Xoşbəxt Yusifzadə: “Sumqayıtda yeni zavodlar neft sənayesində əldə olunan nailiyyətlərdir”

193

Bu gün Azərbaycanın nailiyyətlərini saymaqla qurtarmaq olmaz. Necə deyərlər, 10-15 il Azərbaycanda olmayan adam gəlib görsə tanımaz. Təkcə Bakı deyil, bütün rayonlar müasirləşib.

Trend-in məlumatına görə, bunu Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.

X.Yusifzadə bildirib: “Hamınız bilirsiniz ki, Ulu Öndər yenidən hakimiyyətə gələndə respublikada iqtisadi vəziyyət çox ağır idi və onu tez bir zamanda düzəltmək mümkün deyildi. Ancaq cənab Heydər Əliyev bilirdi ki, Azərbaycanın iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün neft sənayesini inkişaf etdirmək lazımdır. Odur ki, bütün gücünü neft sənayesinə yönəltdi. Prezident İlham Əliyev burada “Əsrin müqaviləsi”ndən danışdı. Bu il “Əsrin müqaviləsi”nin 25 ili tamam olacaq. Bu müqavilə heç də asan başa gəlməyib, 1994-cü ildə biz ay yarım Hyustonda olduq, müqaviləyə istəyimizə uyğun qol çəkdirmək üçün çox əzablar çəkdik. Bu müqavilə həqiqətən Heydər Əliyevin şah əsəridir. Bu müqavilə ilə bağlı üç məqamı qeyd etmək istəyirəm. Birincisi odur ki, bu müqavilə imzalanandan sonra bütün dövlətlər, bütün şirkətlər başa düşdülər ki, Azərbaycan sabit ölkədir, burada işləmək olar. Heç də təsadüfi deyil ki, bundan sonra 34 müqavilə də imzalandı. İkincisi, “Əsrin müqavilə”sinin ən böyük əhəmiyyəti o oldu ki, 1997-ci ildə Azərbaycanda neft hasilatının səviyyəsi 9 milyon tona, 2010-cu ildə isə 51 milyon tona çatdı. Mən onu demək istəyirəm ki, bütün bunların hamısı Heydər Əliyevin xidmətlərinin nəticəsidir. Bu günə qədər “Azəri-Çıraq-Günəşli” yatağından 481 milyon ton neft hasil olunub ki, bunun da 279 milyon tonu mənfəət neftidir. Həmin o mənfəət neftidir ki, Azərbaycanın bugünkü inkişafını təmin edib.

Ulu Öndərin ikinci şah əsəri Bakı-Tbilisi-Ceyhan neft kəməri oldu. Mən rəqəmlər söyləmək istəyirəm, Azərbaycandan xaricə nəql olunan 503 milyon ton neftin 383 milyon tonu Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınıb. Əgər bu kəmər olmasaydı, bu neft xaricə necə çıxarıla bilərdi?

“Şahdəniz” Heydər Əliyevin üçüncü böyük əsəridir. “Şahdəniz”ə də mane olanlar var idi. Amma cənab Heydər Əliyevin rəhbərliyi ilə bu layihə də həyata keçdi. İndi onun bəhrəsini biz hər yerdə görürük”.

 Akademik vurğulayıb ki, dahi Heydər Əliyevin yolunu indi Prezident İlham Əliyev davam etdirir:

“Heydər Əliyev cənablarının əsasını qoyduğu strategiyanı cənab İlham Əliyev çox uğurla davam etdirir. Bu gün Azərbaycanın nailiyyətlərini saymaqla qurtarmaq olmaz. Necə deyərlər, 10-15 il Azərbaycanda olmayan adam gəlib görsə tanımaz. Təkcə Bakı deyil, bütün rayonlar müasirləşib. Nə qədər yollar çəkilib, nə qədər məktəblər, nə qədər tibb müəssisələri tikilib. Qısa bir vaxtda bu qədər işin görülməsi doğrudan da böyük nailiyyətdir. Elə neft sənayesinin özü də çox inkişaf edib. Cənub Qaz Dəhlizi, TANAP, STAR neft emalı zavodu, Sumqayıtda yeni zavodlar neft sənayesində əldə olunan nailiyyətlərdir. Bunların hamısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Cənab İlham Əliyev neft sənayesinin çətinliklərini çox yaxşı bilir, çünki 10 il bizimlə çiyin-çiyinə çalışıb. Buna görə də o, neftçilərə həmişə diqqət və qayğı ilə yanaşır. Allah onun ömrünü uzun, canını sağ eləsin, elə eləsin ki, Azərbaycan daha da irəli getsin”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər