Türkiyəyə “gəzməyə” getmiş Adilə: “Müştərilərlə hoteldə yaxınlıq edirdik”

1253

Həyat tərzinə rənglər qatmağa çalışan “çiçəkçi” qadın əslində reallığın iki rəngdən – ağ və qaradan ibarət olduğunu sonda anlayıb. Çalışdığı istirahət mərkəzində azərbaycanlı qadınlara müştəri tapmaqda vasitəçi olub, indi məhkəmə qarşısında etdiklərinin hesabatını verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan 41 yaşlı Aynur Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, Aynur Məmmədova 2016-2017-ci illər ərzində Azərbaycandan Türkiyəyə istirahətə yollanan Nərminə Qasımovanı, Adilə Zeynalovanı, onun bacısı Xatirə Zeynalovanı, Arzu Məmmədovanı, Gülnarə Qasımovanı (müəyyən səbəblərdən zərərçəkmiş şəxslərin ad və soyadları dəyişdirilib) Iğdır şəhərində yerləşən “Göy qurşağı” istirahət mərkəzində müxtəlif kişi müştəriləri ilə görüşdürərək fahişəliyə cəlb edib.

Törətdiyi cinayət əməlinə görə A.Məmmədovaya Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri üzrə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Gəncəli Aynur, Iğdırlı “Səma”

Təqsirləndirilən şəxs qismində dindirilən Aynur Məmmədova ifadəsində yüngül həyat tərzi sürən qadınlarla əlaqə saxlamadığını, maddi ehtiyaclarını ödəmək üçün Türkiyənin Iğdır şəhərində yerləşən “Göy qurşağı” istirahət mərkəzində qabyuyan işlədiyini göstərib:

“Bir müddət həmin istirahət mərkəzində özüm də fahişəliklə məşğul olmuşam. Nərminə Qasımovanı “Göy qurşağı”ndan tanımışam. Yüngül həyat sürən qadınların hamısı bir hoteldə qalırdılar, mən fahişəliyə cəlb etməmişəm. Adilə də Nərminə kimi bu hotelə eyni məqsədlə gəlmişdi. Həmçinin, Adilənin bacısını da əxlaqsızlıq etməyə məcbur etməmişəm. Onlar hamısı bir müddət gəlib fahişəliklə məşğul olur, sonra çıxıb gedirdilər. Iğdırda hamı mənə “Səma” deyə müraciət edirdi”.

 

“Məni Iğdırdakı tanışlarının əlinə verəcəyi ilə qorxutdu”

Sevgilisinin Türkiyədə yaşadığını, mütəmadi olaraq onun yanına gedib-gəldiyini söyləyən Nərminə Qasımova Aynurla “Göy qurşağı”nda tanış olub. Hətta adıçəkilən məkanda yarım ay sevgilisi ilə başbaşa qalıb, onu yola saldıqdan sonra nədənsə Aynurun evinə köçüb:

“Mənə inzibatçı işlədiyini demişdi. Onun yaxşı qadın olduğunu düşünürdüm. Aynur isə “ya qalıb fahişəlik edəcəksən, ya da səni çölə atacağam, başqa çıxış yolun yoxdur” dedi. Telefonu götürüb Kadıra zəng vurmaq istədim, əlimdən aldı. Məni Iğdırdakı tanışlarının əlinə verəcəyi ilə qorxutdu, məcbur olub razılaşdım. Üç-dörd gün birtəhər dözsəm də, nəhayət, Aynurdan xəbərsiz 2016-cı ilin oktyabr ayında evdən qaçdım”.

 

“Əgər kiməsə bir söz danışsan, səni Bakıda tapıb başına oyun açacağam”

Paytaxtın “28 May” metro stansiyasının yaxınlığındakı massaj salonlarının birində işləyən Adilə Zeynalovanın Türkiyəyə səfəri isə keçmiş iş yoldaşının vasitəsilə baş tutub. Rəfiqəsi ona Kayseridə Günəş adlı qadının yanında işlədiyini deyib. Bir neçə gün sonra isə Adiləyə “WhatsApp”dan mesaj gəlib: “Mesaj yazan özünü Günəş kimi təqdim etdi. Ona bir neçə şəklimi yolladım. Dedi ki, səninlə işləmək çox asan olacaq. Sonra mənə bank vasitəsilə 100 dollar göndərdi. Həmin pulla bilet alıb Türkiyəyə yolda düşdüm”.

Kayseri şəhərinə gələn Adiləni rəfiqəsi ilə birgə Günəş qarşılayıb. Ertəsi gün qadının ona “bir azdan müştəri gələcək” deməsi Adiləni çaş-baş salıb. Günəşə nə demək istədiyini başa düşmədiyini bildirdikdə isə “özünü axmaq yerinə qoyma, guya bilmirsən?” cavabını eşidib.

Adilənin ifadəsinə görə, 15 gün Günəşin yanında cinsi istismara məruz qaldıqdan sonra oradan qaçmağı planlaşdırıb. Bu məqsədlə taksiyə əyləşərək avtovağzala gəlib. Pulu olmadığından Iğdırdakı restoranlardan birində iş axtarıb. Bu dəfə isə onu “Göy qurşağı”nda Aynur qarşılayıb. Adilə sözün əsl mənasında yağışdan çıxıb yağmura düşüb. Aynur onu istirahət mərkəzində yerləşdirib, qalmağa ayrıca otaq verib. Amma sonradan Adiləyə qarşı münasibəti dəyişib: “Aynurun yanında çoxlu qadınlar vardı. Həmin qadınlar ondan qorxurdular. Onların hamısını fahişəliyə cəlb etmişdi. Mənə də başqa yolum olmadığını dedi. Müştərilərlə hoteldə yaxınlıq edirdik. Türkiyədə qalma müddətim bitirdi deyə Azərbaycana getməli olduğumu Aynura dedim. “Əgər baş verənlər haqda kiməsə nəsə danışsan, Bakıda səni tapıb başına oyun açacağam” deyərək hədələdi”.

Ən maraqlısı odur ki, Aynurun əlindən qaçıb canını qurtarmağa çalışan Adilə Azərbaycana gəlsə də, bir neçə gün sonra təkrar Iğdıra dönüb. Bu dəfə isə tək deyil, bacısı Xatirə də ona yoldaşlıq edib: “Aynur zəng vurub bilet almağımı və geri qayıtmağımı tələb edirdi. Ötən il mayın 15-də yenidən onun yanına gəldim. İki gün sonra bacım Xatirə də təsadüfən oraya gəlib çıxdı. Aynur bizi döydürəcəyi ilə hədələyirdi. Bacımsa qəsdən problemlər yaradırdı, müştəriləri narazı salırdı. Ona görə də, Aynur Xatirəni qovdu. Ötən il iyunun 17-də Azərbaycana qayıtdım”.

 

“Çiçəkçi”nin azərbaycanlı “çiçəkləri”

Ara-sıra qonşu ölkəyə “işləməyə” yollanan Arzu Məmmədova sonuncu dəfə ötən il aprelin 18-də rəfiqəsi Aysellə birgə Iğdıra üz tutub. Taksi sürücülərindən “Göy qurşağı” istirahət mərkəzində “Səma” adlı qadının “çiçəkçilik”lə (fahişəliyi nəzərdə tutub) məşğul olduğunu öyrəndikdən sonra isə birbaş onun yanına yollanıblar:

“Aynur bizi qarşıladı, ayrıca otaq verdi. Aynurun yanında 10-13 nəfər qadın vardı. Qadınları bir-biri ilə əlaqə saxlamağa qoymurdu, hamıya nəzarət edirdi. Bir ay orada qaldıqdan sonra Aynurun yaxşı adam olmadığını görüb Azərbaycana qayıtdım”.

Məhkəmə prosesi davam edir.

İnarə Rafiqqızı

Virtualaz.org

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər