“Xüsusi qayğı sumqayıtlılar üçün qürur mənbəyidir”

1367

Hər dəfə Sumqayıtla bağlı danışarkən ulu öndərin “Sumqayıt kiçik Azərbaycandır” ifadəsini xatırlayıram. Ümummilli liderimiz hər zaman Sumqayıt və sumqayıtlılar haqqında böyük məhəbbət və qay­ğı ilə danışırdı. Sumqayıtı kiçik Azərbaycana bənzətməsinin səbəbi isə respublikamızın bir çox bölgəsindən olan insanların bu şəhərdə yaşaması idi.

Ulu öndərin xüsusi diqqət və qayğısı ilə əhatələnən bu şəhər Prezident İlham Əliyevin də nəzərindən kənarda qalmır, respublikamızın digər bölgələri kimi yenilənir, müasirləşir və müasir standartlara inteqrasiya edir. Dövlətimizin başçısının mütəmadi səfərləri, davam edən prosesləri şəxsən izləməsi də bunun əyani sübutudur. Prezident İlham Əliyevin Sumqayıt səfəri ilə bağlı fikirlərini bizimlə bölüşən Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev qeyd etdi ki, bu xüsusi qayğı sumqayıtlılar üçün qürur mənbəyidir.

– Prezidentimiz iyulun 20-də Sumqayıt şəhərində olub. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən dövlət başçısı Sumqayıt Şəhidlər xiyabanında aparılan əsaslı təmir və bərpa işləri ilə tanış olub. Səfər çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edən Prezident İlham Əliyev, həmçinin 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışını edib.

Xüsusilə qeyd etmək lazımdır ki, Sumqayıt Kimya Sənaye Parkı ölkəmizdə icra edilmiş ilk belə layihədir. Bu park, həm də Cənubi Qafqazın ən böyük sənaye parkıdır. Burada neft-kimya, kimya, tikinti materiallarının istehsalı, eləcə də digər mühüm sənaye sahələri üzrə bir çox müəssisə fəaliyyət göstərir. Sumqayıt Sənaye Parkında görülən işlər davam etdirilir, burada yeni istehsal və emal müəssisələrinin yaradılması planlaşdırılır.

Sevindirici haldır ki, burada is­tehsal edilən yerli məhsullar Türkiyə, Yaponiya, ABŞ, Kanada, İtaliya, Çin, Rusiya, Ukrayna, Belarus, Tayvan, Danimarka, Gürcüstan, Braziliya və başqa ölkələrə ixrac edilir. Sumqayıt Sənaye Parkının şəhər əhalisi üçün də xüsusi əhəmiyyəti var. Belə ki, 6 min şəxs burada daimi işlə təmin edilib. Qeyd edim ki, sənaye parkında işlə təmin edilənlərin arasında Vətən müharibəsi iştirakçıları da var.

Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edən dövlət başçımıza məlumat verildi ki, burada 192 əməkdaş və 45 könüllü çalışacaq. Bu “ASAN xidmət” Sum­qayıt, Qobustan, Xızı, Siyəzən və Abşeron rayonlarında qeydiyyatda olan, ümumilikdə, 700 minə yaxın vətəndaşa xidmət göstərəcək. Burada vətəndaşlara 325 xidmət göstəriləcək. Önəmli məqam bundan ibarətdir ki, burada ərazi məhdudiyyəti olmadan respublikanın digər regionlarından olan vətəndaşlar da yüksək keyfiyyətli xidmətlərdən istifadə edə biləcəklər.

Mərkəz üçün dördmərtəbəli, yüksək standartlara uyğun, gözoxşa­yan izibati bina, fəvvarə, iki yerüstü avtomobil dayanacağı, kafe, istirahər və uşaq əyləncə meydançaları yaradılıb. “ASAN xidmət” mərkəzinin tikintisində yüksək texnologiyalardan istifadə edilib.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda Vətən müharibəsində işğaldan azad edilən ərazilərmizin yenidən qurulması ilə yanaşı, digər bölgələr də diqqətdən kənarda qalmır, əhalinin ehtiyacları və dövrün tələbləri daim gündəlikdə saxlanılır. Bir sözlə Azərbaycanın bütün bölgələri abadlaşır, müasirləşir və xalqımızın rifah səviyyəsinin yaxşılaşmasına xidmət edir.

Hazırladı: İmran ƏLİYEV,

“Xalq qəzeti”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər