Sumqayıtlı şairdən tükürpədici bəyanatlar

996

O, oğluna şəhid statusu verilməməsindən, yaşayış şəraitindən və məmurların özbaşınalıqlarından şikayətlənir

Qazaxın aşağı Əskipara kəndində dünyaya gəlmiş şair Şaiq Vəlini sonralar tale Sumqayıta gətirib çıxarıb. Kənd Təsərrüfatı Texnikumunu bitirən şair Şaiq Vəli sonralar Yazıçılar Birliyinin göndərişi ilə Moskvadan Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsil alıb.

Uzun müddət Sumqayıtın ayrı-ayrı müəssisələrində çalışan Şaiq Vəli düz 27 ildir ki, Sumqayıtda yaşayır.

70-ci illərdən Azərbaycan mətbuatında çıxış edən Şaiq Vəli Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. Bir müddət “Azərbaycan” qəzetində şöbə müdiri işləyən Ş.Vəli həm də Qarabağ müharibəsi iştirakçısıdır. Şair bununla bağlı deyir: “Müharibə yenicə başlayanda mən “Azərbaycan” qəzetində şöbə müdiri idim. O zaman yerli camaat kənddən çıxmasın deyə yay tətilində ailəmi də götürüb kəndə gedirdim ki, bir növ bu, nümunə olsun. Həmin vaxt doludağıdanlar var idi, onları kəndə öz pulumla alıb mən gətirmişdim. Raket atmağı öyrənmişdim və ermənilərin atəşinə atəşlə cavab verirdik”.

Şaiq müəllim, səhv etmirəmsə, oğlunuz müharibədə həlak olub, ancaq ona şəhid statusu verilməyib. Bu, nə ilə bağlıdır?

– Həmin vaxtlar çoxları övladlarını müharibədən yayındırırdılar. Mən isə özümlə bərabər oğlumu da müharibəyə cəlb etmişdim.

1994-cü ilin iyun ayında oğlum Qaraçuxurda aldığı güllə yarasından həlak oldu. Ancaq ona şəhid statusu verilmədi. Bu onunla əlaqələndirildi ki, o, atəşkəs dövründə həlak olub. Onun ölümü “həlak olma” kimi yox, “vəfat etmə” kimi göstərildi. Onun necə həlak olması barədə məndə dəqiq məlumat yoxdur, ancaq bu, dəqiqdir ki, o hərbiçi kimi həlak olub. Mənim oğlum vəfat etməyib, o, həlak olub. Mən buna görə Azərbaycan hökumətini məhkəməyə verəcəm – mənim oğlumun  statusu düzgün göstərilməlidir.

– Həyat şəraitinizlə bağlı narazılıqlarınız da var deyəsən…

– Mən 20 ildən çoxdur ki, Azərbaycan Yazıçılar Birliyində ev nömrəsindəyəm. Bu günə qədər mənə heç bir yardım edilməyib. Mərhum prezidentimiz Heydər Əliyev yazıçılara torpaq ayırmışdı. Ancaq AYB-nin sədri Anar müəllim tikinti üçün hansısa şirkətlə müqavilə bağlayıb. Ancaq hələ də heç bir nəticə yoxdur. Mənim 60 yaşım var, bundan sonra daha nə qədər gözləməliyəm? Anar müəllim kimə istəyir ona ev verir. Bu da yəqin onunla əlaqədardır ki, Anar öz kreslosundan əl çəkmək istəmir. 5 ildən bir qurultay çağrılmalıdır, ancaq o bunu etmir. Artıq sonuncu qurultaydan 7 il vaxt keçib.

3-4 il olar ki, işləmirəm, iş yeri tapa bilmirəm. Hər yerə müraciət etmişəm, ancaq heç bir nəticəsi yoxdur.

– Bəs ailənizi necə dolandırırsınız?

– Ancaq dostlar yardımçım olur. Bir də yeganə gəlir yerim anamın təqaüdüdür. Çox acınacaqlı şəraitdə yaşayırıq. Yaşadığımız evin vəziyyəti olduqca bərbaddır. Bu yaşayış vəziyyəti ancaq Afrikada ola bilər.

Sumqayıtın mən yaşadığım “Stansiya Sumqayıt” deyilən ərazisi sanki unudulmuş bir ərazidir. Bizim ən ciddi problemlərimizdən biri işıq problemidir. İşıq idarəsində əməlli-başlı özbaşınalıqdır. İşıq olmaya-olmaya bizdən aylıq pul alınır. Etiraz etdikdə isə deyirlər ki, gedin kimə istəyirsiniz, şikayət edin. Görəsən, nəyə görə həmin ərazi sayğaclaşdırılmır?! Hüquqlarımızın tapdalanması ilə bağlı Sumqayıt şəhər prokurorluğuna müraciət etmişik. Ancaq bir dəfə maraqlanmayıblar ki, bizim problemimiz nədir, kimdən, niyə şikayət edirik? Bəlkə şər atırıq. İşıq idarəsinin əməkdaşları deyir ki, “istəyirsiniz prezidentə şikayət edin”. Çox acınacaqlı haldır ki, yerlərdəki məmurlarımız dövlətimizin başçısının fəaliyyətinə, onun gördüyü işlərə kölgə salırlar. Hər bu cür kiçik problemlə prezident məşğul olmalı deyil ki! Bəs onda ölkəmiqyaslı, məsələn Dağlıq Qarabağ məsələsi ilə kim məşğul olmalıdır?

İşıq problemlərimizlə bağlı Yeni Azərbaycan Partiyasının Sumqayıt Şəhər Təşkilatının sədri Asif İmaməliyevə də müraciət etmişdik. Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Ancaq deməliyəm ki, A.İmaməliyev də yalançı vədlər verərək bizi aldatdı. Bunlar xalq və dövlət üçün deyil, yalnız özləri üçün çalışırlar. Şaiq Vəli xalqın düşüncəsində azadlıq toxumunu səpənlərdən olub, onda bu adamlar hardaydılar.

Problemlərimizlə bağlı prezident İlham Əliyevə və onun xanımı Mehriban xanım Əliyevaya müraciət etmişik. Ancaq görünür, bu müraciətlər də gedib ünvanına çatmayır, kimlərsə buna mane olur.

– Siz ünvanlı sosial yardım alırsınız?

– Yanız bu ilin may ayından məni qeydiyyata alıblar. Ailədə 5 nəfərik. Yoldaşımı Rusiya vətəndaşı olmasını əsas gətirərək qeydiyyata almadılar. O, axı 3 azərbaycanlı övladının anasıdır və bizimlə birgə yaşayır. BMT-nin Azərbaycandakı ofisində bir tanışım var, yalnız onun müdaxiləsindən sonra məni qeydiyyata götürdülər. Ancaq bu qurumda da özbaşınalıq hökm sürür. Ayırdıqları yardımın 5-6 ayını özləri götürürlər. Maraqlansanız görərsiniz ki, bu, təkcə Sumqayıta aid problem deyil – bütün regionlarda sosial müdafiə fondu ünvanlı sosial yardımı bu prinsiplə verir. Ayrılan məbləğ də axı elə də böyük deyil – cəmi 120 manat.

Mən bu yaxınlarda xəstəxanaya düşdüm. Onda gördüm ki, xəstəxanalarımızda da vəziyyət acınacaqlıdır. Tibb işçiləri xəstəyə qəssab mala baxan kimi baxırlar. Qəssab fikirləşir ki, bu heyvandan nə qədər ət çıxara bilər, həkim də fikirləşir ki, nə qədər pul çıxarmaq olar?

“168saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər