor rəhbərinin nüfuzu, Niderland-Azərbaycan Evinin fəaliyyəti

xalqımıza yeni dostlar qazandırır 

Azərbaycanı niderlandlılara daha yaxndan tanıtmaq, onlarda xalqımız haqqında doğru-düzgün təsəvvür, xoş təəssürat yaratmaq məqsədilə Elxan Mirhəşimlinin Leyevarden əyalətinin kilsə rəhbərliyi ilə işgüzar, səmimi əlaqələr qurduqdan sonra əyalət hökuməti ilə və yerli təşkilatlarla, aparıcı partiyalarla münasibətlər yaratmaq təşəbbüsləri, cəhdləri də təqdirəlayiqdir. Vaxtilə ölkənin iki aparıcı xristian-demokrat partiyasının rəhbərləri ilə yüksək səviyyədə keçən görüşlər həm Elxan Mirhəşimli və diaspor üzvləri, həm də qarşı tərəf üçün maraqlı, yaddaqalan olmuşdur.

Belə görüşlərdən birinin – Leyevarden şəhərindəki Hökumət Evində keçirilən görüşün əsas məqsədi milli diasporun fəaliyyəti haqqında əyalət rəhbərliyinə məlumat vermək, iki xalqın bir-birini yaxından tanımasına zəmin yaratmaq olub.

Xocalı soyqırımı ərəfəsində “Niderland-Azərbaycan Evi”nin rəhbəri Elxan Mirhəşimlinin yaşadığı ölkənin  aparıcı siyasi partiyası olan “PvdA”-dan parlament üzvü seçilmiş xanım Marja Van Der Meer və partiyanın fəal üzvləri Hetty Jansen, Niels De Vries, Grietje Weeringa və s. ilə görüşü çox maraqlı, həm də qarşı tərəf üçün gözlənilməz şəkildə təsirli olmuşdur.

Saytdakı məlumatdan: “Niderland-Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli görüşdə Azərbaycan ərazisinin 20%-nin işğal olunması, 1 milyon soydaşımızın qaçqın və məcburi köçkün düşməsi haqqında məlumat vermiş, həmçinin Xocalıda günahsız dinc əhalinin – uşaq, qadın və qocaların ermənilər və keçmiş sovet ordusunun 366-cı alayı tərəfindən vəhşicəsinə qətlə yetirilməsi barədə danışmışdır. Bu zaman xanım Hetty Jansen “bu ki genosiddir”, – deyə bildirib.  Diaspor rəhbəri “əlbəttə, genosiddir” deyərək, təəssüflə diqqətə çatdırıb ki, dünya Xocalı soyqırımına göz yumduğu, ədalətsizliklə ikili standartlara yol verdiyi üçün erməni neofaşistləri bugünədək cəzasız qalıblar. Artıq ermənilərin törətdikləri separatizm, terror nümunələri bütün regionu bürüyüb. İndi avropalılar da bu separatizmdən əziyyət çəkirlər. Milyonlarla qaçqın Avropaya üz tutub”. 

Görüşdə birgə layihələrin keçirilməsi ilə bağlı müzakirələr də aparılıb. Mehribanlıq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə “PvdA” rəsmiləri gələcəkdə həyata keçiriləcək layihələrə dəstək verəcəklərini də bildiriblər.  Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, “PvdA” partiyası 70 il ərzində Niderlandın aparıcı siyasi partiyalarından birinə çevrilib. Partiyanın nümayəndələri hər seçkidə 30-50 faiz səs toplayaraq, nazirlər kabinetində bir neçə nazirliyə, eləcə də hakimiyyətin 50% kabinetinə rəhbərlik edirlər.

“Üzgünəm, Xocalım!.. Çox üzgünəm…”

İşğal olunmuş Azərbaycan torpaqları, Qaradağlı və Xocalı soyqırımları, “kar-kor” dünya ictimaiyyətinin xalqımızın 30 ildən çox davam edən faciələrinə göz yumması Elxanı bu gün də sarsıdır və o, bunu hegemon dövlətlərə, onların rəhbərlərinə bağışlaya bilmir. Ona görə də Xocalıyla bağlı xalqımızın haqlı tələbləri barədə yalnız o qanlı fevral faciəsinin xatırlandığı günlərdə deyil, Azərbaycanla bağlı hər bir tədbirdə söz açıb,  diqqəti erməni faşizminə, onların hələ də cəzasız qalmış, insanlıqdan kənar cinayətlərinə, vəhşiliklərinə yönəltməyə çalışır. Onun Xocalı faciəsi ilə bağlı feysbuk səhifəsində yazdıqları ürək dağlayır, onları həyəcansız oxumaq olmur:  “26 fevral 1992-ci il. O dəhşətli günü unutmuruq  və unutmayacağıq! Erməni neofaşistləri, daşnak cəlladları Xocalıda, bütün Qarabağda uşaqlarımızı amansız qırğına, soyqırıma məruz qoydular. Əgər 1992-ci ilin fevralında düşmən azğınlığının, vəhşiliyinin qurbanı olmuş o günahsız, körpə balalar sag olmuş olsaydilar, bu gün – 1 iyun Uşaqları Beynəlxalq müdafiə günündə onlar da 28-30 yaşlı ata-ana kimi öz çocuqlarının bayramını qeyd edərdilər. Fəqət… nə onlar özləri bu günə gəlib çata bildilər, nə də çocuqları olmadı onların, çünki qaniçən erməni cəlladlarının ucbatından onlar öz uşaq ömürlərini belə yaşaya bilmədilər.

Üzgünəm… çox üzgünəm… Şəhid çocuqlarımızın ruhları qarşısında başımız aşağıdır, günahkarıq… Biz böyüklər o çocuqları müdafiə edib qoruya bilmədik. Bizləri heç vaxt bağışlamaq olmaz!..”

Və bir müsəlman, namaz əhli kimi üzünü uca Allaha tutaraq deyir: “Mən millətini sevən bir adam kimi qeyrətimizi-namusumuzu itirməmək, ulularımızın ruhu qarşısında əzab çəkməmək, başımızı dik tuta bilmək üçün Sənə yalvarıram, Rəbbim, Sənə sığınıram. Rəbbim! Bizi gözəgörunməz orduna götür, özünün mehmetçikin (əsgərin) et. Daha əsəblərim, ürəyim davam gətirmir, ruhum fəryad edir, bütün vücudum “Qarabağ!” deyərək haray qoparır. Uca Tanrım, Rəbbim, Allahım, Azərbaycan türkünü torpağından, vətənindən ayrı salma, millətimə güc ver, qeyrətimizi oyat, bizə azadlıq ver!”

Leyevarden şəhərindəki türk məscidini də o təmir etdirdi

 Ermənilərin gizli təhriki ilə gənc bir niderlandlının ötən ilin aprelində Elxanın da yaşadığı Leyevarden şəhərində Mərakeşdən olan müsəlman immiqrantların namaza toplaşdığı məscidi yandırması (cinayətkar sonra tapılaraq, həbs edilib), ölkənin Afrikadan, Asiyadan, həm də elə Avropadan olan müsəlmanlar kimi Qubadlının tanınmış seyidlər nəslindən olan Elxan Mirhəşimliyə də çox ağır təsir etmişdi. O, haqlı olaraq hesab edir ki, ermənilərin təxribatları təkcə Türkiyə və Azərbaycana qarşı yox, bütün müsəlman dünyasına qarşıdır. Ona görə də lazımdır ki, müsəlmanlar hər yerdə ermənilərə qarşı vahid cəbhədə birləşsinlər. Lakin, çox təəssüf ki, hələlik bu alınmır. Hətta 30 milyona qədər azərbaycanlının yaşadığı müsəlman ölkəsi – qonşu İran belə bizlərə yox, kafir hesab olunan xristian-qriqoryan ermənilərə daha çox meyllidirlər. Ölkə əhalisinin yarıya qədərini təşkil edən azərbaycanlılar üçün İranda ana dilində məktəb olmadığı halda, sayı bizimkilərdən 200 dəfə az olan (cəmi 150 min) ermənilər üçün onların dilində məktəb də var, kilsələr də, mədəniyyət ocaqları da və s.

Xalqımıza qarşı bu cür ədalətsiz münasibəti qəbul edə bilməyən Elxan Mirhəşimli böyük arxa-dayağımız olan Türkiyəyə böyük məhəbbət bəsləyərək, Niderlandda türk qardaşlarımızla eyni sırada, eyni amalda olaraq, yalnız Azərbaycan türkü kimi deyil, həm də əsl müsəlman kimi o yad ölkədə turk qardaşlarımızın ibadət etdiyi Ulu Caminin (məscidin) təmir-bərpa, boya işlərini hələ Ramazan ayı başlamazdan əvvəl rəhbəri olduğu Niderland-Azərbaycan Evi təmənnasız olaraq öz üzərinə götürmüş və bugünlərdə onu uğurla başa çatdırmışdır. Bu, türk qardaşlarımızı və digər müsəlman dostları çox sevindirmişdir. Müsəlman qardaşlar artıq Allahın o müqəddəs evində ibadətlərinə davam etməkdədirlər.

– Əlbəttə, bir müsəlman və azərbaycanlı olaraq, bu işi görmək bizim mənəvi, həm də qardaşlıq borcumuz idi, – deyir Elxan müəllim. – Çox yaxşı ki, bu işi uğurla başa çatdıra bildik və bu, bizim Ramazan bayramı münasibətilə türk qardaşlarımıza bir dost töhfəsi, bayram hədiyyəsi oldu. Qoy Rəbbim Türk dünyası və Qarabağla bağlı dualarımızı qəbul etsin!.

Elxan müəllim bildirir ki, onların diaspor təşkilatı heç bir yerdən maliyyələşmir, nə iş görürlərsə, ancaq öz güclərinə, öz vəcaitləri hesabına edirlər. Bununla belə onlar öz fəaliyyətlərini daha səmərəli qurmağa, Azərbaycan-Niderland əlaqələrini həm mədəniyyət, həm də turizm sahəsində genişləndirməyə çalışırlar. Xüsusilə turizm sahəsində uğurlar qazanmaq, Azərbaycanı sülhsevər, tolerant, həm də tarixi abidələri, unikal istirahət guşələri ilə zəngin olan gözəl bir ölkə kimi tanıtmaq, turistləri cəlb etmək üçün geniş imkanlar var. Lakin…

Azərbaycanda buna ermənilər yox, özümüzünkülər mane olur

Əsas problem isə Azərbaycanla Niderland arasında birbaşa aviareyslərin  olmamasıdır. Hazırda bu iki ölkə arasında gediş-gəliş yalnız Türkiyə vasitəsilə mümkündür. Bu isə yad ölkədə yaşayan həmvətənlərimiz üçün həm vaxt, həm də maddi baxımdan sərfəli deyil. Belə olan halda hansı mədəni, turizm əlaqələrindən danışmaq olar? Axı, necə ola bilər ki, Niderlandda cəmi 6-7 min adamı olan Ermənistandan Amsterdama (və əksinə) hər həftə birbaşa təyyarə uçuşu həyata keçirilir, ancaq həmvətənlərimizin orda ermənilərdən iki dəfə çox olmasına baxmayaraq, Azərbaycan tərəfindən Niderlanda heç bir aviareys yoxdur? Bu, həm də ona görə təəccüb doğurur ki, 12 il əvvələ qədər Bakıdan Amsterdama və əksinə birbaşa uçuşlar vardı. Onu kim və hansı məqsədlə ləğv edib? – Başa düşülmür…

Ancaq inanmaq istərdik ki, bu vacib məsələ AZAL rəhbərliyi tərəfindən ləngidilmədən həll ediləcək. Bunu yalnız Azərbaycan-Niderland əlaqələri deyi, həm də ölkəmizin və o qərib diyarda yaşayan, xalqımızı orda ləyaqətlə təmsil edən həmvətənlərimizin mənafeyi tələb edir!..

Elxan Mirhəşimlinin Qarabağ “monoloqu”:

 – Məqsədimiz  Azərbaycan övladı olaraq Vətənimizin haqq səsini könüllü şəkildə, öz gücümüz daxilində Niderlanda və qonşu Avropaya ölkələrinə çatdırmaq, əsrin faciəsi olan Xocalıda törətdikləri soyqırıma, bəşəriyyətə qarşı cinayətlərinə görə erməni cəlladlarının beynəlxalq məhkəmə, Haaqa məhkəməsi qarşısında cavab vermələrinə, layiqli cəza almalarına, işğal edilmiş torpaqlarımızın azad olunmasına, doğma elindən-obasından qovulmuş, didərgin salınmış  1 milyondan artıq məcburi köçkünlərimizin ata-baba yurdlarına qayıtmalarına nail olmaq, ölkəmizin xarici siyasətinə dəstək vermək, xalqımızın tarixini və mədəniyyətini təbliğ etmək, hegemon dövlətlərin planlı şəkildə davam etdirdiyi xristian ədalətsizliyinin – “siyasi soyqrımın” qarşısını almaq, hər zaman Azərbaycanın milli maraqlarının qorunmasına xidmət etməkdir.  

Çox təəssüf ki, 30 ildir ki dünyanın aparıcı dövlətləri Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə göz yumur. Əgər bütün dünyada insan haqlarının qorunması barədə səsləndirilən fikirlərdə həqiqətən riyakarlıq yox, obyektivlik, prinsipiallıq, ədalət əsasdırsa,  onda ermənilərin işğalçılıq siyasətinin qurbanına çevrilən biz azəraycanlıların da hüquqları beynəlxalq qurumlar tərəfindən qətiyyətlə qorunmalıdır.  Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı bu gün də sərt və qəti mövqe bildirməyən ABŞ-da bir müddət əvvəl polis tərəfindən bir qaradərili şəxs qətlə yetirilmişdir. Koronavirusla bağlı qadağalara baxmayaraq, bütün Avropa zorakılığa qarşı ayağa qalxdı. Xocalıda bir gecədə 700-dən artıq  azərbaycanlı – qoca, qadın və körpə uşaqlar vəhşicəsinə öldürüldü, ancaq dünya dövlətləri, eyni zamanda ATƏT üzvü olan ABŞ, Rusiya və Fransa siyasi ikiüzlülük, xristian həmrəyliyi göstərərək, Azərbaycana qarşı törədilən erməni vəhşiliklərinə, əsrin Xocalı soyqırımına 30 ildir ki bilərəkdən göz yumurlar. Bu cür ikili siyasət, insan haqlarının vəhşicəsinə pozulması, beynəlxalq qurumların, o cümlədən ATƏTin  fəaliyyətini etibarsız, faydasız  edir. Bir milyondan çox azərbaycanlı qaçqının hüququ pozulub, torpaqlarımızın 20 faizi işğal atındadır, ancaq 25 ildir ki BMT-nin Təhlükəsizlik (?!!) Şurası özünün 4 məlum qətnaməsini yerinə yetirmək üçün heç bir təşəbbüs göstərmir. Bundan istifadə edən erməni qəsbkarları öz mənfur işğalçılıq siyasətlərini davam etdirirlər, dünya birlikləri isə susurlar. Bu, bir daha beynəlxalq qurumların ədalətsizliyini, ikiüzlü siyasət apardığını göstərir.

Biz yalnız o zaman istəyimizə nail olacağıq ki, düşmənlə öz dilində danışacağıq. Əgər işğalçı xoşluqla yola gəlmirsə, onda onunla güc dilində danışmalıyıq: biz öz gücümüzü göstərməsək, bizimlə heç kim hesablaşmayacaq, işğal edilmiş torpaqlarımız geri qaytarılmayacaq. Ordumuz susduqca, Avropa da susacaq, ədalətsizliklərə göz yumacaq. Daha bəsdir, söz Milli Ordumuza verilməlidir.

 Epiloq əvəzi 

 Elxan müəllim Niderlandda “Azərbaycan Evi” yaratmaqla orda yaşayan həmvətənlərimizi azərbaycançılıq, vətənpərvərlik ideyaları ətrafında sıx birləşdrə bilmiş, onlar üçün hər zaman güvənc, etibar yeri, maddi-mənəvi arxa-dayaq olmuşdur. Həmvətənlərimiz, o cümlədən Sumqayıt və sumqayıtlılar da onunla  fəxr edir, qürur duyurlar. Onun Vətəndən uzaqda Azərbaycan naminə bütün səmərəli fəaliyyəti, vətənimizin layiqli bir oğlu kimi Niderland ölkəsində xalqımızı şərəflə təmsil etməsi böyük rəğbət doğurur, yüksək dəyərləndirilir. Təsadüfi deyil ki, o, diaspor rəhbəri kimi Dünya Azərbaycanlılarının Bakıda keçirilən son iki qurultayının nümayəndəsi olmuşdur.

Elxan müəllim bütün varlığı ilə Vətənə bağlıdır. Hər dəfə Bakıya yolu düşəndə hökmən Şəhidlər xiyabanına baş çəkir, xalqımızın azadlığı yolunda şəhid olmuş Azərbaycan oğul və qızlarının məzarları üstünə gül-çiçək düzür, Xocalı abidəsini ziyarət edərək, yüzlərlə günahsız qurbanların xatirəsini ehtiramla yad edir, onların nakam ruhlarına dualar oxuyur.

O, yetirməsi olduğu Sumqayıtda olmağı, onun daha da abadlaşmış, gözəlləşmiş qoynunda, Avropanın ən gözəl, yaraşıqlı parklarından birinə çevrilmiş sahil parkında doğmalarla, dostlarla gəzib-dolanmağı xoşlayır, şəhərin tərəqqisindən məmnunluq və fərəh duyur, böyük zövq alır. Ötən il yayda doğma şəhərə qonaq gələrkən Sumqayıt “Dostlar klubu”nun fəxri üzvü seçilməsi isə onun xaricdəki ictimai-siyasi fəaliyyətinə verilən qiymət kimi xoş təəssüratla yadda qalmışdır.

Bu gün Elxan Mirhəşimli sədaqətli bir oğul kimi Vətəndən uzaqlarda yenə də Vətənimizi layiqincə təmsil və təbliğ etməkdədir. Və biz ölkəmiz üçün çox əhəmiyyətli olan məsuliyyətli və şərəfli diaspor fəaliyyətində ona daha böyük uğurlar diləyir, Niderlandda çox güclü bir Azərbaycan “krallığı” yaratmasını arzu edirik!

Rəhman ORXAN,

Respublikanın Əməkdar jurnalisti. 

 tel.: (050) 250-07-26

e-mail:  rahman_orxan@mail.ru             

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər