Tapmaca

1048

Bir müddət əvvəl futbol dünyası “Barselona” ilə şöhrət qazanan Xosep Qvardiolanın yeni klubunun adını öyrəndi. İlk baxışdan Qvardiolanın Münhenin “Bavariya” klubu ilə anlaşmasında qəribə heç nə yoxdur. Amma bizim üçün xüsusi bir məqam var idi ki, bu mənim diqqətimi çəkməyə bilməzdi. Çalışdırıcı məhşur klubdakı işinə indi deyil, təxminən yarım il bundan sonra başlayacaq. Hələliksə 67 yaşlı Yupp Haynekes “Bavariya”nın baş məşqçisi kimi fəaliyyətinə davam edir. Əsl peşəkarlıq nümunəsidir. Heç kim bir-birindən incimir, kimsə başqasının işinə mane olmur, bağlanılan müqavilə mediadan və azerkeşlərdən sirr kimi gizlədilmir. Azərbaycanda hadisələrin oxşar gedişatına şahidlik etməyimiz mümkünsüzdür. Təsəvvür edin, bizim klublardan hansısa bu cür anlaşma imzalasaydı, onda Qvardiolanı kluba idman direktoru vəzifəsinə gətirərdilər, pusquda dayanıb gözləyərdilər ki, Haynekes nə vaxt uğursuz oyunlar keçirəcək. Digər yandan, Haynekes azərbaycanlılarla oxşar xarakterə sahib olsaydı, çalışdığı klubun Qvardiola ilə anlaşdığını eşidən kimi nümayişkaranə şəkildə postundan gedərdi. Necə ki, çox da uzaq olmayan keçmişdə Vaqif Sadıqov qocaman Əhməd Ələsgərovun milliyə məsləhətçi təyin olunmasından xəbər tutunca təlim-məşq toplanışını yarıda qoyaraq Bakıya qayıtmışdı. Azərbaycan futbolunda daşlaşmış bəzi “qanunlar” mövcuddur. Belə qanunların ən öndə gələni transfer xəbərlərini, məşqçi dəyişikliklərini son ana qədər ictimayyətdən gizlətmək, futbolçuların məvaciblərini və transfer qiymətlərini dövlət sirri kimi qorumaqdır. Təsəvvür edək ki, “Bakı” Mantsioza, yaxud Parksa yarım milyon avroya yaxın pul ödəməyə boyun olduğunu rəsmən etiraf edir. Sizi başa düşürəm, belə şeyləri təsəvvür etmək mümkünsüzdür. Bir qədər əvvəl adını xatırladığım Vaqif Sadıqov Antalyaya yollanmazdan az əvvəl verdiyi müsahibəsində “qış fasiləsində yaxşı futbolçu tapmaq çox çətindi” demişdi. Bu həmin Vaqif müəllimdi ki, “Neftçi”yə ağır məğlubiyyətdən sonra transfer dönəmində heyəti gücləndirib, komandasının mütləq ilk “altılığa” düşəcəyini bəyan edirdi. Cənab Sadıqovla həmfikir olanların nəzərinə bir maraqlı faktı çatdırım: Türkiyənin heç də zənginlərindən sayılmayan “Gənclərbirliyi”nin cəmisi 225 min avroya icarəyə götürdüyü Vleminks Superliqada meydana çıxdığı ilk qarşılaşmada “Antalyaspor”un qapısına dörd qol vurub! Bu da qış fasiləsində tapılan futbolçu, Vaqif müəllim. Bizim klublar elə bu səbəbdən futbolçulara xərclədikləri pulların miqdarını açıqlamırlar. Utanırlar ki, sonradan xərclədikləri yüzminlərə görə istehza obyektinə çevrilərlər. Azərbaycan klubları təxminən eyni məbləğə yarımpeşəkar “Turan”ın qapısına bir qol vurmağı bacaran hücumçu transfer edə bilmirlər, nəinki “Antalyaspor”a. Bizdə klubların transfer siyasəti başdan ayağa tapmacadır. Bu yaxınlarda idman saytlarında “Neftçi” rəsmilərinin yolunu gözlədikləri legioner haqda daha orijinal şəkildə izahına rast gəldim: “Əcnəbi futbolçu transfer edirik, Avropada oynayıb, amma avropalı deyil”. Ey dili-qafil, indi gəl oturaq, bu futbolçunun kimliyi üzərində baş sındıraq da. Nə çox Avropada oynayıb, avropalı oynamayan futbolçu. Bu yerdə Tuyqun Nadirovun bir sözü yadıma düşdü. “Xəzər Lənkəran”ın özünü hamıdan ağıllı sayan vitse-prezidenti həmkarım Rəşadın suallarından birinə cavabında “bizi heç bir klubla müqayisə etməyin!” demişdi. Haqlısız, cənab Nadirov. Sizin klubu nəinki Azərbaycanda, heç Mozambikdə belə hansısa klubla müqayisə etmək mümkün deyil. Çünki, indiyə kimi Mozambikin hansısa klubunun legioner futbolçuyla üç gün əvvəl bağladığı müqaviləni pozduğunu eşitməmişik. Özü də “üç günlük” müqavilə bağlayan klubun rəsmisi iddia edir ki, onlarda baş məşqçinin tərtib etdiyi siyahıya uyğun futbolçular transfer edən, klub rəhbərliyinin və müxtəlif ölkələrdə çalışan menecerlərin daxil olduğu skaut qrupu var. Bu açıqlamanı xatırladım, gülməkdən ürəyim getdi, belə getsə yazımı sona çatdıra bilməyəcəm. Tuyqun müəllim məndən inciməsin, onları “Bakı”yla müqayisə etməli olacam. İş ondadır ki, paytaxt klubunun rəsmisi Zeynal Məmmədov da “Mura” faciəsindən” sonra dərs çıxardıqlarını, bundan sonra hansısa proqrama üzv olub, dünyanın dörd bir yanında futbolçuları izləyib, “Bakı”ya gətirəcəklərini iddia edirdi. Nəticə göz qabağındadır. Qış fasiləsinin yarısı geridə qalıb, Bandoviç komandanı gücləndirəcək transferlərin gecikdiyini deyib, fəryad edir. “Bakı” isə əcnəbiləri demirəm, burnunun ucundakı Kamranla Raufun keçidini rəsmiləşdirə bilmir. Bizim klubların nədə də olmasa, hap-gopda dünyada analoqu yoxdur. Yarandığı gündən bəri heç vaxt azərbaycanlı məşqçiyə güvənməyən, yerli futbolçulara bu ildən etimad göstərmərə başlayan “Simurq”un rəsmilərinin vətənpərvərlik damarı Antalyada özünü göstərib. Bildiyiniz kimi Zaqatala klubunun rəsmiləri kurort şəhərində yerləşdikləri otelə ermənilərin də gəlməsini görüb, mehmanxana rəhbərliyinə ultimatum veriblər. Bizimkilər qəti şəkildə mənfur düşmənlərimizlə eyni oteli paylaşmaq istəmədiklərini bildirib, hətta qaldıqları günlərin pulunu ödəmədən çıxıb gedəcəklərini bəyan ediblər. Niyəsə biz ermənilərlə Qarabağdan başqa hər yerdə savaşmağa çox həvəsliyik. Virtual aləmdə, Rusiyanın müxtəlif şəhərlərində, hətta Parisdə belə yaşanan qalmaqallardan xəbardar idim. “Simurq”un patriot rəhbərliyi sayəsində Antalyada ermənilərə yeni cəbhə açdıq. Lazım gəlsə Şuşanı alıb, orda da təlim-məşq toplanışı keçirə bilərik. İnşallah qələbə günündə “Simurq”un sponsorları da klubu azərbaycanlı mütəxəssisə tapşıracaqlarına söz veriblər. Nə qədər ki, məsələni siyasiləşdirməkdə ittiham olunmamışam, yazımı yekunlaşdırım. Sonda bizim klub rəsmilərinə bir tapmaca ünvanlıyıram:

İnkişaf edər qramla,

Şantaj edər reklamla.

Həm dili var, həm ağzı,

Heç danışmaz adamla.

Açması?

 

Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər