Tahir Mirkişili: “Məhdudiyyətlərin tətbiqi iqtisadiyyata kifayət qədər zərər vurur”

890
Koronavirusla mübarizədə ən effektiv üsullardan biri vaksinasiyadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hədəfi cari il sentyabrın sonuna qədər planetin əhalisinin azı 10%-nin, ilin sonuna qədər dünya əhalisinin 40%-nin və gələn ilin ortalarına qədər 70%-nin peyvəndlənməsinə nail olmaqdır. Dünya ölkələri vaksinasiyanı sürətləndirmək, eləcə də məhdudiyyətlər tətbiq etmədən yoluxanların sayının azaldılması üçün bir sıra məkanlara girişdə COVID pasportu tələbi qoyur.
Bəzi ölkələr bu tələbi hava limanlarında da tətbiq edir. Lakin son günlər COVID pasport tələbinə qarşı bir sıra ölkələrdə – Fransa, İtaliya, Kanadada etiraz aksiyaları keçirilir. Hətta Böyük Britaniyada məkanlara giriş üçün pasport tələbi artıq ləğv edilib.

Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sentyabrın 1-dən etibarən ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər. Eləcə də peyvənd olunmayan müəllimlər məktəbə, tələbələr isə ali məktəbə buraxılmayacaq.
COVID pasportunun tələb olunmasına qarşı cəmiyyətdə də fikir ayrılığı yaranıb.
Milli Məclisin deputatı Nigar Arpadarayi Azərbaycanda bir çox yerlərdə COVID pasportunun tələbinin insanları yoluxmadan qorumadığını deyib. O bildirib ki, Azərbaycanda peyvənd olunanların və virusa yoluxanların (antikor olanların) sayı çoxdur:

“COVID pasportunun yoxlanması ticarət mərkəzlərində və restoranlarda insanları infeksiyadan qorumağın yoludurmu?! “Vaksin olunanlar xəstəliyi daha asan keçirir” arqumenti var, amma COVID pasportu olanlar belə digərlərini yoluxdura bilər, ona görə bu məhdudiyyətin “kollektiv fayda” verəcəyi məntiqi mövcud deyil. Çünki peyvəndlənmiş insan özü xəstəliyi asan keçirsə belə, digərlərini yoluxdurur.
Amma iqtisadiyyat və biznes sahələri bundan əziyyət çəkir”.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azvision.az -a açıqlamasında COVID pasport tələbinin ləğv edilməsini düzgün saymır. O bildirib ki, COVID pasport tələbi son nəticədə insanların sağlamlığına xidmət edəcək:

“Ötən il bütün dövlətlərdə karantin rejimi tətbiq edilərkən peyvəndin yaradılması ilə bu məhdudiyyətlərin aradan qaldırılacağı, iqtisadiyyatın bərpa olunacağı və pandemiyaya qalib gələcəyimiz qeyd edilirdi. Vaksinasiya üçün maarifləndirmə işi aparıldı, amma könüllü peyvəndləmə yetəri qədər deyil. Bu zaman inzibati metodlardan istifadə edilir. Məhdudiyyətlərin tətbiqi iqtisadiyyata kifayət qədər zərər vurur, insanların psixoloji vəziyyətində ciddi problemlər yaradır. Bununla belə, bəzi məkanlara giriş üçün pasportun tələb olunması daha yaxşıdır. Həm kütləvi immunitet yaranmış olur, həm də insanların sağlamlığı qorunur.

Artıq əksər ölkələrdə müəyyən girişlərdə, ticarət mərkəzlərində, kinoteatrlarda, hava limanlarında pasportlar tələb olunmağa başlayıb. Dünyada COVID pasport tələbinə münasibət ikilidir. Etiraz edənlər də var, bunu düzgün sayanlar da. Dünya mətbuatından da izləyirik ki, bir sıra ölkələrdə COVID pasportunun istənilməsi əleyhinə aksiyalar da keçirilir. İndiki halda hansı məsələnin düzgün olduğunu müəyyən müddətdən sonra təhlil aparıb, qərar vermək mümkündür”.

Deputatın sözlərinə görə, hazırda ölkədə COVID pasportu tələbinin ləğv olunması məqsədəuyğun deyil:

“Burada insanların hüquqlarının pozulması ilə bağlı ciddi təhlükə görmürəm. COVID pasportunun istənilməsinin məntiqi daha çox insanın vaksinasiya olunmasıdır. Əgər əhalinin 70 faizdən çoxu peyvənd olunarsa, pandemiyaya qalib gələrik, bu zaman pasporta da ehtiyac qalmaz”

COVID pasportunun ictimai iaşə müəssisələrinin, otellərin fəaliyyətinə mənfi təsir göstərməsinə gəlincə, T. Mirkişili qarşımızda iki yol olduğunu vurğulayıb: ya bütün restoranları  otelləri bağlamaq,  ya da müəyyən dərəcədə pasport tələb etməklə müştəri sayı azalsa belə fəaliyyət göstərmək. “Fikrimcə ikinci yol daha uyğundur. Biz qapanmalardan keçdik, zərəri də gördük. İndiki halda müştəri sayı azalsa belə, ikinci yol etibarlıdır. Daha çox insan vaksinasiya olunduqca qısa müddətdə həmin restoranlara, otellərə gedənlərin sayı da artacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər