Vilayət Eyvazov Daxili Qoşunların Sumqayıtdakı hərbi hissəsində olub

128

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov polisin fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar müraciət etmiş vətəndaşları qəbul etmək üçün noyabrın 29-da Sumqayıta səfəri çərçivəsində Daxili Qoşunların hərbi hissəsində də olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən sumqayitxeber.com-a bildiriblər ki, general-polkovnik V.Eyvazov nazir müavini – Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun müşayiəti ilə hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu, həmçinin silah təminatı, avtomobil və zirehli texnika parkı, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə yaxından maraqlanıb.

Sonra sıra meydanında düzülmüş şəxsi heyət qarşısında çıxış edən Daxili İşlər naziri V.Eyvazov müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı problemlər, torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilmiş müsbət nəticələr barədə məlumat verib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Daxili İşlər Nazirliyinin və onun ayrılmaz hissəsi olan Daxili Qoşunların ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizənin səmərəli təşkilində, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, insan və vətəndaş hüquq və azadlıqlarının təminində rolunu və fədakar xidmətini hər zaman yüksək qiymətləndirdiyini vurğulayan nazir daxili işlər orqanlarının zəruri avadanlıq və texnika ilə təchizatına böyük diqqət yetirildiyini, müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunduğunu, xidmət şəraitinin ildən-ilə daha da yaxşılaşdırıldığını bildirib.

Hərbi qulluqçulara tapşırıq və tövsiyələrini verən nazir Vilayət Eyvazov əmin olduğunu bildirib ki, şəxsi heyət göstərilən ali diqqət və qayğıya cavab olaraq sabitliyin, əmin-amanlığın etibarlı qorunmasına, cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz nümunəvi xidmətləri ilə cavab verəcək, qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.

Sonda hərbi hissənin şəxsi heyəti təntənəli marşın sədaları altında tribuna önündən keçib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər