Tələbə etiraf etdi: “Universitetlərimiz gözdən əlil tələbəni qəbul etməyə hazır deyil”

246

Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi, görmə məhdudiyyətli Aynur Xəlfəyeva Open.az-a müsahibə verib.

– Universitetə necə gəlib-gedirsiniz?

– Sumqayıtda qalıram. Bura universitetin xidmət avtobusu ilə gəlib-gedirəm. Bəzən də anamla gəlirəm. Avtobus tez gəldiyi üçün bir az universitetdə oturub dərsin başlanmasını gözləyirəm. Sonra qrup yoldaşlarım gəlir və biz dərs otağına qalxırıq.

– Niyə məhz alman dili? Bu dilə maraq haradan yarandı?

– Uşaqlıqdan arzum Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq idi. Kiçik yaşımda evdə müəllim-şagird oyununu oynayırdım. Bu ixtisasdan 3 balla kəsilsəm də, 436 balla alman dilinə qəbul oldum.

– Qəbul imtahanına necə hazırlaşdınız?

– Mənim hazırlıq yoldaşlarım adi insanlar idi. Digər uşaqlar kimi mən də müəllimin evinə gedirdim. Biri bunker müəllim, digərləri adi müəllimlər idi. Təbii ki, həvəsdən düşdüyüm anlar da olub. Ən çox çətinlik çəkdiyim məqamlardan biri hazırlığa gəlib-getməyim idi. Tək gedə bilmirdim deyə, məni kimsə müşayiət etməli idi. Bu, ya anam, ya da hər hansı bir rəfiqəm olurdu. Onların işi olanda isə məcbur dərsdən qalırdım.

– Universitetdə dərslər necə gedir? Çətinliyiniz olurmu?

– Çalışmışam, hər müəllimi öz fənninə uyğun olaraq razı salım. Deməsin ki, bu uşaq problemlidir, oxumur. Bu sözü özümə heç vaxt yaraşdırmaram. Bəlkə görsəydim, 5-10 dənə kəsrim olardı. Universitetə qəbul olmamışdan qabaq elə bilirdim burada hər şey rahat olacaq, kef edəcəyəm (gülür). Amma belə deyilmiş. İmtahanlar, fənlər yetərincə çətindir. İnsanlar düşünə bilər ki, yalnız dərsə qulaq asıb gedirəm. Amma bu belə deyil, mən də digər uşaqlar kimi yazıb oxuyuram. Hətta müəllimə tərəf baxıram ki, o mənim diqqətimin onda olduğunu bilsin.

– Universitetdə sizi nə qane etmir?

– Düşünürəm, tələbələr daha anlayışlı olsaydı, mən də rahatlıqla hərəkət edə bilərdim. Bastonla gəzmək mənə daha rahat olardı. Amma bilirəm ki, mən onunla gəzsəm, insanlar mənə qəribə baxışla baxacaqlar. Görməsəm də, həmin baxışları hiss edəcəyəm. Ümumiyyətlə, Azərbaycan universitetləri gözdən məhdudiyyətli tələbəni qəbul etməyə hələ hazır deyil. Mən 12 il təhsil aldığım məktəbdə, 3 mərtəbəli olmasına baxmayaraq, rahat şəkildə gəzirdim. Artıq həmin məktəbin hər yerinə bələd idim.

– Ən böyük arzunuz nədir?

– Hər kəs mənə bu sualı verəndə elə bilirlər gözlərimin görməyini deyəcəyəm, amma səhv düşünürlər. Ən böyük arzum Türkiyə universitetlərinin birində jurnalistika ixtisası üzrə magistratura təhsili almaqdır.

– Hobbiniz nədir?

– Əsas məşğuliyyətim dərsdən əlavə maraqlı kinoya baxmaqdır. Yəni mövzusu məni cəlb etsə, onu dinləməyə başlayıram. Mahnılara qulaq asmağı sevirəm. Ərəb hərflərini öyrənmişəm, Quran oxumağı və pianinoda ifa etməyi bacarıram. Şəkil çəkdirməyi və “vatsap”da paylaşmağı xoşlayıram.

– Dediniz “vatsap”a şəkil qoymağı xoşlayırsınız. Özünüz telefondan rahat istifadə edə bilirsiniz?

– Əlbəttə, mən tam sərbəst şəkildə telefondan istifadə etməyi bacarıram. Talkback tətbiqi vasitəsi ilə internetdən mənə lazım olan məlumatı tapa bilir, “vatsap”a daxil olur, istədiyim dostlarımla yazışıram.

– Gələcəkdə hansı peşə ilə məşğul olmaq istəyərsiniz?

– İstəyərdim televiziyada ya da radioda işləyim. Çünki ətrafımdakı insanlar gözəl diksiyam olduğunu deyir.

– Gələcəkdə ailə qurmağı fikirləşirsiniz?

– Ailə həyatda lazımlı bir şeydir. Ata, ana həmişə həyatda olmur. İnsan ailə qurmalı, övlad dünyaya gətirməlidir. Qismət olsa, Allahdan məsləhət olsa, niyə də yox. Tanışlarımdan fiziki qüsurlu olmasına baxmayaraq ailə qurub, xoşbəxt olan var. Hətta sağlam övlad da dünyaya gəlib. Düzünü desəm, gözdən əlil insanla ailə qurmaq istəmərəm. Fikirləşirəm, ikimiz üçün də çətin olar. Hər hansısa bir yerə gəzməyə getmək istəsək, gərək mütləq yanımızda kimsə olsun.

– Sonda fiziki çətinliyi olub, təhsil almaq istəyən insanlara nə demək istəyərdiniz?

– Bu dünya imtahan dünyasıdır. Belə iş hər kəsin başına gələ bilər. Əsas odur ki, insan ruhdan düşməsin, həyata sevgi ilə yanaşsın və nə olursa-olsun mübarizə aparmaqdan çəkinməsin.

Ülviyyə Kamran

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər