Sumqayıtlı futbolçu: " Onlar istəyir ki, bu klub parçalansın" - MÜSAHİBƏ

1492

Futbol üzrə Azərbaycan birinci divizionun 5-ci turunun ardından çempionatın vahid lideri olan “Sumqayıt”ın əvəzedici komandasının bu uğuru diqqət çəkir. Son turda “Qarabağ”ın ikinci komandasından üç xalı üç qolla alan “kimyaçılar” bu uğurun heç də təsadüfü olmadığını göstərmiş oldu. Amma bununla belə, kollektivin adı ətrafında xoşagəlməz söyləntilər də dolaşmaqdadır. Komandanın adı oyun alqı-satqısında hallanmaqdadır. Bunu nəzərə alaraq, “Sumqayıt”ın əvəzedici komandasının kapitanı Məhəmməd Alıyevlə söhbətləşdik. Onunla həm ilk beş turda maksimum nəticə əldə edən “Sumqayıt-2”-nin çıxışı, həm də məlum söz-söhbətlər haqda danışdıq.

– “Sumqayıt”ın əvəzedici komandasının “Qarabağ”ın ikinci komamdasına 3 cavabsız qolla qalib gəlməsi bir qədər gözlənilməz oldu. İlk öncə bu qarşılaşma haqda fikirlərinizi bilmək istərdik.

– Əvvala, bu qələbə münasibəti ilə bütün komanda yoldaşlarımı təbrik edirəm. Rəqib komandaya da gələcək oyunlarda uğurlar arzu edirəm. Onlar da yaxşı mübarizə apardı,  amma  bizim komanda qələbəyə daha layiq idi. Şükürlər olsun ki, istədiyimiz nəticəni əldə edə bildik.

– “Sumqayıt”ın ikinci komandasının birinci divizionun ilk 5 turunda maksimum nəticə göstərməsi o qədər də proqnozlaşdırılan nəticə deyildi. Siz özünüz necə, bunu gözləyirdiniz?

– Ola bilər ki, bu nəticə kiməsə gözlənilməz gəlsin, ancaq bizim üçün təəccüblü olmadı. Özümüzdə bu potensialı görürdük. Bundan sonrakı oyunlarda da qələbə seriyasını davam etdirmək üçün əlimizdən gələni edəcəyik. Bu kollektivlə tarix yazmaq istəyirik.

– Amma bu nəticələr heç də birmənalı qarşılanmadı. Bəzi komandaların sizinlə oyunda bilərəkdən uduzması yönündə söyləntilər var.

– Məncə, “Qarabağ”la oyundakı nəticə bütün bu söz-söhbətlərə son qoydu. Onsuz da əsası olmayan bu şaiyələr biz qələbələri sıraladıqca havada qalacaq. Bizim komandanın daxilindəki yaxşı abu-hava nəticələrin müsbət olmasının başlıca səbəbidir. Bizi istəməyənlər də çoxdur. Onlar istəyir ki, bu klub parçalansın.  Ancaq biz  onların cavabını qazandığımız qələbələrlə verəcəyik.

 

– Bir qədər də özünüz haqda danışaq. Yeni mövsüm ərəfəsində “Sumqayıt”ın əsas komandasına cəlb olunacağınız gözlənilsə də, sonradan əvəzedici komandanın heyətində göründünüz. Gələcəklə bağlı hədəfləriniz nədən ibarətdir?

– Ötən il təlim-məşq toplanışında “Sumqayıt”ın əsas komandasına qoşulmuşdum. Hətta Türkiyədəki hazırlıq prosesinə də qatılmışdım. Amma sonradan səhhətimdəki problem səbəbindən klubdan ayrılmalı oldum. Hədəflərimə gəlincə, bütün futbolçular kimi mən də yüksək səviyyədə çıxış etməyi məqsəd kimi qoymuşam. Premyer Liqada top qovmaq istəyirəm. Yüksək liqada oynamaq, milli komanda səviyyəsinə yüksəlmək üçün əlimdən gələni edəcəm.

– Yeri gəlmişkən, “Sumqayıt”ın əsas komandasının Topaz Premyer Liqasındakı çıxışını necə qiymətləndirirsiniz?

– “Sumqayıt” ötən mövsüm pis çıxış etməmişdi. Hətta mükafatçılar sırasına düşmək imkanı da son turlara qədər qalırdı. Yəqin ki, bu il də eyni hədəf uğrunda mübarizə aparacaqlar. Heyətdə xeyli dəyişiklik var. Baş məşqçi də yenidir. Amma Nazim Süleymanov öz işini bilən mütəxəssislərdəndir. İnanıram ki, şəhərimizin komandası yeni məşqçinin rəhbərliyi altında ümidləri doğruldacaq.

Tural Məmmədov, xüsusi olaraq sumqayitxeber.com üçün

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər