Tahir Mirkişili: "Paşinyanın tezliklə Ermənistan reallıqlarını görəcək"

1350

Millət vəkili Tahir Mirkişilinin SİA-ya müsahibəsi:

– Tahir müəllim, yenicə baş nazir seçilən Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı destruktiv mövqe ortaya qoyub. Bu o deməkdir ki, münaqişənin həllində bundan sonrada irəliləyişə nail olmaq mümkün olmayacaq?

– Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfəri və orda verdiyi bəyanatlar qanunsuz, populist və qeyri-peşəkar idi. 1992-ci ilə ATƏT-in Nazilər Şurasının qərarı ilə danışıqların formatı müəyyən olunub. Uzun illərdir ki aparılan danışıqları özündə əks etdirən beynəlxalq sənədlər var. BMT-nin 4 qətnaməsi var. Bütün bunlara rəğmən verilən populist bəyanatlar Ermənistanın daxili auditoriyasına yönəlib və yaxın aylarda Ermənistanda keçiriləcək seçkilərdə öz mövqelərini möhkəmlətməyə hesablanıb. Ümid edirik ki, Ermənistanın əvvəlki rəhbərliyindən fərqli olaraq N.Paşinyan tezliklə münaqişənin həllinin bu cür bəyanatlardan deyil, beynəlxalq hüquq normaları çərçivəsində yanaşmalardan asılı olacağını anlayacaq. Əks halda işğalçılıq siyasəti sayəsində faciəvi duruma düşən Ermənistanı yeni inqilablar və müharibə gözləyir.

– Paşinyan iddia edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəçiliyi ilə aparılan danışıqlarda Dağlıq Qarabağ rejimi də tərəf kimi iştirak etməlidir. Bunu birbaşa danışıqları pozmağa yönələn addım kimi qiymətləndirmək olar?

– ATƏT sənədlərin də münaqişənin tərəfləri kimi Ermənistan və Azərbaycan göstərilir. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları isə münaqişədə maraqlı tərəf kimi tanınır və işçi sessiyalarda iştirakları mümkün sayılır. Danışıqlar formatının dəyişdirilməsi cəhdi proqnozlaşdırıla bilinməyən nəticələrə səbəb ola bilər. Danışıqların uzadılması hər zaman Ermənistanın mövqeyi olub. Amma son hadisələr onu göstərdi ki, münaqişənin həll olunmamasının ən acı nəticələri məhz Ermənistanda müşahidə olunur.

– Bəzi siyasi şərhçilərin qeyd etdiyinə görə, Paşinyan hakimiyyətə Qərb gətirib. Paşinyan Dağlıq Qarabağla bağlı tutduğu destruktiv pozucu yol Qərbin maraqlarına nə dərəcədə uyğundur?

– Qərb dövlətlərinin regionda, xüsusən də Azərbaycanda böyük iqtisadi və geosiyasi maraqları mövcuddur. Bu baxımından münaqişənin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində həll olunması inkişafda və əmin-amanlıqda maraqlı olan bütün dövlətlərin marağındadır. Paşinyanın hakimiyyətə kimin gətirməsindən asılı olmayaraq o tezliklə Ermənistan reallıqlarını görəcək. Əgər o sələfindən fərqli olaraq əhalinin sosial-iqtisadi güzəranını yaxşılaşdırmaq, Ermənistanı təcrid vəziyyətindən çıxartmaq barədə düşünəcəksə yeganə yol işğal siyasətinə son vermək, Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etmək olacaq. Əks halda Paşinyan da sələfi kimi xalq tərəfindən devriləcək.

– Ümumiyyətlə, Paşinyan baş nazirliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hansı bir irəliləyişlərə ümid bəsləmək olarmı?

– Dağlıq Qarabağ münaqişənin həlli artıq Ermənistan dövləti üçün “olum ya ölüm” halına gəlməkdədir. Münaqişə həll olunmadıqca Ermənistanda dövlətçilik dağılmaqda, əhali isə xaricə qaçmaqdadır. Ona görə ümid edək ki, N.Paşinyan öz xalqını düşünərək, xalqın ona verdiyi etimad kvotumunu məhz gec də olsa Ermənistanın sivil ölkə olmasına xərcləyəcək. Azərbaycan ərazisini işğal etməyə son verərək, mehriban qonşuluq şəraitində inkişafa üstünlük verəcək. Ermənistanın bir ölkə kimi var olmasının yeganə yolu məhz budur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər