Türkiyəli alim Sumqayıt Dövlət Universitetinin fəxri doktoru adına layiq görülüb – FOTO

224

Dekabrın 18-də Sumqayıt Dövlət Universitetində (SDU) elmi şuranın iclası keçirilib. İclasda Türkiyənin Hacettepe Universitetinin professoru Şükrü Haluku Akalın da iştirak edib.

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən SDU-nun rektoru, professor Elxan Hüseynov qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan, ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Türkiyə əlaqələrindən danışıb. O, təhsil sahəsində də əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayıb.

Rektor SDU-nun fəxri doktoru adına layiq görülməsi münasibətilə Şükrü Haluku Akalını təbrik edərək onun təkcə Türkiyədə deyil, bütün türk dünyası və Avropa alimləri arasında böyük nüfuza malik olduğun bildirib. Bildirib ki, alim sanballı tədqiqatları ilə elmə öz töhfəsini verib, onun əsərləri müxtəlif dillərə tərcümə olunub. Şükrü Haluku Akalın Çukurova Universitetində Türkoloji Araşdırmaları Mərkəzini yaradaraq ona rəhbərlik edib, 2001-ci ildə Türk Dil Qurumuna sədr seçilib. Alim türk dövlətlərində, xüsusən də Azərbaycan türkoloqları, dilçi alimləri ilə Türk Dil Qurumu arasında sıx əlaqələrin yaradılmasına xidmət göstərib. O, Azərbaycanda dilçilik mövzusunda keçirilən toplantılarda Türk Dil Qurumunun sədri kimi Türkiyəni təmsil edib.

Elxan Hüseynov diqqətə çatdırıb ki, Şükrü Haluk Akalını SDU ilə sıx dostluq telləri bağlayır. Türkiyəli alim SDU-da keçirilən beynəlxalq elmi konfranslarda, dəyirmi masalarda yaxından iştirak edib, eyni zamanda, konfrans çərçivəsində ustad dərsləri keçib. Həmçinin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar SDU-nun elmi şurasının qərarı ilə çap olunmuş “Əbədiyyətin Nəsimi zirvəsi” toplusunda məqalə ilə çıxış edib.

Sonra rektor Elxan Hüseynov universitetin fəxri doktor diplomunu, medal və mantiyanı türkiyəli qonağa təqdim edib.

SDU-nun fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu ifadə edən Şükrü Haluk Akalın bundan sonra da Türkiyə ilə Azərbaycan arasında elm və təhsil sahəsində əlaqələrin gücləndirilməsinə çalışacağını deyib.

Türkiyəli alim deyib: “Bizim bütün işlərimizin arxasında Azərbaycan-Türkiyə münasibətləri, qardaşlıq və dostluq əlaqələri dayanır. Hər birimizin- müəllimlərin də, tələbələrin də üzərinə bu münasibətlərin daha da möhkəmləndirilməsi, bir-birimizi daha yaxından tanımaq üçün təbliğat işlərinin genişləndirilməsi kimi vacib vəzifələr düşür”.

Şükrü Haluk Akalın ona göstərilən diqqətə görə SDU-nun rəhbərliyinə minnətdarlığını bildirib.

Elmi şura gündəlikdə olan məsələlərin müzakirəsi ilə davam edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər