Taxta tullantılarından sənət əsərləri yaradan SUMQAYITLI

103

Sumqayıt şəhərində tanınmış oymaçı rəssamlardan biri də İqbal Həsənəlizadədir. O, taxta tullantılarından sənət əsərləri yaradır.

“ABAD”ın dəstək göstərdiyi İqbal Həsənəlizadə ixtisasca coğrafiya müəllimidir.

Bəlkə də bu səbəbdən rəssam Azərbaycanda turizm industriyasının geniş yayılmasında maraqlıdır. O, “heç bir turist Azərbaycana aid suvenirsiz getməsin” şüarı ilə təqdim etdiyi məhsullarını daha çox məhz ölkəmizə gələn qonaqlarda xoş təəssürat yaratmaq üçün düzəldir. “Əl işlərimdə köhnə şəhərimizi animasiyaya bənzər şəkildə hazırlayıram. Orada istifadə etdiyim rəng şuxluğunun insanları həyata pozitiv baxmağa ruhlandırdığını düşünürəm. Turistlərdən biri əl işimi hətta canlı cizgi filmi kimi xarakterizə etmişdi. Çox fərəhləndim. Demək ki, ideyamı anlayırlar”, – deyə İqbal Həsənəlizadə bildirib.

Onun fikrincə, “ABAD” Azərbaycanı sənətkarlar diyarı kimi tanıtmağa kömək edəcək: “Ən böyük arzum odur ki, Azərbaycanı qalereyalar diyarı kimi tanısınlar. Ustadlarımızın emalatxanaları, studiyaları hər kəsin üzünə açıq olsun və Azərbaycanda ən çox ziyarət edilən yerlərdən birinə çevrilsin”.

Sənətkar ideyalarının həyata keçirilməsində “ABAD”ın göstərdiyi yardımdan da danışaraq, bunun həm texnoloji, həm maddi, həm də vaxt baxımından onun işinə əlavə dəstək olduğunu söyləyib.

Qeyd edək ki, ərzaq məhsullarının istehsalı və dekorativ-tətbiqi xalq sənətkarlığı istiqamətləri üzrə fəaliyyət göstərən ailə təsərrüfatlarına ASAN dəstək konsepsiyası – ABAD publik hüquqi şəxs kimi 2016-cı il sentyabrın 23-də yaradılıb. AZERTAC

BİZİ FACEBOOK SƏHİFƏMİZDƏN İZLƏYİN:
https://www.facebook.com/sumqayitxeberCom/

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər