Tanrının seçilmiş bəndələrindən olan bütöv insan

682

 Azərbaycan Respublikasının  Əməkdar jurnalisti  Eyruz Surxay oğlu Məmmədovla bizim tanışlığımızın və bu tanışlığın  dostluğa çevrilməsinin tarixi 1976-cı ilə gedib çıxır. Yadımdadır ki, mən həmin vaxt ali məktəbi bitirəndən sonra Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aktyor işləyirdim. Və o dövrün cavanları demək olar ki, tez-tez Sumqayıt teatrının tamaşalarına baxmağa gəlirdilər. Tamaşalardan sonra olan müzakirələrdə fəal iştirak edirdilər. Yaradıcı gənclər  bu barədə mətbuatda maraqlı yazılar, ressenziyalar çap etdirdilər. Onlar Sumqayıtda keçirilən mədən-kütləvi tədbirlərdə, bu şəhərə qonaq gələn məşhur insanlarla olan görüşlərdə çox yaxından iştirak edirdilər. Bax, həmin cavanlardan ən fəalı isə məhz Eyruz Məmmədov  idi. Mən ondan üç yaş böyük olsam da, biz Eyruza bir ağsaqqal kimi baxırdıq. Çünki dediyi orijinal  fikirlər, hamıya diqqətlə qulaq asması, hər bir məsələ haqqında maraqlı, məntiqli fikirlər söyləməsi, müdrik düşüncə tərzində olması və hətta dünya şöhrətli insanlarla apardığı müsahibələr, onlara verdiyi sualların orijinallığı onu ağsaqqal kimi görməyə əsas verirdi. Eləcə də məşhurlarla keçirilən görüşlərdə Eyruzun onlara verdiyi dolğun suallar və həmin insanların bu sualları yüksək qiymətləndirməsi onun cavan yaşında mükəmməlliyinin göstəricisi idi. Eyruzun həmin vaxtlar Azərbaycanda ana dilimizlə yanaşı, əsas dövlət dili kimi qəbul olunan rus dilini də dərindən bilməsi, onu həmyaşıdlarından fərqli edirdi. Yazdığım bu məziyyətlərinə görə Eyruz Məmmədovun bizdən fərqli olaraq dostları daha çox idi. Demək olar hamısı da onunla hesablaşırdılar. Yadıma gəlir ki, lap cavanlıq illərindən Eyruz dünya dahilərinin kəlamlarını, aforizmlərini  toplayırdı və yeri gələndə onlardan həm yazılarında və həm də dostlar arasında  yerindəcə ustalıqla  istifadə edirdi. Məşhur fransız yazıçısı, filosofu Helvetsinin bu kəlamını ilk dəfə mən ondan eşitmişəm: “Ürəyə sancılmış iynələri yalnız dost əli çıxara bilər”.  Bəli, Eyruz həmişə dostlarının yanında olub və onlara əlindən gələn köməkliyi  əsirgəməyib.

1977-ci ildə Sumqayıt Dövlət Dram Teatrındakı işimlə paralel mənim şəhərin tarixində ilk dəfə yaratdığım “Ümid” Teatr-Studiyasının məhz birinci ən böyük təbliğatçısı idi Eyruz Məmmədov. Çünki  o, həmişə yeni, eksperiment  işlərin tərəfkeşi idi. Kollektivimizin tamaşaları haqqında  maraqlı yazılar yazırdı. “Ümid” Teatr-Studiyası,  1979-cu ildə  Mədəniyyət  nazirin əmrilə  Sumqayıt Gənclərinin Xalq Teatrı adını alanda, 1980-ci ildə Moskvadan SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindən Sumqayıta Qızıl medal gətirəndə ilk olaraq  bütün bunlar haqqında  məhz Eyruz Məmmədov yazdı. Bizi öz işimizə həvəsləndirdi və respublikada daha yaxşı tanıtdı…

Beləcə illər keçdi… Hər ikimiz həyatda təcrübə qazandıqca, uğurlar əldə etdikcə, bir-birimizin uğurlarına sevindikcə  daha da yaxınlaşdıq və əsl dost olduq.

Eyruz Məmmədov “Exo Sumqayıta” qəzetinə rəhbərlik etməyə başladığı ilk günlərdən dünya səviyyəli informasiyalar toplayırdı. İnanırdıq ki, bütün bunlar gələcəkdə xaqlımız üçün ən dəyərli yazılar olacaq. Bu informasiyaların, xəbərlərin  bəzilərinin əsasında Eyruz Məmmədov çox maraqlı məqalələr hazırlayıb dünya mətbuatına çıxarırdı və oxucuları tərəfindən yüksək səviyyədə qarşılanırdı. Eləcə də  o, 1988-ci  ilin fevral ayının 28 və 29-unda ermənilərin və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin əlilə Sumqayıtda törədilən qanlı hadislər əsasında “Sumqayıtın əks-sədası” adlı çox maraqlı kitablar yazdı. Bu kitablar əsasında Eyruz Məmmədov  çox istedadlı rejissor, vaxtsız vəfat eləmiş  Davud İmanovla birlikdə ssenari yazaraq  “Sumqayıtın əks-sədası” adlı çox seriyalı sənədli  kinofilm araya-ərsəyə gətirdilər. Bu sənədli kinofilmdə çəkilən keçmiş SSRİ-nin rəhbərlərilə Eyruz Məmmədov və Davud İmanovun görüşməsinə Moskvada yaşayan  həmyerlimiz, maraqlı nasir, dramaturq, ssenarist, mərhum  dostumuz  Fərhad  Ağamalıyev çox köməklik elədi. Belə  ki o, həmin adamların telefonlarının tapılmasında, onlarla görüşlərin təşkilində  xeyli iş gördü. “Sumqayıtın əks-sədası” keçmiş Sovetlər birliyində həqiqətən böyük əks-sədayartdı. Az bir vaxtda bu kinofilmə görə Eyruz Məmmədov və Davud İmanov respublikamızda və MDB məkanında  çox məşhur oldular. Mən də hər iki dostumun bu uğurlarına çox sevinirdim.

Eyruz topladığı maraqlı, tarixi məlumatlar haqqında biz dostlara çox böyük qürurla danışırdı. İnanırdıq ki, bunlar gələcəkdə Azərbaycan üçün çox qiymətli yazılar olacaq. Amma sən saydığını say,  gör fələk nə sayır. Günlərin bir günü Eyruz  Məmmədovun “Exo Sumqayıta” qəzetindəki kabineti kimlər tərəfindənsə yarıldı və oradakı kompüterlər və içindəki yazıların hamısı oğurlandı. Bax, bütün bunlarla  həmin şərəfsizlər dostumuz Eyruz Məmmədova böyük stresslər, depressiyalar  yaşatmaq, onu  peşə fəaliyyətindən uzaqlaşdırmaq, vaxtından tez haqq dünyasına  qovuşdurmaq istəsələrdə, arzularına çata bilmədilər. Əslində onlar bu namərd hərəkətlərilə dostumuza böyük  güc, qüvvət, daha geniş işgüzarlıq, təxəyyül verdilər. Eyruz həmin vaxtı cəmi dörd aya Sumqayıt şəhərinin 50 illik yubileyinə həsr olunan 800  səhifəlik  “Sumqayıtım  mənim” adlı çox böyük, geniş həcmli  kitabını yazdı. Özü də kohnə bir kompüterdə. Bu kitab Sumqayıt tarixində bir salnamə oldu.  Çünki bu kitabda heç vaxt yazılmayan  çoxlu oçerk, tarixi məqalə toplanmışdı. Bu yazılar da gələcək nəsillərimiz  üçün bir töhfə kimi qaldı. Həmin kitabın Sumqayıtda çox  geniş müzakirəsi oldu. Respublika mətbuatında bu haqda çox yazıldı, televiziyalar verilişlər hazırladı. Beləliklə, Eyruzu diz çökdürmək istəyənlərin arzuları ürəyində qaldı və  özləri mənən  diz  çökdülər.

Eyruzun lap cavanlıq illərindən xasiyyətində olan yeddi cəhət həmişə məni valeh eləyib. Elə bu gün də həmin yeddi cəhət onunla təmasda olan və dostluq edən hər kəsi valeh eləyir. Birinci- Eyruz qarşısındakı adamı yüksək səviyyədə dinləmək mədəniyyətinə, qabiliyyətinə  malikdir.  İnkici-Eyruz az danışmağı və çox iş görməyi xoşlayır. Danışdığı az cümlələrlə böyük fikirlər demək qabiliyyətinə malikdir. Üçüncü-Eyruz dostluqda, yoldaşlıqda həmişə bütövdur. O, kiminlə dostluq, yoldaşlıq edirsə, heç vaxt təmənna güdmür və bu dostluğa  həmişə sadiq olur.  Dördüncü-Eyruz ailəsinə çox bağlı insandır. Onun üçün ailə ən müqqəddəsdir.  Beşindi-  Eyruz valideynlərinə və ümumiyyətlə, yaşlı insanlara həmişə hörmətlə yanaşıb və onlarasadiqdir. Altıncı-doğulduğu və yaşadığı Sumqayıtı canı, qanı ilə sevir. Buna görə də jurnalistlər arasında Sumqayıt haqqında  ən çox yazan və bu şəhərin salnaməsini yaradan böyük  ziyalıdır. Eyruz Sumqayıtı bir gözəl şəhər kimi quran, tarixə köçürən insanları tarixdə əbədi yaşadır.  Bu da bizə bunu deməyə əsas verir ki, o, əsl cəfakeş sumqayıtlıdır. Yeddinci- Eyruz Azərbaycanı ən böyük, ən unikal, ən qədim ölkə hesab eləyir və bu haqda dünya səviyyəsində çap olunan  silsilə yazıların müəllifidir. Vətənini, xalqını  sevməkdə dostum Eyruz  Məmmədov bir etalondur.

Eyruz təkcə dostuna, yoldaşına deyil, hər bir insana əlindən gələn köməkliyi böyük həvəslə  eləyən dəyərli vətəndaşdır. Həmçinin böyük maarifpərvərdir,  yaxşı müəllimdir. Onun yüzlərlə jurnalistin yetişməsində əvəzsiz xidmətləri vardır. Eyruz çox maraqlı yazıçı kimi də tanınır. Hər bir oxucunun tez-tez müraciət etdiyisevimli əsərlər  ərsəyə gətirib. Bu vaxta qədər otuz kitabı çap olunub  və ondan çox kitabı da işıq üzü görmək üçün  zamanını gözləyir.

Eyruzun böyüklüyü və müdrikliyi ilə bağlı mən maraqlı bir hadisəni qeyd etmək istəyirəm. 1997-ci ildə  Sumqayıt Dövlət Musiqili-Dram Teatrının bədii rəhbəri və direktoru çalışdığım vaxt mənə qarşı çox böyük haqsızlıq olduğuna görə ərizə yazıb işdən çıxandan sonra Dağıstana gedib, orada Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppası yaratmışdım. Üç il həmin teatrla Dağıstanın hər yerində maraqlı çıxışlar edirdik  və 1950-ci ildə bağlanmış Dağıstan-Azərbaycan Dövlət Dram Teatrını bərpa elədik. Azərbaycan Mədəniyyət Nazirliyinin məkrli əli Dağıstana da uzandı və məni həmin teatra rəhbərlik eləməyə qoymadılar. 2000-ci ildə mən yenidən Azərbaycana qayıtsam da burada teatrlarda quruluşçu rejissor işləməyimə belə imkan vermədilər. Məni ölkə rəhbərliyinə bir dissident kimi qələmə vermişdilər. Həmin vaxt bu haqsızlıqlardan infarkt keçirdim. Eyruz Məmmədov bir dost olaraq mənim yanımda oldu. Mənə ürək-dirək verdi və hətta Sumqayıtla bağlı çəkdiyi çox seriyalı sənədli kinofilmə  Sumqayıt  teatrı və mədəniyyətilə bağlı  bildiyim fikirləri və mənim  xidmətlərimə həsr olunan  maraqlı süjetlər çəkdi. Həmin sənədli kinofilmdə aparıcılıq da elədim. Eyruz mənim özümə inamımı geri qaytardı. İnfarktdan sağaldım. Məşhur yazıçı Oneri de Balzakın bu kəlamı yadıma düşdü:  “ Nə edirsən et, necə yaşayırsan yaşa: amma gülə bilmək üçün kimisə ağlatma və öz mənafeyin üçün kimisə satma”.  Eyruz da öz mənafeyini qorumaqla özünə olan pisliklərdən heç vaxt qorxmayıb, həmişə işıqlı insanlara arxa-dayaq olub, yaşamaq üçün inam, ümid  verib. Qocaman palıd kimi onların arxasında durub.

Eyruzun böyüklüyünə, ürəyigenişliyinə aid başqa bir misal. Mən baxmayaraq 16-17 yaşlarından jurnalistika ilə, bədii yaradıcılıqla məşğul olsam da, teatrlara rəhbərlik elədiyim vaxt teatr işinə başım qarışdığından bu sahədə az çap olunurdum. Çünki əsas fikrim teatr idi. Yalnız pyeslərim və tərcümə elədiyim əsərlər teatrlarda tamaşaya qoyulurdu. 2000-ci ildə “Məhkəmədən əvvvəl məhkəmə və ya Kəfənini geymiş qoca” həkayələr, pyeslər toplusu çap etdirməmişdən əvvəl həmin kitabı oxumaq üçün Eyruz Məmmədova verdim və ondan xahiş elədim ki, mənə dəqiq rəyini desin. Eyruz həmin kitabı bir neçə günə oxudu və məni məcbur elədi ki, bu kitabı hökmən çap etdirim. Əsər çap olundu və az bir vaxtda böyük oxucu marağına səbəb oldu. Bununla da Eyruz məni bədii əsərlər yazmağa daha çox  həvəsləndirdi. Artıq 20 kitabım çap olunub. Ən başlıcası isə  Eyruzda paxıllıq, həsəd, ayaq altını qazmaq, pislik etmək, arxaca danışmaq  kimi naqis cəhətlər yoxdur. Ucalığı, böyüklüyü onu hər kəsə  sevdirib. Bu da Ulu Tanrı tərəfindən yalnız seçilmiş insanlara verilir.

Eyruz Məmmədov ömrünün artıq  ən müdrik dövrünü yaşayır. 70 illik yubileyin mübarək, dəyərli dostum, qardaşım, əqidədaşım, məsləkdaşım Eyruz Surxayoğlu. Atalar gözəl deyib: “Ot kökü üstündə bitər”.  Sən Surxay kişi kimi bir ağsaqqalımızın,  Böyük Vətən Müharibəsinin odlarından, alovlarından keçən qorxmaz, cəsur  kişinin  layiqli  övladısan. Başqa cürə də ola bilməzsən.

Peyğəmbərimiz İmam Əli deyib ki, “dostluqda sadiq olmayan, həmişə xəcalətlidir”. Sənin başın həmişə ucadır. Çünki sən həm dostluqda sadiq olmusan və həm də sülh tərəfdarı kimi  həmişə  küsənləri barışdırmısan. Onlar arasında da  dostluq toxumu səpmisən.

Bir sözlə, əziz dostum, sən bütöv insansan. Bütöv insan olmaq isə həyatda hər kəsə nəsib olmur…

Ağalar İDRİSOĞLU, yazıçı-rejissor, Əməkdar incəsənət xadimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər