TÜRK DÜNYASININ ŞANLI TARİXİ

259

Mən sizə hücum etməyi yox,
Ölməyi əmr edirəm.

M.K.Atatürk

Çanaqqala döyüşləri müharibələr tarixinə özünün misilsiz adını yazmışdır. Bu savaşlar nəticəsində türklər dünyaya öz döyüş əzmlərini sübut etmişlər. Min illik döyüş təcrübəsi olan böyük türk millətinin Birinci cahan müharibəsindəki zəfəri bu ulusun bir daha yenilməz olduğunu təsdiqləmiş oldu. Bu qalibiyyət savaşın taleyində əhəmiyyətli dönüş yaratmış və onu daha bir neçə il uzatmışdır. Çanaqqala Döyüşləri, əsrimizin ən böyük döyüşlərindən biridir. Birinci dünya müharibəsini qalib şəkildə bitirmək istəyən düşmən dövlətlər gəmiləri ilə Çanaqqala boğazını keçib İstanbulu almaq istəyirdilər. Osmanlı ordusu İngilis və Fransız donanmalarına qarşı Çanaqqala boğazında aylarla sürən silsilə dəniz və quru döyüşləri aparmışdır. 250.000 türk əsgərinin şəhid olduğu bu döyüşlər nəticəsində düşmən donanmaları ağır itkilər verərək geri çəkilmişlər. Çanaqqala Döyüşlərinin dənizlə əlaqədar hissəsi 18 Mart 1915-ci il tarixində düşmən gəmilərinin geri çəkilmələri ilə nəticələnmişdir. Bu səbəblə hər 18 Mart günündə Çanaqqala döyüşlərini xatırlamaqdayıq.
Haqqında danışılan dövrdə regionun vəziyyəti elə də ürəkaçan deyildi. Xüsusən tarixin gördüyü ən geniş sərhədlərə sahib olmuş, hər növ milləti, inancı içində saxlamış və təxminən 600 ildən artıq müddətdə davam edən Osmanlı səltənəti 20-ci əsrin əvvəlində süqut edirdi. Xaricdə və daxilində yaşadığı mübarizələr Osmanlı dövlətini çökdürür, torpaqlarını və gücünü azaldırdı. Sonda Trablis və Balkan döyüşləri ilə bir-birinin ardınca uduzan Osmanlı dövləti Şərqi Trakiya xaricində Avropadakı bütün torpaqlarını əldən vermiş, hörmətini və gücünü itirmişdi. Artıq Osmanlı dövlətinin ölümü gözlənilir və digər ölkələr tərəfindən bölüşdürülmə planları hazırlanırdı. Rusiya boğazları ələ keçərib isti dənizlərə çıxmağı hədəfləyərkən, İngiltərə Süveyş Kanalı və Hind yolunun təhlükəsizliyi üçün Fələstini ələ keçərmə planını hazırlayır; Fransa Livan, Suriya və Kilikiyanın idarəsini arzulayır; Almanlar şərqə yayılma siyasəti güdür, İtalyanlar isə Antaliyaya sahib olmağı istəyirdilər.
Birinci dünya müharibəsinin başlamasının ardınca Osmanlı dövləti əvvəl Antanta dövlətləri ilə birlikdə olmağa niyyət etdisə də, Rusiyanın bu vəziyyətə soyuq yanaşması Osmanlını Almaniyaya doğru istiqamətləndirdi və 2 Avqust 1914-cü ildə edilən gizli bir anlaşma ilə alman-türk ittifaqı dəqiqləşdi.
Müharibə getdikcə özünə daha çox tərəfdar toplayırdı. Osmanlı imperiyasına yönəlmiş gizli planlar, anlaşmalar həddən artıq çirkin xarakter almağa başlamışdı. Antanta dövlətlərinin dəniz hərəkatı 19 Fevral 1915-ci ildə başladı. Həmin ilin mart ayına qədər düşmən gəmiləri türk istehkamlarını top atəşinə tutdu. Boğazları güclə keçə biləcəklərinə inanan düşmənin silahlı qüvvələri bunun müqabilində qərarlı və müqavimətli cavab almaları bu işin o qədər də asan olmadığını göstərirdi. Bir ay boyunca davam edən minlərlə güllə atışmasının ardınca çox da böyük bir uğur əldə edilə bilməmişdi.
Bir neçə belə cəhd uğursuzluqla nəticələnəndən sonra admiral Karden vəzifəsindən götürüldü. Onun yerinə martın 17-də Robek gətirildi. Admiral Robek iddia edirdi ki, qisa müddət ərzində Türk mühasirəsini uğurla yararaq İstanbulda olacaq. Belə olan təqdirdə istehkam mövqe komandanı albay Cavad Çobanlı 17 mart gecəsi boğaza mina xətti döşənməsini əmr etdi. Əmri icra edən minbaşı Nazim bəy “Nüsrət” mina gəmisi ilə o gecə boğaza mina düzdürdü və minaların sayı 11 xətt olaraq 400-ü keçdi.
Martın 18-də ingilis-fransız gəmiləri şiddətli bir atəşə başladılar. Mecidiyye və Hamidiyyə istehkamları ardıcıl atəşə tutuldular. Dardanes batareyaları atəşi üzərilərinə çəkərək düşmənin bütün gəmilərinin hücumuna məruz qaldı. Bu arada Məsudiyyə qalası atəşə başladı. Düşmən gəmiləri Məsudiyyəyə sarı çevriləndə Hamidiyyə onun köməyinə gəldi. Admiral Robek ilk addımın uğursuzluğunu görüb fransız gəmilərini geri çəkərək, ingilis gəmilərini irəli verdi. Lakin dəhşətli partlayışlar ingilis döyüş gəmilərinə sarsıdıcı zərbə vurdu. Ingilislərə məxsus “Bouvet” və “Suffren” döyüş gəmiləri minalara dəyərək batdı və 639 nəfər hərbçi sulara qərq oldu. Deməli, “Nüsrət” mina gəmisinin bir neçə gün əvvəl düzdüyü minalar özünü doğrultmuşdu. Düşmən qüvvələrə məxsus “Agamenon”, “İnfexible”, “İrressitible” gəmilərinin də aqibəti acınacaqlı oldu. Qüvvələr nisbətinin qeyri-bərabər olmasına baxmayaraq düşmən Osmanlı müdafiəsini heç cürə yara bilmədi. Əksinə böyük tələfat verərək geri çəkilməyə məcbur oldu.
O zaman dənizlərdə çox güclü hərbi mövqeyə malik ingilis və fransız donanması Çanaqqalanı sudan ələ keçirə bilməyəcəklərini anlayandan sonra qurudan hərbi əməliyyata başlamağı qərara aldılar. Beləlikilə Çanaqqala quru döyüşlərinə başlanıldı. Mustafa Kamal Paşa Kabatəpə və Seddülbahirdən, alman sərkərdəsi Fon Sanders isə Bolayır və Anadolu yaxtasından hücum edilə biləcəyini söylədilər. Nədənsə alman komandirinin şərhi qəbul edildi və çoxsaylı əsgərlər həmin istiqamətdə yerləşdirildi. Lakin düşmən 25 apreldə Mustafa Kamal Paşanın düşündüyü nöqtədən hücum etdi. Mustafa Kamal Qocaçiməndə, Conkbayırda döyüşdü. Ağır döyüşlər gedərkən əsgərlərin mərmilərinin bitdiyini görən Mustafa Kamal onlara süngülərini tüfənglərinə keçirməyi əmr etdi və “Mən sizə ölməyi əmr edirəm Biz öldükdən sonra yerimizə digər qüvvələr, başqa komandanlar keçəcək” deyə bildirdi. Bu bəlkə də tarix boyu görünmüş ən böyük sipər döyüşü imiş. Şəhid olan əsgərlərin yeri həmin an doldurulurdu. Düşmən qüvvələri sürətlə Conkbayıra doğru irəliləyirdi. Lakin bıçağın sümüyə dirəndiyi açıq aydın görünürdü. Qumqala, Beşike, Bolayır, Seddülbahir, Arıburnu, Qabatəpə, Conkbayır və Anafartalarda gedən amansız döyüşlərdə hər iki tərəf çoxsaylı itgi verdi. Tarixin uzaq qərinələrindən o günə kimi dünya belə döyüş görməmişdi. Düşmən qüvvələrin çoxsaylı hücumları qarşısında mətinliklə dayanan Türk əsgərlərinin ara-sıra etdikləri hücum cəhdləri düşməni ağır itgilərlə qarşı-qarşıya qoydu. Tezliklə dekabrın 20-də Anafartalar və Arıburnu cəbhəsi, 8-9 yanvarda Seddülbahir düşmənlərdən azad edildi. Beləliklə düşmənin birləşmiş qüvvələri geri çəkilmək məcburiyyətində qalaraq döyüş məkanını tərk etdi və 1916-cı ilin baharında böyük ümidlərlə gəldiyi bu torpaqlardan həmin ilin qışında qaçmağa başladılar. Bu gün bəzi dövlətlərin Türkiyəyə qarşı olan qısqanclıq və xəbislik niyyətlərinin əsas səbəblərindən biri də bəlkə də Çanaqqala vuruşmasıdır. Çünki bu vuruşmada tarix boyu Türk-İslam Dünyasına qənim kəsilmiş və öz işğalçılıq planlarını hər zaman yeritməyə çalışan Avropa dövlətlərinin məqsədləri alt-üst olmuş, nəticədə onlar gözləniləndən qat-qat artıq itgi vermişlər. Dünyanın böyük bir ərazisini ədalətlə idarə edən Osmanlı dövlətinin tənəzzülündən xaincəsinə yararlanmağa çalışan Avropa dövlətləri Türkləri İstanbuldan vurub çıxarmaq, ümumilikdə Anadolu ərazisini Türk etnonimindən təmizləmək siyasəti güdürdülər. Lakin azlıqda və çətinlikdə qalmasına baxmayaraq Türk xalqı bu vuruşmadan alnıaçıq çıxa bildi. Daha doğrusu xeyli əraziləri əldən getmiş Osmanlının bu sonuncu ümid torpaqları uğrunda Türk xalqı davamlı mübarizəyə qalxdı və düşmənləri geri oturtmağı bacardı. Bu savaşda Osmanlı 251.309 nəfər itgi verdi. Döyüşdə əsas canlı qüvvə və texnika ilə iştirak edən ingilislər 205.000, fransızlar isə 47000 itgi verdi. Çanaqqala savaşı zamanı 3000 yaxın azərbaycanlı əsgərləri də şəhid oldu. Ümumilikdə düşmən tərəf 300.000-ə yaxın canlı qüvvəsini itirdi və bundan əlavə çoxlu sayda hərbi-texniki qüvvələri məhv edildi. Çanaqqala savaşı həm də gələcək Qurtuluş savaşının şərəfli başlanğıcı oldu. Dəniz və quru qoşunlarını əhatə edən və bütün çətinliklərə baxmayaraq Türk hərb tarixinin şərəfli səhifələrindən birinə çevrilən Çanaqqala savaşı Atatürk kimi bir dahini yetişdirmiş, gələcək qurtuluş savaşında onun liderliyinə əsas zəmin olmuşdur.
Beləcə araşdırdıqca aydın görürük ki, Canaqqala boğazına olan hücumun əsas səbəbkarı İngiltərə hökuməti imiş. Hətta Çörçili bu planın baş memarı da adlandırmaq olar. Lakin o Türklərin hərbi qüdrətini yalnız riyazi hesablamalarla ölçmüş və mənəvi qüdrətini nəzərə almamışdır. İngilis və fransızların ən böyük səhvi də elə ondan ibarət idi ki, onlar bu boğazın Osmanlı dövlətinin son ümidi olduğunu nəzərə almamış və vaxtilə dünyaya hökm edən Osmanlının bu boğazı itirməmək üçün bütün resurslarından istifadə edəcəyinə yetərincə inanmamışdı. Bu döyüşdə itirilən insanların sayına və sosial mənşəyinə nəzər salanda mübarizənin bir ümumxalq mübarizəsi olduğuna heç bir şübhəmiz qalmır.
Çanaqqalada Türk əsgərlərinin göstərdiyi mətinlik və cəsarət düşmən generallarını və siyasi xadimlərini belə heyrətə gətirmişdi. İngiltərənin baş naziri Uinston Çörçill “Türklər Çanaqqalada ən müasir silahlarla silahlanmış güclər qarşısında bir qala kimi dayanmışdılar”, ingilis generalı Oqlander isə “Türk əsgərlərinin döyüşdə göstərdikləri igidliklərin nəzərə alınmaması ingilislər üçün fəlakət oldu” demişlər. Yapon professor Hideo Mikinin fikri də diqqəti cəlb edir: “Çanaqqala savaşları, modern savaş tarixində birləşmiş quru və dəniz savaşlarının başlanğıcı və ilk örnəyidir”.
Beləliklə bu amansız döyüşün parlaq xatirələrini oxuduqca insanın heyrətini saxlaya bilməsi mümkünsüz görünür. Həqiqətən də Çanaqqala savaşında babalarımızın göstərdiyi şücaət və igidliklər bu gün örnək olaraq anılmaqdadır və 103 il öncəyə nəzər salanda sanki nümunəvi qəhrəmanlıq portretinə tamaşa edirsən. Bu portretddə qadın nişançılardan, sağ əlini itirib, sol əli ilə vuruşandan tutmuş, 276 kq-lıq mərmini inanılmaz formada topa qoyub atəş açan və düşmən gəmisini pərən salan Seyid Çavuşa qədər hər kəs əks olunmuşdur. Fəxrlə demək olar ki, bu portretdəki simalar və şücaətlər Çanaqqala savaşını qeyd-şərtsiz olaraq böyük qəhrəmanlıq dastanına çevirmiş və bu dastan sonrakı nəsillərin və təbii ki, bizlərin milli ruhda, cəsurluq ruhunda tərbiyə almağımıza bir məktəb olmuş və olacaqdır.
Azərbaycanda Çanaqqala hadisələri lazımı səviyyədə tədqiq edilmişdir. Hətta bu döyüşləri ithaf edən əsərlər də yazılmışdır. Bunlardan görkəmli bəstəkarımız Vasif Adıgözəlovun “Çanaqqala 1915” oratoriyasıdır. Bu əsər öz ruhuna görə insana döyüş əzmi aşılayır. Çanaqqala savaşları günümüzdə ən çox danışılan mövzulardan biridir. Biz bu hadisələrdən nəticə çıxartmaqla gəlcək nəsillərin şüurunun formalaşmasınında əhəmiyyətli işlər görə bilərik. Sadalanan fikirləri şairin bu sözləri ilə tamamlamaq istərdim:
“ Bayraqları bayraq edən üstündəki al qandır,
Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir! ”

Sumqayıt Dövlət Universitetinin
dosenti, tarix üzrə fəlsəfə doktoru
Elmar Xəlilov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər