Trans yağlarla bağlı QADAĞALAR nələri dəyişək? – Yağ alanda bunlara fikir verin

1211
Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, trans yağların faizinin yüksək olması insan orqanizmi üçün təhlükəlidir:
“Təşəbbüsümüz ondan ibarətdir ki, idxal və istehlak olunan yağlarda trans yağların miqdarı iki faizi ötməsin. AQTA bu göstəriciyə əməl olunmasına nəzarət edəcək”.
Mövzu ilə bağlı Lent.az -a danışan terapevt Coşqun Məmmədli bildirib ki, trans yağlar müxtəlif qida maddələrinin işlənməsi nəticəsində əmələ gəlir:
“Belə ki, son vaxtlar çoxalan xərçəng və mədə-bağırsaq xəstəlikləri elə məhz bu yağlarla bağlıdır. Xüsusən də bitki mənşəli olan palma yağları 37 dərəcədən çox temperaturda əriyir, orqanizmin temperaturu isə 37-dir. Ona görə də bu yağlar əriməmiş qalır və bir çox fəsadlara yol açır.
Bu cür yağlardan günlərlə, aylarla istifadə etməyin nəticəsində mədə-bağırsaq və qan-damar sistemləri pozulur. Bir neçə ildən sonra isə xərçəng xəstəliyinin əmələ gəlməsində mühüm rol oynayır. Həmçinin son vaxtlar ölkədə trans yağlarından çox istifadə xəstəliklərin də cavanlaşmasına səbəb olub. Bundan başqa trans yağlar yaddaş probleminə də gətirib çıxara bilir ki, artıq bu problem gənclər arasında çox yayılıb”.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə Lent.az -a bildirib ki, ölkədə yağların tərkibinə nəzarət gücləndirilməlidir:
“Hazırda ölkəmizin yağ bazarı seqmenti çirklənib və istehlakçılara orijinal adı ilə saxta, zərərli yağlar satılır. Qurumumuza tez-tez müxtəlif kərə yağlarının tərkibi ilə bağlı şikayətlər daxil olur. Trans yağlara gəldikdə, bu cür yağlar insan səhhətinə həddindən artıq ziyandır, ona görə də diqqətli olmaq lazımdır.
Düşünürəm ki, AQTA-nın trans yağlarla bağlı atacağı addımlar müsbət dəyişikliklərə səbəb olacaq”.
Son olaraq trans yağlarla bağlı Lent.az -a AQTA-dan bildirilib ki, gündəlik istehlak olunan əsas qida məhsullarına daxil olan yağlar tərkiblərindəki yağ turşularının xüsusiyyətlərinə görə qidalanmaya və sağlamlığa təsir edir:
“Son zamanlar aparılan müxtəlif elmi araşdırmalar nəticəsində doymuş yağ turşuları ilə yanaşı, trans yağ turşularının da sağlamlığa mənfi təsiri öz təsdiqini tapıb. Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən, dünyada aparılan elmi araşdırmalara istinad edilərək, trans yağların insan orqanizmi üçün təsirlərinin elmi əsaslarla risk qiymətləndirməsi aparılmış və həmin araşdırmalar nəticəsində bu yağların insan sağlamlığına mənfi təsiri öz təsdiqini tapmışdır.
Ümumiyyətlə, doymuş yağ turşularından əmələ gələn yağların çoxu otaq temperaturunda qatı (sərt), tərkibində doymamış yağ turşuları olan yağlar isə maye halında olur. Qidalarda ən çox rast gəlinən bəzi doymuş yağ turşuları palmitin, stearin və miristin turşularıdır”.
Qeyd edilib ki, doymuş yağ turşularının enerji dəyərinin digər yağ turşuları ilə eyni olmasına baxmayaraq, orqanizmdə yağ toplanması və çəki artımına səbəb olduğu məlumdur:
“Eyni zamanda, trans yağ turşuları ilə qidalanma insulinə qarşı rezistentliyin əmələ gəlməsinə şərait yaradaraq, diabetə meyilliliyi artırır və xroniki iltihabi proseslərin inkişafına səbəb olur.
Bitki və balıq yağlarının dadını qorumaq, fiziki xüsusiyyətlərini dəyişmək, rəf ömrünü uzatmaq və istifadə imkanlarını artırmaq məqsədilə doymamış yağ turşularının qismən hidrogenləşdirilməsi aparılır və bu zaman trans yağ turşuları yaranır.
Aparılan araşdırmaların nəticəsi olaraq bildirilir ki, gündəlik qida məhsullarında müəyyən olunmuş normadan artıq trans yağların qəbulu ürək–damar xəstəliklərinin yaranmasına səbəb olur. Həmçinin, trans yağ turşularının xərçəng, piylənmə, alzeimer, dölün inkişafdan qalması, körpələrdə mərkəzi sinir sisteminin inkişafına mənfi təsir etməsi, diabetə meyilliliyi artırdığı da müxtəlif araşdırmalarda müəyyən edilmişdir.
Bundan əlavə, araşdırmalar göstərir ki, trans yağları yaddaş pozuntusu və süd vəzisi xəstəliklərini inkişaf etdirir, hər iki cinsdə sonsuzluq yaradır, immun sisteminə mənfi təsir göstərir”.
Məlumatda vurğulanıb ki, hazırda bir çox inkişaf etmiş ölkələrdə trans yağlarının qida məhsullarındakı miqdarı ciddi şəkildə tənzimlənməkdədir:
“Avropa Birliyi və bir sıra digər ölkələrdə qida məhsullarının tərkibində olan trans yağları üçün ən yüksək hədd 2% miqdarında təyin edilmiş və qablaşdırma üzərində miqdarının qeyd olunması zərurəti tələb kimi qoyulmuşdur.
Bununla əlaqədar olaraq, insan istehlakı üçün nəzərdə tutulan yağların təhlükəsizlik göstəriciləri ilə bağlı AQTA tərəfindən nəzarət tədbirlərinin gücləndirilməsi və daha sərt tənzimləmə işlərinin həyata keçirilməsi nəzərdə tutulub”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər