Sumqayıtlı vəkil müdafiə etdiyi şəxsləri məhkəməyə verir

2491

Məlum olduğu kimi Avropa İnsan Hüquqları Məhkəməsi 11 dekabr 2012-ci il tarixdə 2003-cü il oktyabr hadisələri ilə əlaqədar məhkum olunmuş 11 nəfər barəsində qərar qəbul etmişdi. Bu qərarla həmin şəxslər barəsində aparılmış məhkəmə prosesi zamanı bir sıra qanun pozuntularına yol verildiyi müəyyən olundu. Qərardan 3 ay müddətində nə hökumət, nə də ərizəçilər şikayət vermədiyindən qüvvəyə mindi. Mövcud qaydalara görə hökumət qərar qüvvəyə minəndən sonra 3 ay müddətinə, yəni iyunun 11-ə qədər onu icra etməlidir. Qərarın icra vəziyyətini öyrənmək üçün bu şəxslərdən 9-nun Avropa Məhkəməsində nümayəndəsi olmuş vəkil Əsabəli Mustafayevə müraciət etdik. 

– Əsabəli müəllim, qərarın icra vəziyyəti necədir?
– Qərarın təzminat hissəsi hökumət tərəfindən artıq icra olunub. Vəkili olduğum şəxslərdən 8-nə 10 000 avro, 1-nə isə 12 000 avro ödənilib. Gənc yaşlarında vəfat etmiş keçmiş siyasi məhbus H.Məmmədova ödəniləcək təzminatı onun hüquqi varisi aldı. Bu 9 nəfərdən başqa qərarda adı çəkilən şəxslərdən biri Hacı İlqardır. Qərara əsasən ona da 10 000 avro mənəvi ziyana və 2400 avro vəkilə ödədiyi qonorara görə təzminat ödənilməlidir. O, məhkəməyə ziyanın əvəzinin ödənilməsi ilə bağlı müraciət etmədiyindən, ona təzminat ayrılmayıb. Bu şəxslərin hüquqlarının müdafiəsinə başlayanda mən onların çoxu ilə şəxsən tanış deyildim. Buna baxmayaraq, mən öz şəxsi vəsaitim hesabına onların hamısının ərizələrini hazırlayaraq Avropa Məhkəməsinə göndərdim. Bu sahədə çalışan mütəxəssislər çox yaxşı bilirlər ki, belə ərizələrin, xüsusilə də cinayət işi üzrə ərizələrin hazırlanması və göndərilməsi həddindən artıq maliyyə xərcləri və gərgin əmək tələb edir. Ən ağır mərhələ isə Məhkəmə ilə kommunikasiya dövrü olub. Kommunikasiya zamanı hökumət bizim şikayətə cavab hazırlayaraq Avropa Məhkəməsinə göndərir. Bu cavab sonra Məhkəmə tərəfindən vəkilə göndərilir. Vəkil həmin cavaba şərh hazırlayaraq Məhkəmə vasitəsilə hökumətə göndərir. Hökumət yenidən həmin şərhə cavab hazırlayaraq Məhkəmə vasitəsilə vəkilə təqdim edir. Vəkil yenidən şərh hazırlayaraq… və belə yazışmalar dəfələrlə təkrarlanır. Şərh hazırlamaq üçün vəkilə çox az vaxt verilir və bu müddətin ötürülməsi işin uduzulması ilə nəticələnə bilər. Bu işlər müxtəlif vaxtlarda göndərilsə də, kommunikasiyası eyni vaxtda başlandığından, mən hətta gecələr də işləməli olurdum. Kommunikasiyanın ən ağır cəhəti isə odur ki, yazışmalar həm hökumət, həm Məhkəmə, həm də vəkil tərəfindən ingilis dilində aparılır. Və bir iş yekunlaşana qədər yazışmalar yüzlərlə vərəqdən ibarət olur. İndi təsəvvür etmək olar ki, bir ərizə üzrə tərcümə, poçt, surətçıxarma və sairə belə işlər üçün hansı həcmdə maliyyə vəsaiti lazım olur. Mənim müdafiə etdiyim şəxslərin heç birində maliyyə vəsaiti olmadığından (hər halda onlar belə deyirdilər) mən öz maddi imkanlarımdan istifadə etməli oldum. Çünki güman edirdim ki, işi Avropa Məhkəməsində udacağam, şəxsin hüquqlarını bərpa edəcəyəm. Həm də bununla yanaşı çəkdiyim əməyin və zəhmətin əvəzi qismən də olsa ödənəcək. Bu sahədə çalışan vəkillərin bir çoxu həmin metodla fəaliyyət göstərirlər. Mənim indiyə qədər Avropa Məhkəməsində 20-yə qədər işim uğur qazanıb və çəkilmiş xərclərin ödənilməsi ilə bağlı hüquqi yardım göstərdiyim şəxslər tərəfindən heç bir problem yaradılmayıb. Düzdür, bu qərarların böyük əksəriyyəti mülkiyyətin müdafiəsilə bağlı olub. Siyasi və ictimai fəallar ilə bağlı bu birinci qərardır. Hərçənd ki, onların əksəriyyəti çoxdandır siyasi fəaliyyətdən uzaqlaşıblar və ya öz partiya mənsubiyyətini dəyişsələr də, mən onlara ideyalı, mətin və etibarlı insanlar kimi yanaşırdım. Ancaq çox təəssüf ki, bir qədər sonra ciddi səhv etdiyimi anladım. Təsəvvür edin ki, bu şəxslərin Avropa Məhkəməsində gedən proseslərdə iştirakı bir dəfə banka gedib hesab açmaqdan və bir qədər sonra yenidən banka gedib pulu almaqdan ibarət olub. Pulları alandan sonra bir qismi ümumiyyətlə yoxa çıxdılar, bir qismi isə hüquqi xidmətin əvəzini ödəməkdən faktiki olaraq imtina etdilər. Mən də həmin şəxslərə qarşı məhkəmə iddiası qaldıraraq haqqımın ödənilməsini tələb etmək niyyətindəyəm.

– Ola bilməzdi ki, belə mübahisələrin yaranmaması üçün vəkil haqqının ödənilməsi barədə qərarda ayrıca bənd olardı?
– Mövcud qaydaya görə vəkilin haqqı ərizəçi tərəfindən və qabaqcadan ödənilməlidir. Bu ödəniş haqqında qəbzi ərizəçi Məhkəməyə təqdim edirsə, qərarda həmin məbləğin ərizəçiyə qaytarılması barədə bənd olur. Məsələn, bu qərarda adı çəkilən Hacı İlqar Məhkəməyə belə qəbz təqdim etməklə vəkilə ödədiyi 2400 avronu geri alıb. Mənim müdafiə etdiyim şəxslər onlara göstərilən hüquqi xidmətin hər biri 5000 və 7500 avro həcmində qiymətləndirdilər. Bu barədə sənədləri şəxsən imzalayaraq Məhkəməyə təqdim ediblər. Lakin mənə qabaqcadan pul ödəmədikləri üçün, Məhkəmə hüquqi xidmətə görə təzminat ayırmaqdan imtina edib və bu hal qərarda öz əksini tapıb. Məhkəməyə təqdim olunmuş həmin sənədlər indi mənim tələblərimin təsdiqi üçün istifadə olunacaq. Onu da qeyd edim ki, bu günə qədər mənim ərizəçilərdən gözləntim həmin sənədlərdə göstərilənlərdən dəfələrlə, hətta Hacı İlqarın ödədiyindən də az idi. Lakin bunun əvəzinə onların bəziləri elə məbləğ səsləndirdilər ki, bunu yalnız vəkilə təhqir kimi qiymətləndirmək olar.

– Keçmişdə belə əziyyətlə müdafiə etdiyiniz şəxslərə qarşı məhkəmə iddiası qaldırmaq Sizdə psixoloji diskomfort yaratmırmı? Bu insanları məhkəməyə vermək Sizin prinsiplərə zidd deyilmi? Axı hamı öyrəşib ki, Siz məhz təqiblərə məruz qalan fəalları müdafiə edirsiniz.
– Müdafiə etdiyim şəxslər tərəfindən bu münasibət məndə şok effekti yaratdı. Mən öz haqqıma nail olmaq əzmindəyəm, əks halda digər şəxslərin hüquqlarını müdafiə etməyə mənəvi haqqım olmaz. İkincisi, bu şəxslərin bəziləri hələ də siyasi və ictimai fəaliyyətdədirlər. Hətta keçmişdə deputat olmaq istəyiblər. Yəqin ki, yenə bu arzudadırlar. Hətta onların bəziləri yeni yaranmış Milli Şurada təmsil olunurlar. Mən istəyirəm ki, bu şəxslərin ətrafı, olanlarla təmasda onların hər biri, bütövlükdə ictimaiyyət bu insanların nankorluğu, etibarsızlığı, maddi nemətlərə hərisliyi və digər belə xüsusiyyətləri barədə ətraflı məlumatlansınlar. Eyni zamanda qeyd etməliyəm ki, alacağım qonorarın böyük hissəsi icraatımda olan bir sıra işlərin davam etməsinə, yeni işlərin başlanmasına yönələcək. Bu şəxslərin hesabına bir çox işlərin gedişatını dayandırmaq, bəzi işlərin başlanmasından imtina etməli olacağam. Bununla da onlar bir qisim insanların müdafiəsiz qalmasına səbəbkar olacaqlar. Yada salım ki, 2003-cü il hadisələri ilə bağlı 150-dən artıq şəxs məhkum olunub və yalnız 15 nəfərin işi Avropa Məhkəməsinə göndərilmişdir. Həmin şikayətlərdən 9-u mən göndərmişdim. Şikayətlərin sayının azlığı ancaq maliyyə imkanların azlığı ilə bağlı olub. Bu situasiyanı onlara anlatmağa çalışanda başa düşdüm ki, belə məsələlər həmin insanları əsla narahat etmir, onlar öz şəxsi maraqlarının əsiridirlər. Güman edirəm ki, ictimaiyyət də onların bu hərəkətlərinə düzgün qiymət verəcək. Onu da deyim ki, Avropa Məhkəməsinin qərarının icrası ancaq pul kompensasiyasının ödənilməsi ilə məhdudlaşmır. Milli məhkəmə instansiyalarında yeni araşdırmalar aparılmasına nail olmaq lazımdır. Lakin belə başa düşdüm ki, bu insanları yalnız pul maraqlandırır, ədalətin bərpası yox.

– Sonda öyrənmək istərdik ki, Siz konkret olaraq kimləri məhkəməyə verəcəksiniz?
– Məhkəmə araşdırması başlanmayana qədər mən konkret adlar çəkmək istəmirəm. Ümid edirəm ki, məhkəmələrin gedişatı mətbuatda geniş işıqlandırılacaq, çünki belə proseslər indiyə qədər olmayıb. Həm də belə şəxsləri ictimaiyyətə tanıtdırmağa ehtiyac var.

Sonda Avropa Məhkəməsinin qərarında adı çəkilən həmin 9 nəfərin adlarını göstərmək istəyirik: Ramiz Quliyev (Mirzəoğlu), keçmiş müsavatçı, hazırda Açıq Cəmiyyət Partiyasının üzvü, Milli Şuranın üzvü; Elşad Məmmədov, keçmiş müsavatçı, hazırda Açıq Cəmiyyət Partiyasının üzvü; Yaşar Cəfərli, QHT rəhbəri, Milli Şuranın üzvü; Saleh Əliyev, bitərəf; Bəhruz Əsədbəyli, müsavatçı; keçmiş müsavatçılar: Sadiq Daşdəmirli, Şirəli Haşımov, Emin Hüseynli. Bu şəxslərdən hansına qarşı iddia qaldırılacağı yaxın günlərdə məlum olacaqdır.


“Bizim yol” qəzeti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər