TİRDƏ DİRİLMƏ…

704

Anam yaddaşımda o soyuq fevral gecəsində qalmışdı. Onu unutduğumu xatırlayırdım, qalanını yox. Bu yaşıma qədər yaddaşımı qaytara bilmirəm. Uşaq da deyilmişəm, altı yaşım varmış.

Altı yaşıma qədər anam olub, atam olub, evimiz olub. Mən də bütün uşaqlar kimi xoşbəxt olmuşam. Hələ yaddaşım da olub.

Bunları düşünmək necə də xoşdur. Amma bildiklərim atamdan, nənəmdən eşitdiklərimdir. Bir də televizorda gördüklərim…

Anamı elə xatırlamaq istəyirəm ki…

Atam üstümə qışqıranda pis olurdum. Elə bilirdim qızların üstünə ancaq anaları qışqıra bilər. Hərdən də atamın səsi qadın səsi kimi gəlirdi qulağıma. Yanımda heç kim anamdan söz salmazdı. Mən soruşanda danışmazdılar.

On iki yaşım olanda atam evimizə təzə ana gətirdi. Mənimlə mehriban dolanırdı. Amma “qızım” sözü məni üşəndirirdi. Almaz xalaya ana deyə bilmirdim. Anamın xətrinə dəyərdi. Almaz xala mənə anamdan danışmışdı. O soyuq fevral gecəsi anam məni götürüb meşəylə üzü şəhərə qaçırmış. Gülləylə başından, sonra da ürəyindən vurublar. Əsgərlər məni tapana qədər anamın qucağında iki gün o meşədə qalmışam. Məni meyitdən güclə aralayıblar.

Bəlkə Almaz xalanın uydurması idi. Mən isə deyilənlərə inanmaqdansa özüm xatırlamaq istəyirdim. Özüm iyirmi iki yaşındayam, yaddaşım on altı. O soyuq fevral gecəsini bircə anlıq olsa belə, xatırlamaq üçün nələr verməzdim…

36…Aqil həyatıma girəndə onda da anamı axtarırdım. Mənə elə gəlirdi ki, onda anamı görə bilirəm. Düşünürdüm ki, anam sağ olsaydı, o da mənim qayğıma beləcə qalar, məni belə sevər, anlayardı.

Bu gün Aqil məni tirə apardı. Əvvəl özü atəş açdı, sonra məni öyrətdi. Tüfəngi köksümə sıxıb hədəfə atəş açdım. Gözüm yaşardı…

Və nə baş verdisə, onda baş verdi. Barıt qoxusu… Şaxta…

Anamın ətri…

Xatırlayırdım.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər