Valideynlərin NƏZƏRİNƏ – I sinfə qəbula start verildi

279

Bu gün saat 10.00-dan başlayaraq məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün I sinfə qəbul prosesinə start verilib.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Yəni, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar avtomatik olaraq hazırlıq keçdikləri məktəblərin birinci siniflərinə qəbul olunurlar. Bununla bağlı həmin uşaqların valideynlərinə 11-12 mart tarixlərində bildirişlər göndəriləcək.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və onlara eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2019-2020-ci tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna martın 13-də start veriləcək. Ümumi təhsil məktəblərinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.

Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər