Tahir Mirkişili: “Regionun dördüncü sənaye inqilabı mərhələsinə daha yaxşı hazırlaşması baxımından Qarabağ unikal bir şansıdr”

726

“Bu gün müasir dünyada sahibkarlığın inkişafı üçün bir neçə mühüm şərt var. Onlardan biri insan resursudur,ikincisi texnologiyalardır, üçüncüsü zəruri olan infrastruktur, dördücüsü isə investisiya mühitinin olmasıdır. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bütün layihələrin son məqsədi məhz bu dörd istiqaməti yaratmaqdır. İşğaldan azad olunmuş ərazilərdə investisiya mühitinin daha da yaxşılaşdırılması və xarici investisiyanın cəlb olunması məqsədi ilə tədbirlər planının hazırlanması üçün cənab Prezident tərəfindən tapşırıqlar verilib. İnvestisiya mühitinin yaradılması çox ciddi məsələdir. Bu istiqamətdə bu gün işlər davam edir. Bölgədə yol, nəqliyyat, eləcə də digər mühüm istiqamətlər üzrə infrastruktur layihələri reallaşdırılır ki, bu da gələcəkdə bölgəni investisiyalar üçün əlverişli edir”.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili səsləndirib.

Millət vəkili qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə insan resurslarının cəlb olunması baxımından da mühüm layihələr reallaşdırılır: “Hər bir sahibkar istənilən halda investisiya qoyduğu zaman ətrafına baxır ki, burada kim işləyəcək, kadrlar hardan cəlb ediləcək, mütəxəssislər bura necə gələcəklər. Bu istiqamətdə də bu gün mühüm layihələr reallaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə tikiləcək yeni yaşayış məskənlərinin “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyası əsasında tikilməsi həm də bunu hədəfləyir ki, gələcəkdə ixtisaslı kadrların bu ərazilərdə yaşaması üçün hər cür müaasir şərait olsun. Texnologiyaların bölgəyə cəlb olunması nəticə etibarı ilə bunu deməyə əsas verir ki, burada insan resursları ilə bağlı ciddi problem yaşanmayacaq”.

T.Mirkişili vurğulayıb ki, gələcəkdə Zəngəzur dəhlizinin açılması da son nəticədə xarici investorların bölgəyə maraq göstərməsinə səbəb olacaq: “Dəhlizin açılması ərazidən istənilən mal və xidmətin daha böyük bazarlara ixrac olunmasını daha da asanlaşdıracaq. Qarabağın və Şərqi Zəngəzurun inkişafı bütövlükdə regiona yeni texnologiyaların və investorların gəlməsi deməkdir. Regionun dördüncü sənaye inqilabı mərhələsinə daha yaxşı hazırlaşması baxımından Qarabağ unikal bir şansıdr. Bizdə olan məlumata görə bu günə kimi minə yaxın Azərbaycanlı sahibkar işğaldan azad olunmuş ərazilərə investisiya qoymaq üçün İqtisadiyyat nazirliyinə müraciət edib. Bu onu göstərir ki, ölkəmizdə sahibkarlar bu ərazilərə investisiya yatırmaq marağındadırlar. Bununla yanaşı xarici investorlar da əraziyə böyük maraq göstərirlər. İşğaldan azad olunmuş ərazilərdə təbii resursların mövcudluğu və torpaqların kənd təsərrüfatı üçün yararlı olması həm daxili, həm də xarici investorlar üçün ərazini cəlbedici edir”.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər