Torpaq sizə oğul deyir!

751

Torpağın üzü soyuqdur, deyirlər. Bəlkə də, bu deyim onun ağuşuna atılmaqdan qorxan insanların deyimidir. Ya da onun əbədiyyət olduğunu tam mənası ilə dərk etməyənlərin fikridir.

Torpaq əbədi və əzəlidir. Belə olmasa idi, öz doğma balasına qucaq açırmış kimi qoynuna almazdı igid oğullarını. Demək ki, torpaq soyuq üzlü deyil, od qoxulu, ana nəfəslidir. Əbəs yerə bu qara torpağa “ana torpaq” ismini yaraşdırmadıq. Bir qarış torpağını belə güzəştə getməyən, onun müdafiəsinə canı, qanı bahasına qalxan odərlər bütövlük uğrunda aparılan haqq savaşında canlarından keçərək ana torpağın qoynunda əbədiyyətə qarışdılar.

 Hüseyn Arifin “Analar” şeirində:

Torpaqmı anasız qalmasın deyə,

Torpağın qoynuna köçür analar?

misralarını Vətən müharibəsində torpağın hər dənəsini qanı ilə yoğuran, Zəfər tarixini təqvimə əlavə edən oğullarımın əbədiyyətə qovuşması ilə mənalandırardım:

Torpaqmı düşməndən qorxmasın deyə,

 Torpağın qoynunda yatır igidlər?

Dara düşəndə öz igidlərinə arxalanan torpağı Azərbaycan oğulları naümid qoya bilməzdi. Bəlkə də, onlar dünyaya elə torpaq olmaq üçün gəlmişdilər. Belə olmasa idi, 44 günlük Vətən müharibəsindən bir gün öncə anası ilə soyuq danışan Tərlan Rzayevə anası: “Yanına gələcəyik”,- cümləsini deyərkən:

-Yanıma? –deyə sualla cavab verməzdi. Ölümünü əvvəlcədən bilirmiş kimi, yəqin, qəlbində :” Ay ana, zərrəsinə qarışacağım torpağımımı ziyarətə gələcəksən”,- deyirmiş.

Ya bacısı ilə müharibə zamanı əlaqə saxlayan Tərlan Məmmədov Bikəxanıma: “Səni çox, lap çox istəyirəm, bacı”,- dediyində , olsun ki:” bağışla, getməliyəm, qoynuna çağırır bu ana torpaq”,- deyə işarə edirmiş.

Ya anasına telefon açaraq övladlarını əmanət edən Abbasov Aysənan kimi övladlarının rifahı və Azərbaycanın gələcəyi üçün torpağın and yeri olmaq istəyirmiş. Bəlkə də… Bəlkə də…

Torpağı sevmək onu qorumaqdır, ona oğul olmaq, ona sipər olmaqdır.

Amma, ana torpaq, daha bəsdir, igid oğulların hərisi olma! Səndən daha çox sevən anaları var, qoy onlar qucsun oğullarını. Bir daha igid qoynuna alma, qoy onlar balalarını qoynuna alıb nazlasın. Torpağım, daha sevmə oğullarını, qoy onları nazlı yarları sevsin.

İnanıram ki, Vətən daima sağ olacaq. Onu qoruyan, keşiyində duranlar da sağ olacaq, əzizlərinin, Ana Vətənin kürəyinə dayaq, dağ olacaqlar, dərd “dağ”ı yox!

Xəyalə Həmzəliyeva, Sumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbinin müəllimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər