“Təklif gəlsə, Azərbaycan millisində işləyərəm”

973

Hikmət Karaman:   “…Ölkə kuboku qazandım, Lövün komandası isə aşağı dəstəyə düşdü”

Ölkənin futbol arenasında son günlərin ən çox müzakirə olunan mövzusu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtusun postunda qalıb-qalmayacağı məsələsidir. Düzü, alman mütəxəssislə əməkdaşlığın davam etdirilib-etdirilməyəcəyi  dəqiqləşmədiyindən yığmanın real potensialı və gələcək perspektivi haqqında danışmaq bir qədər çətindir, amma Berti Foqtsun postunda qalmayacağı yönündə artan söyləntilər bu mövzuya yenidən toxunmağımıza zəmin yaratdı.

Hazırda milli komanda üçün ən real namizəd Qurban Qurbanov sayılsa da, bəzi sürpriz namizədlərin olduğu da bildirilir. Hətta aldığımız qeyri-rəsmi məlumatlara görə, türkiyəli Hikmət Karamanın milli komandamızda çalışmaq ehtimalı var. Hər halda, gəzən şaiyələrə məşqçinin özünün atdınlıq gətirməsi yaxşı olardı. Bu üzdən də Hikmət Karamanla əlaqə saxlamağı lazım bildik və məşqçidən həm bu məsələyə aydınlıq gətirməsini, həm də bizi maraqlandıran bəzi başqa suallara cavab verməsini xahiş etdik.

– Son günlərdə Azərbaycan millisindən dəvət aldığınız haqda məlumatlar yayılıb. Bu nə dərəcədə həqiqətə uyğundur? 

– Mənə belə bir təklif gəlməyib.

-Bəs federasiyadan təklif gəlsə, qəbul edərsinizmi?

-Təklif olarsa, məmnuniyyətlə qəbul edərəm. Düzdür, indiyə qədər Azərbaycanda işləmiş türk məşqçilərin sizin ölkə futboluna nə qədər xeyri dəydiyini bilmirəm, amma bir məşqçi kimi mənim səviyyəm bəllidir və ölkənizdə çalışmaq istərdim. Hazırda Beri Foqtsun kənardan sizin  komandaya müdaxiləsi ilə Qus Hiddinkin bizim yığmaya faydası eynidir.Yəni o qədər də çox deyil.  Məncə, eyni dildə danışmaq və etnik yaxınlıq önəmlidir.

Hətta sizin Azərbaycan millisində çalışmaq istərdim dediyinizə dair də şaiyələr dolaşmaqdadır.

Hazırda sizin yığma komanda da baş məşqçi vəzifəsini icra edən şəxs var. Bu üzdən mənim bu haqda danışmağım düz olmazdı.

– İndiyə kimi Azərbaycanda bir neçə həmyerliniz çalışıb. Onlardan futbolumuz haqda məlumat almısınızmı?

– Bəli, Rasim Karadan məlumat almışam. Amma indi bu haqda danışmaq yerinə düşməz.

– Əgər milli komandamızı çalışdırası olsanız, uğur qazanacağınıza inanırsınız?

Mən uzun müddət  Reinhard Saftinq və bir sıra əcnəbi məşqçilərlə, həmçinin Mustafa Dənizli ilə işləmişəm. Məşqçi kimi Türkiyədə son 15 ili uğurlu keçirmişəm. Bu yaxınlarda PRO kateqoriyasını da almışam. Qazandığım təcrübədən Azərbaycanda da istifadə etmək istərdim. Bu sadəcə dildə deməklə olmaz. Mən böyük uğurlar qazanmaq arzusundayam. Bunun  üçün böyük layihələrim var. Amma yenə deyirəm, sadəcə danışmaqla olmaz. Bu barədə rəsmi təklif olarsa, federasiya rəhbərliyi ilə görüşmək, əməkdaşlığın detalların müzakirə etmək lazımdır.

– Sizcə, uğur qazanmaq üçün hansı dəyişiklikləri etməliyik?

–  Birincisi, işin peşəkar adamlara tapşırılması mütləqdir. Bundan başqa, uşaq futboluna diqqət ayrılmalıdır. Həmçinin nizam-intizam məsələsi də önəmlidir.

– Sizcə, Berti Foqts sayəsində futbolumuzun inkişafı mümkündürmü?

Mənim Berti Foqtsun işini qiymətləndirməyim düzgün olmazdı.Onun işinə siz qiymət versəniz daha yaxşı olar.

– Sizcə, milli komandamızın qrupda 7 xal yığması uğurdurmu?

Mən bunu uğur kimi qiymətləndirməzdim. Qrupdan çıxmaq uğur sayılmalıdır.

– Əgər milli komandamızı siz çalışdırsaydınız, qrupdan çıxmağa oynayacaq komandanı neçə ilə formalaşdıra bilərdiniz?

Bunun üçün işə klublardan başlamaq lazımdır. Təbii ki, oyun sisteminin formalaşdırılması da vacibdir. Bu gün ən zəif komandaların belə, özünəməxsus oyun anlayışı var.

– Hazırda həm əsas, həm də olimpiya yığmamızda alman mütəxəssis çalışır. Necə düşünürsünüz, bizim ölkədə türk məşqçilərin çalışması daha xeyirli olmazmı?

Düzdür, Türkiyədə yaxşı məşqçilər var və onların təcrübəsindən faydalanmağa dəyər. Ancaq yerli məşqçilərə də önəm verilməlidir. Görürsünüz, almanlar Yohaim Lövə necə önəm verir? Həmin Löv ki, məndən sonra “Adanaspor”a gəldi, mən isə “Kocelispor”a getdim. Həmin il mən finalda “Beşiktaş”ı yenərək ölkə kubokunu qazandım. Lövün komandası isə aşağı dəstəyə düşdü.

– Maraqlıdır, seçim qarşısında qalsaydınız Azərbaycanın əsas millisində, yoxsa gənclər yığmasında işləməyi üstün tutardınız?

Açığı bütün milli komandaların mənim və köməkçilərimin nəzarətində olmasını istərdim.

– Fikrinizcə, azərbaycanlı oyunçuların səviyyəsi uğur qazanmaq üçün yetərlidirmi?

– Futbolçular arasında ciddi fərq yoxdur. Sadəcə, zəka və fərdi bacarıq fərqi var. Fərdi bacarıq bir oyunda qələbə qazanmağa, kollektiv oyun isə çempion olmağa bəs edər.

– Sizcə Azərbaycan millisi kollektiv oyun sərgiləmir?

Kollektiv oyun sərgiləməyə çalışır, amma sadəcə müdafiə taktikası ilə nəyəsə nail olmaq olmaz. Hücum futbolunu da düşünmək lazımdır.

– Türkuyə matçında Azərbaycan milli komandası necə təsir bağışladı?

Hücum xəttinin istənilən kimi olmadığını qeyd etməliyəm. Müdafə baxımından isə nisbətən yaxşı təsir bağışladı milli komandanız. Amma buraxılan qol müdafiədəki boşluğun nəticəsi idi. Həmçinin  Azərbaycan millisi orta yaş həddi yüksək olan komanda təsiri bağışlayırdı.

– Yeri gəlmişkən, milli komandamızda forma geyən türkiyəli Ufuk Budakın oyunu barədə nə deyə bilərsiniz?

 Ufuk Budak mənə bacarıqlı oyunçu təsiri bağışladı.Üstəlik yaşı da çox deyil. Nədənsə Azərbaycan klubları adətən nisbətən yaşlı türk  oyunçuları transfer edirlər. Mən bu strategiyanın yanlış olduğunu düşünürəm.

– Ümumiyyətlə milli komandalarda milliləşən oyunçuların oynamasına münasibətiniz necədir?

Mənim fikrimcə, oynamalıdırlar. Hər halda, Məsut Özil və Boatenq buna yaxşı örnəkdir.

– Avro-2012-nin play-off mərhələsindəki Xorvatiya millisi ilə qarşılaşacaq Türkiyə milli komandasının şanslarını necə qiymətləndirirsiniz?

Şübhəsiz çox çətin oyun olacaq. Yadınızdadırsa, son Avropa çempionatında xorvatları yenmişdik. Amma bu dəfə onların bizdən revanş alması mümkündür. Çünki hazırda Türkiyə millisi o qədər də yaxşı durumda deyil. İnşallah o vaxta qədər toparlanar və qələbə qazanarıq.

Tural Məmmədov, xüsusi olaraq “sumqayitxeber.com” üçün

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər