“Xəstəxanamıza inam böyükdür”

1054

Rəsmiyə Sadıxova 1990-cı ildən Sumqayıt Şəhər Uşaq Xəstəxanasında fəaliyyət göstərir.1994-cü ildən isə xəstəxananın Südəmər Uşaqlar Şöbəsinin müdiri vəzifəsində çalışır. Uşaqların daha sağlam böyümələri, eləcə də bu sahədə görülən işlər, yaşanan problemlərlə bağlı ona bir neçə sualla müraciət etdik.
“Son zamanlar havaların mövsümə uyğun olmayan qeyri-sabit keçməsi nəticəsində uşaqlarda yuxarı tənəffüs yollarının iltihabı xəstəliklərinin, hava-damcı infeksiyalarının artması müşahidə olunur. Amma bunların qarşısının alınması üçün xəstəxanamızda bütün şərait var”, – sözləri ilə ünvanladığımız sualı cavablandıran Rəsmiyə xanım bildirdi ki, ötən il xəstəxanada 6706 uşaq müalicə olunub ki, bu da əvvəlki illərlə müqayisədə xeyli artıqdır: “Onu da deyim ki, bu artım heç də xəstəliklərin çoxalması ilə bağlı deyil. Bu, hər şeydən əvvəl, valideynlərin xəstəxanamıza olan inamının artması ilə əlaqədardır. Belə ki, əvvələr valideynlər uşaqlarının müalicəsini ev şəraitində aparırdılarsa, indi xəstəxanamıza üz tuturlar. Çünki hazırda xəstəxanamız hər cür şərait və dərman preparatları ilə təchiz olunub. Bildiyiniz kimi, bu müalicə ocağı dövlət müəssisəsi olduğuna görə bütün müayinə və müalicələr pulsuzdur”.

Rəsmiyə xanım daha sonra vurğuladı ki, şöbəmizin həkimləri, tibb bacıları uşaqların sağlam doğulmaları ilə işlərini bitmiş hesab etmirlər: “Belə ki, uşaqların sağlam böyümələri istiqamətində də müəyyən maarifləndirmə tədbirləri həyata keçiririk, valideynlərə bu istiqamətdə müəyyən məsləhətlər veririk”. Onun sözlərinə görə, müasir zəmanəmizdə belə tədbirlər vacibdir. Körpələrin qidalanması ilə bağlı növbəti sualımızı cavablandıran Rəsmiyə xanım dedi: “Uşaq orqanizminin düzgün inkişafı üçün ən vacib qida ana südüdür. Onun yerini digər qidalar, təbii ki, verə bilmir. Lakin hər hansı bir səbəbdən körpəyə ana südü verilməsi mümkün olmasa, bu halda kifayət qədər keyfiyyətli, tərkibi maksimum dərəcədə ana südünə yaxınlaşdırılmış süni qidalardan istifadə oluna bilər. Bu zaman qidaların saxlanılması, körpəyə verilən zaman düzgün hazırlanması, qidalanma üçün istifadə olunan əşyaların sterilizasiyası həmişə diqqət mərkəzində olmalıdır. Amma yenə deyirəm ki, biz hər zaman analara körpələrini ana südü ilə qidalandırmalarını məsləhət görürük”.

Daha sonra o, bildirdi ki, uşaqların təqvim üzrə vaxtında peyvənd olunması da çox vacibdir. Çünki peyvəndlər sayəsində bir çox yoluxucu xəstəliklərin aradan qaldırılmasına nail olunur. Ona görə də hər bir anadan bu məsələyə də həssas yanaşmasını tövsiyə edirik.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər