Sumqayıtlı gənc müəllim: Ailəmdən uzaqda olsam da, həvəslə çalışıram

1676

Sumqayıtlı gənc müəllim Səbinə Qurbanlı yeni tədris ilindən başlayaraq doğma şəhərindən təxminən 200 kilometr uzaqda pedaqoji fəaliyyətə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Dillər Universitetinin (ADU) məzunu olan Səbinə Qurbanlı Qubanın Yusif Əliyev adına Kürkün kənd ümumi orta məktəbində ingilis dili fənnini tədris edir. Bu kənddə dövlət tərəfindən quraşdırılan modul tipli məktəbdə şagirdlərin tədrisi üçün lazımi şərait yaradılıb.
Universiteti 2016-cı ildə bitirən sumqayıtlı gənc müəllimlik fəaliyyətindən əvvəl iki il özəl kurslarda çalışıb. Bu il isə müəllimlərin işə qəbul müsabiqəsində iştirak edərək, Qubada işlə təmin olunub.
“Tələbə yoldaşlarımın əksəriyyəti regionlarda pedaqoji fəaliyyətə başlayıb. Onların ucqar kəndlərdə çalışması mənə stimul verdi. Mən də bu il işə qəbul müsabiqəsinə qatıldım. Elə ilk yazdığım məktəb Qubanın Kürkün kəndi idi. Mən aktiv həyatı xoşlayıram. Ailəmdən uzaqda olsam da, həvəslə çalışıram”, – deyə S.Qurbanlı bildirib.
Səbinə Qurbanlı bildirib ki, ucqar kənddə yaşayan şagirdlərə dərs deməkdən, onların cəmiyyətimizə faydalı şəxsiyyət kimi yetişməsində pay sahibi olmaqdan qürur hissi keçirir. Dərs deyəcəyi məktəbin daimi yaşayış yerindən uzaq olması onu narahat etmir: “Burada işləmək çox maraqlıdır. Düzdür, çətinliklər də var. Şəhərdə yaşamağa vərdiş etmiş biri üçün ucqar dağ kəndinə uyğunlaşmaq asan deyil. Buranın sakinləri çox qonaqpərvər və mehribandırlar. Biz tez-tez qonaq gedirik və ya bizim buradakı tanışlarımız qonağımız olur. Bir sözlə, darıxmıram”.
Quba rayonunun ümumtəhsil ocaqlarında daha çox kimya, fizika, biologiya və riyaziyyat fənləri üzrə ixtisaslı kadrlara ehtiyac var. Yeni dərs ili üçün müəllimlərin işə qəbul müsabiqəsində rayondan 200-dən çox vakant iş yeri göstərilmişdi. Müsabiqənin ilkin mərhələsində rayon üzrə pedaqoqlara olan tələbatın 80 faizi ödənib.
Qeyd edək ki, rayon mərkəzindən 25 kilometr və daha artıq məsafədə yerləşən kəndlərdə təhsil verəcək pedaqoqlar üçün bir sıra güzəştlər nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər