Tahir Mirkişili: İqtisadiyyatda daha dinamik inkişaf üçün geniş imkanlar yaranıb

292

2018-ci ildə Azərbaycanda iqtisadi sahədə artım müşahidə olunub. İqtisadiyyatda ümumi daxili məhsul 1 faizə yaxın artıb, qeyri-neft sektoru 1,3 faiz, qeyri-neft sənayesi 9 faiz, əhalinin gəlirləri 9 faizdən çox artıb. Bütövlükdə bu artımlar ölkəmizdə xarici ticarət əlaqələrində də öz əksini tapıb. Azərbaycanda ötən dövr ərzində ixrac təxminən 40 faizə qədər, qeyri-neft ixracı 10 faizdən çox artıb, bütövlükdə xarici ticarətin həcmi yüksəlib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, iqtisadçı ekspert Tahir Mirkişili deyib. “2018-ci ilin ən böyük siyasi və iqtisadi hadisəsi aprel ayında İlham Əliyevin ölkə əhalisinin böyük əksəriyyətinin etimadı ilə Azərbaycana yenidən Prezident seçilməsidir. Çünki Azərbaycanda həyata keçirilən iqtisadi, siyasi islahatların müəllifi və təminatçısı odur. Məhz İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində 2018-ci ildə iqtisadi inkişaf təmin olunmuş, onun sürəti getdikcə artmışdır”, – deyə o, əlavə edib.

Ötən ilin iqtisadi göstəricilərini təhlil edən iqtisadçı ekspert bildirib ki, 2018-ci ilin əvvəlinə nisbətən ilin sonunda strateji valyuta ehtiyatlarının 3,5 milyard dollara qədər artaraq 45 milyard dolları keçib. Ötən il ərzində Azərbaycan iqtisadiyyatında makrosabitlik hökm sürüb. İnflyasiya cəmi 2 faizdən bir az çox olub ki, o da əslində, ölkə iqtisadiyyatında dayanıqlı iqtisadi inkişafın təmin olunması mərhələsinə qədəm qoyulması anlamına gəlir. Ötən dövr ərzində ölkədə yeni iş yerləri açılıb, yeni-yeni müəssisələr fəaliyyətə başlayıb. Azərbaycan həm daxildə, həm də beynəlxalq layihələrdə qarşıya qoyduğu hədəflərə nail olub.

Tahir Mirkişili qeyd edib ki, 2018-ci ilin iqtisadi hədəfləri 2017-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdu. Əsas hədəflər makroiqtisadi sabitliyə nail olmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, yeni iş yerlərinin açılması ilə əhalinin maddi-rifah halını daha da gücləndirmək olmuşdur.

Avropa İttifaqına qaz ixracı marşrutunda “Cənub Qaz Dəhlizi” layihəsinin mühüm bir hissəsi olan TANAP açılışının önəmli bir hadisə olduğunu vurğulayan deputat qeyd edib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması ilə bağlı konvensiya və onun Azərbaycanın maraqlarına uyğun və təklif etdiyi formada imzalanması 2018-ci ilin ən böyük hadisələrindən biridir.

Türkiyədə SOCAR tərəfindən “Star” neft emalı zavodunun açılması ilə Azərbaycanın neft sektorunda yeni mərhələnin başladığını vurğulayan ekspert qeyd edib ki, bu mərhələnin əsas göstəricisi neft məhsullarını emal edərək onları daha yüksək dəyərli məhsula çevirib ölkəmizin həm büdcəsinə, həm də bütövlükdə Azərbaycana valyuta daxilolmalarının həcmini artırmaqdır. Bu yeni mərhələnin ölkəmizdə həm də neft sektorunun daha da inkişaf etdirilməsinə gətirib çıxaracağını vurğulayıb.

T.Mirkişili ötən dövr ərzində beynəlxalq nəqliyyat daşımalarında ölkəmizin payının getdikcə yüksəldiyini, həm Şimal-Cənub, həm də Şərq-Qərb istiqamətlərində yükdaşımalarının həcminin çoxaldığını, Azərbaycana valyuta daxilolmalarının bu istiqamətdə artdığını bildirib.

O 2018-ci ildə turizm sektorunun inkişafını da xüsusi qeyd edib. Azərbaycana gələn turistlərin sayının 6 faizdən çox artdığını və bütövlükdə ölkəmizin turizm sektoruna valyuta daxilolmalarının həcminin çoxaldığını vurğulayıb.

Qeyd edib ki, tədiyə balansında Azərbaycanda xidmət ixracı bütövlükdə ixracın təxminən 27 faizinə yaxınlaşıb ki, bu da ölkəmizin iqtisadi dayanıqlılığı üçün mühüm göstəricilərdən biridir.

Milli Məclisin deputatı ötən il iqtisadi islahatların həyata keçirilməsi və müsbət nəticələrin 2019-cu ildə Azərbaycan iqtisadiyyatında daha dinamik artım üçün geniş imkanlar yaratdığını vurğulayıb: “2019-cu ildə ümumi daxili məhsulun 3,6 faiz, qeyri-neft sektorunun 3,9 faiz artması planlaşdırılır. 2019-cu ilin büdcəsi 2018-ci ilə nisbətən daha çoxdur. Bu həm gəlirlərdə, həm xərclərdə özünü göstərir. Bu il orta əməkhaqqı və pensiya təminatının, bütövlükdə ölkəmizin həm valyuta gəlirlərinin, həm daxili istehsalın, icraçın həcminin artması planlaşdırılır. Bütün bunlar Azərbaycan iqtisadiyyatına 2019-cu ildə daha dinamik artım vəd edir. Bununla yanaşı, bir çox layihələrin həyata keçirilməsi, həm qeyri-neft, həm neft sektorunda yeni-yeni müəssisələrin yaradılması ölkədə ümumi istehsal həcminin artmasına gətirib çıxaracaq ki, bu da 2019-cu ildə hər bir Azərbaycan vətəndaşının maddi-rifah halında hiss olunacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər