Sumqayıtlı Prezident təqaüdçüsü: “Uğurun formulu çox sadədir” – MÜSAHİBƏ

399

Bu il Azərbaycan Respublikasının ali məktəbələrinə qəbul olunmuş tələbələrdən 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alacaq. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyacaq tələbələrdən isə 15-i Prezident təqaüdçüsüdür. ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb.

Bu tələbələr 210 manat Prezident təqaüdü alacaqlar.

Modern.az saytı “Prezident təqaüdçüləri” rubrikasına davam edir. Bu rubrikada 2021-2022-ci dərs ilində Prezident təqaüdünə layiq görülmüş I kurs tələbələrini sizə tanıdırıq.

Rəşidova Turanə Oruc qızı Sumqayıt şəhər 8 saylı tam orta məktəbi bitirib. Qəbul imtahanları zamanı 691,4 bal toplyaraq, Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi  ixtisasına qəbul olunub.
O, əldə etdiyi təhsil nailiyyəti barədə Modern.az-la həmsöhbət olub:

– Turanə, qəbul imtahanlarında belə yüksək nəticə əldə edəcəyini gözləyirdin?

– Şagird olduğum vaxtdan ən böyük arzum Vətənimə layiqli övlad olmaq, ona canla-başla xidmət etmək idi. Bu arzumu yerinə yetirə bilməyim üçün mənə görə yaxşı təhsil almaq vacib şərtdir. Odur ki, dərslərimi həmişə yaxşı oxumağa çalışırdım. Yüksək nəticə göstərəcəyimə inanırdım, çünki inam uğur qazanmağın yarısıdır.

– İmtahanlara necə hazırlaşırdın, məşğələlərə, hazırlığa getmisən?
– Qəbul imtahanlarına 2 il ərzində intensiv olaraq Sumqayıtda bir kursda hazırlaşmışam. İstər ənənəvi, istərsə də distant təhsil dönəmində kursdakı müəllimlərimin üzərimdə çox böyük əməyi olub. Onların sayəsində mən zəif olduğum hissələr üzərində işləyib özümü təkmilləşdirməyi bacardım və bunun üçün də müəllimlərim sonsuz minnətdaram.
– İmtahanda ən yüksək nəticəni hansı fəndən göstərmişdin?

– Riyaziyyat, Azərbaycan dili və kimya fənləri üzrə 100% nəticə göstərmişdim. Amma mənim üçün onların içərisində ən vacib olan riyaziyyat fənni üzrə olan nəticəm idi: həm buraxılış, həm də blok imtahanında 100% nəticə.

– Gələcəkdə xaricdə də təhsil almağı planlaşdırırsan?
-Xeyr, xaricə getməyi düşünmürəm. Ölkəmizdə yaxşı təhsil verən prestijli ali məktəblər var və magistr təhsilimi də burada davam etdirə bilərəm.

– Valideynlər hər zaman maddi və mənəvi olaraq övladlarının yanında olmağa çalışırlar. Ailən sənə necə dəstək olurdu?

– Valideynlərim hazırlıq dönəmimdə ən böyük motivasiya mənbəyim idilər, çünki Vətənimə layiqli övlad olmaq arzusu da məhz onlardan irəli gəlib. Anam müəllimdir, atam isə I Qarabağ müharibəsi iştirakçısı. Onlardan Vətənə şərəflə xidmət etməyi və yeri gələndə Vətən üçün savaşmağı öyrənmişəm. Valideynlərim mənə hər şeydən öncə nümunəvi insan olmağı təlqin ediblər. Yüksək nəticə göstərəcəyimə də həmişə inanıblar, məndə ruh yüksəkliyinə səbəb olublar.

– Prezident təqaüdünə layiq görüldüyündən necə xəbər tutdun? Hansı hissləri keçirdin?

– Topladığım bala əsasən Prezident təqaüdünə layiq görüləcəyimi təxmin edirdim, ancaq rəsmi siyahıda adımı görmək tamamilə başqa bir hiss idi. Prezident sərəncamı haqqında qrup yoldaşlarım xəbər vermişdilər, oradan öyrənmişdim. Hisslərimi isə sadəcə bu şəkildə ifadə edə bilərəm: qürurverici idi. Zəhmətimin qarşılığını ala bildiyim üçün çox sevindim.

– Ailədə səndən başqa da ali təhsil alan var?

– Ailədə iki övladıq, özümdən 3 yaş kiçik bacım var, 9-cu sinifdə oxuyur.

– Tələbə yoldaşlarınla münasibətin necədir? Dərsdən əlavə bir yerdə vaxt keçirirsiz?

– Bakı Ali Neft Məktəbini mənə ən çox sevdirən amillərdən biri də tələbə yoldaşlarım və dostlarımdır. Olduqca səmimi bir mühit var, özümüzü çox rahat şəkildə ifadə edə bilirik. Dərslərimizdə bir-birimizə kömək etməyə çalışırıq, kollektiv şəkildə işləməyə çalışırıq. Təkcə öz qrup yoldaşlarımla deyil, digər tələbələrlə də çox yaxşı münasibətim var.

– Qəbul imtahana hazırlaşan abituriyentlərə nə demək istərdin?

– Nə olursa olsun, heç vaxt öz xəyallarından, arzularından əl çəkməsinlər, çox çalışsınlar. Necə deyərlər, “istəmədiyin bir şeyi əldə etdinsə, əldə etdiyini istə”. Yol uzundur, çətindir, maneələrlə doludur, amma zəhmət çəkməyə dəyər bir yoldur. Uğurun formulu çox sadədir: zəhmət, inam və səbr.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər