Ulduz hərracı

1028

 

Bu transfer dönəmində kim kimin hədəfindədir?

Məlum olduğu kimi, hər klubun il ərzində iki dəfə heyətini gücləndirmək, yeni transferlərlə sıralarını genişləndirmək imkanı olur. Bunun nəticəsidir ki, istər ölkəmizdə, istərsə də digər futbol ölkələrində həm mövsümlərarası, həm də dövrələrarası fasilə dönəmində xeyli sayda oyunçu keçidinə şahidlik edirik. Elə indi də dövrələrarası transfer dönəmi olduğundan komandaların heyətini gücləndirmək üçün hərəkətə gəlməsi başadüşüləndir. Bəs görəsən, dünya futbolunun hansı tanınmış oyunçularını yeni klubda görə bilərik?  Bu suala cavab tapmaq üçün müqaviləsi sona yaxınlaşan ünlü futbolçular haqda araşdırma aparmaq qərarına gəldik. Xatırladaq ki, araşdırma apararkən əsasən hazırkı komandası ilə müqavilə müddəti mövsümün sonunda bitəcək oyunçuların üzərində dayandıq. Ali futbol qurumunun qaydalarına əsasən, istənilən futbolçu müqavilə müddətinin bitməsinə altı ay qalmış başqa klublarla danışıqlara başlaya bilər. Deməli, müqaviləsi mövsümün sonunda bitəcək oyunçuları qış transfer dönəmində də yeni klubda görməyimiz mümkündür. İndi isə gəlin, müqaviləsi bitməkdə olan tanınmış futbolçulardan kimin hansı komandanın hədəfində olduğuna nəzər salaq.

 

Santa Kruz-  Paraqvay yığmasının və İspaniya “Malaqa”sının hücumçusunun yenidən Bundesliqaya dönmək ehtimalı var. “Malaqa”nın Çempionlar Liqasında uğurlu çıxış etməsi səbəbindən  komandadan ayrılmaqda tərəddüd edən 31 yaşlı forvard bununla belə, uzun müddət forma geydiyi Alamniya çempionatında yenidən çıxış etmək arzusundadır. Artıq hücumçunun xidmətində maraqlı olan Bundesliqa klubları da var. Məlumat üçün bildirək ki, paraqvaylı santraforun adı “Ayntraxt” və “Borussiya” (Münhenqladbax) kimi klublarla birgə anılır.

Daniel van Buyten-  Uzun müddətdir Almaniyanın “Bavariya” klubunda çıxış edən müdəfiəçinin müqaviləsinin sona yaxınlaşması və yaşının 34-ə çatması üzündən komandadan ayrılacağı ehtimal olunur. Artıq bəzi Almaniya, Rusiya və Belçika komandalarının belçikalı müdafiəçi ilə danışıqlar apardığı barədə söyləntilər dolaşmaqdadır.  Xatırladaq ki, Almaniyanın  “Hoffenhaym”,  Rusiyanın “Dinamo” və Belçikanın “Genk” komandalarının Buytenin rtansferində maraqlı olduğu bildirilir.

Andrey Arşavin- Rusiya yığmasının və İngiltərənin “Arsenal” klubunun üzvü də yeni komanda ilə anlaşmaq ərəfəsindədir. Ötən mövsümün gedişində sabiq klubu “Zenit”ə icarəyə verilən “topçular”ın forvardının qış fasiləsində rəsmən “Arsenal”dan ayrılması gözlənilir. Məlumat üçün bildirək ki, 31 yaşlı oyunçunu Ingiltərənin “Ridinq”, Rusiyanın “Anji” və Rusiya millisinin sabiq çalışdırıcısı  Dik Advokatın çalışdırdığı Hollandiyanın PSV (Eyndhoven) klubu da sıralarına qatmaq niyyətindədir.

Eşli Koul- “Çelsi”nin müdafiəçisinin “zadəganlar”dan ayrılacağı barədə söyləntilər ötən mövsümdən etibarən dolaşmaqdadır. Hər nə qədər Fil Dişi Sahillərindən olan oyunçu mövsümə “Çelsi”də başlasa da, əsasən ehtiyatda qaldığından qış fasiləsində komandadan  ayrılacağı ehtimal olunur. 32 yaşlı futbolçunun “Mançester Yunayted”,“Fulham” və ya “Qalatasaray”a keçəcəyi istisna deyil.

Rio Ferdinand- Qış fasiləsində son 10 ildə şərəfini qoruduğu İngiltərənin “Mançester Yunayted”dən ayrılmağı düşünən İngiltərə millisinin sabiq üzvünə xeyli transfer gəlməkdədir. İngiltərənin məşhur “Deyli Ekspress” qəzetinin yaydığı məlumata görə, 34 yaşlı müdafiəçiyə ABŞ və Orta Asiya klublarından xeyli təklif olsa da, ən cəlbedici transfer təklifi Türkiyənin “Qalatasaray” klubundandır.  

Klaudio Pizarro-  Transfer dönəmində komandasını dəyişməsi ehtimal olunan oyunçulardan olan Peru yığmasının üzvünün “Bavariya”dan ayrılsa belə, karyerasını Almaniyada davam etdirmək istəməsi Pizarronun yenə də Bundesliqada çıxış edəcəyini deməyə əsas verir. Xatırladaq ki, Avropaya ayaq basdıqdan sonrakı müddətdə Almaniya çempionatında 12 mövsüm keçirən 34 yaşlı oyunçunun  “Mainz”, “Hannover” və  “Volfsburq” komandalarından dəvət aldığı bildirilir.

Xavyer Saviola- “Malaqa” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq argentinalı oyunçu komandadan ayrılmaq məsələsini götür-qoy etməkdədir. Formasını geydiyi “Malaqa”nın mövsümü yaxşı keçirəsi üzündən komandanı tərk etmək istəməyən bəstəboy hücümçunun “Malaqa”nın maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəbindən gələn mövsüm üçün avrokuboklardan kənarlaşdırılmasından dolayı klubdan ayrılmaq niyyətindədir. Müqaviləsi müddətinin bitməsinə az qaldığından İspaniya təmsilçisi də Saviolanı satmaq niyyətindədir. Çünki əks halda, 31 yaşlı hücumçu yayda azad agent statusu alacaq və belədə onun transferindən “Malaqa”nın hər hansı qazancı olmayacaq. Bu üzdən Saviolanın qış fasiləsində klubunu dəyişməsi mümkündür. Xatırladaq ki, Fransanın “Monde” qəzetinin məlumatına görə, futbolçunun İspaniyanın “Selta Viqo” və  Fransanın “Marsel” klublarına keçidi gündəmdədir.

Kolo Ture-  Fil Dişi Sahilləri yığmasının müdafiəçisinin “Mençester Siti”dən ayrılması ötən mövsümün sonundan gündəmdə olsa da, sonda “şəhərlilər”lə oyunçu arasında razılıq əldə olunmuşdu. Amma bu dəfə Kolo Turenin komandadan ayrılması daha çox ağılabatandır. Belə ki, 2009-cu ilin yayından ““Mençester Siti”nin şərəfini qoruyan 31 yaşlı müdafiəçi ötən illərlə müqayisədə az hallarda meydana çıxdığından daha çox forma geyə biləcəyi komandaya getmək niyyətindədir. Xatırladaq ki, Kolo Ture ilə İngiltərənin “Aston Villa”, Rusiyanın “Anji” və Türkiyənin “Qalatasaray” komandaları əməkdaşlıq etmək niyyətindədir.

Frenk Lempard- İngiltərə futbolunun yetişdirdiyi ən önəmli futbolçulardan olan yarımmüdafiəçinin “Çelsi”ilə müqaviləsinin yayda başa çatacaq olması indidən Avropanın aparıcı klublarını hərəkətə gətirib. Belə ki, ABŞ və Çin klublarından təklif alan 34 yaşlı orta xətt oyunçusu Avropa zonasının iddialı klublarının da gündəmindədir. Məlumat üçün bildirək ki,  İngiltərənin “Mançester Yunayted”  eləcə də İtaliyanın İtaliyanın “İnter” və Latsio klubu Lempardı rənglərinə bağlamağa çalışır. Xatırladaq ki, məsələ ilə bağlı “Cittaceleste.it”ə danışan oyunçunun meneceri Stiv Katner Lempardın Çempionlar Liqasında çıxış edəcək bir komandaya getmək istədiyini bildirmişdi.

Vinçenzo İaquinta-  “Yuventus”un italiyalı santraforunun karyerasına A seriyasında davam etməsi gözlənilən olsa da, 33 yaşlı  İaquintanın iddialı klublarda forma geyməsi az inandırıcıdır. Təsadüfi deyil ki, onunla maraqlanan klublar əsasən İtaliyanın ortabab kollektivləridir. Məlumat üçün bildirək ki, hücumçunu keçidində “Kataniya”, “Kievo” və “Parma” kimi komandalar maraqlıdır.

Fernando Llorente- Mövsümün sonunda müqaviləsi bitəcək oyunçular arasında ən çox transfer təklifi alması gözlənilən oyunçulardan olan Bilbao “Atletik”inin üzvünün qış fasiləsində komandası ilə yollarını ayırması ehtimallar arasındadır. Artıq 27 yaşlı ispaniyalı oyunçunun müştəriləri də məlumdur. Belə ki, Fransanın  PSJ, Portuqaliyanin “Portu”, eləcə də İtaliyanın “Yuventus” və Türkiyənin “Fənərbağça” klublarının  Llorente üçün mübarizə apardığı bildirilir.

Sonda isə yuxarıda haqqında danışdığımız və yay transfer pəncərəsində azad agent statusu alacaq futbolçuların transfer qiymətini təqdim edirik.

Van Buyten  “Bavariya” 2000000 avro  34 yaş
Eşli Koul  “Çelsi” 11500000avro  32 yaş
Kolo Ture “Mançester S” 7000000 avro 31 yaş
A. Arşavin  “Arsenal” 7000000 avro 31yaş
Klaudio Pizarro  “Bavariya” 4000000 avro 34 yaş
V.  İaquinta  “Yuventus” 1400000 avro 33 yaş
Xavyer Saviola “Malaqa” 11500000avro 31 yaş
F.  Llorente “Atletik” 2700000 avro 27 yaş
Frenk Lempard “Çelsi” 6000000 avro 34 yaş
Santa Kruz  “Malaqa” 3000000 avro 31 yaş
Rio Ferdinand “Mançester Y” 6000000 avro 34 yaş

 

Tural Məmmədov

 Xüsusi olaraq “Sumqayıtxəbər.com” üçün

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər