YAP Sumqayıtda partiya fəalları ilə görüş keçirib - FOTOLAR

843
Sentyabrın 25-də Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının fəalları ilə görüş keçirilib. Görüşdə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatları Siyavuş Novruzov, İmamverdi İsmayılov, Tahir Mirkişili, Mirzəcan Xəlilov iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərin özündə əks etdirən eksponat, fotoşəkillər və kitablarla tanışlıq olub.
Tədbirdə çıxış edən Baş nazirin müavini, YAP-ın Sədr müavini Əli Həsənov qeyd edib ki, Yeni Azərbaycan Partiyası  xalq üçün, Azərbaycanın  gələcəyi üçün yaradılıb. Ümummilli lider Heydər Əliyevi də hakimiyyətə xalq gətirdi. O, xalqı və dövlətimizi bütün təhlükələrdən xilas etdi. Əli Həsənov bildirib ki, bu gün Azərbaycan dinamik inkişaf edən dövlətdir, ölkəmizin dünyada böyük nüfuzu var: “Son 16 ildə ölkəmizdə böyük inkişaf baş verib. Bu müddət ərzində görülən işlərə Prezident-xalq birliyi nəticəsində nail olunub. Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi iqtisadi artım, inkişaf yoxdur. Azərbaycan Prezidenti dünyanın nüfuzlu siyasi xadimləri sırasında yer alır. Doğrudur, həmişə inkişafımızı əngəlləmək istəyən qüvvələr olub, onlar bu gün də var. Amma Prezidentimizlə xalqın birliyi nəticəsində həmin qüvvələrin məqsədləri iflasa uğrayıb.”

YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə çıxışında  deyib ki, bu gün sosial şəbəkələrin imkanlarından düzgün olmayan şəkildə istifadə edilir: “Bu imkanlardan istifadə olunaraq cəmiyyətdə qarışılıq yaratmaq istəyənlər var. Onların arxasında bəzi xarici dairələr dayanır. Həmin insanları maliyyələşdirənlər sırasında erməni lobbisi xüsusi yer tutur.”

S.Novruzov bildirib ki, xaricdəki mühacir azərbaycanlıların bəziləri Azərbaycanda aparılan işlərə – islahatlara, abadlıq-quruculuq işlərinə kölgə salmağa cəhd edirlər: “Onlar yalan məlumatlar yaymaqla məşğuldurlar. Belə olan halda YAP üzvləri daha fəal olmalıdırlar. Başqa ölkələrin 100 ildə keçə bilmədiyi yolu Azərbaycan qısa müddətdə keçdi. Əgər bir ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada inkişafdan söhbət gedə bilməz. Azərbaycan sabitlik adasıdır.”

Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında bildirib ki, Sumqayıt bu gün ümummilli liderin ən layiqli davamçısı İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunub. Sumqayıt cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasəti nəticəsində ulu öndərin vaxtilə qarşıya qoyduğu hədəflərə yaxınlaşaraq möhtəşəm nailiyyətlər əldə edib. Regionların sosial-iqtisadi inkişafına dair birinci, ikinci və üçüncü dövlət proqramlarının icrası Sumqayıt şəhərini də inkişaf yoluna çıxarıb. Nəticə etibarilə ötən 16 ildə ölkənin makroiqtisadi göstəricilərində şəhərin xüsusi çəkisi yüksəlib, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanılmışdır. Xüsusən iqtisadi siyasətin mühüm tərkib hissəsi olan sənayeləşmənin həyata keçirilməsi nəticəsində son illər Sumqayıt şəhərində yeni sənaye sahələri yaradılmış, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artmış, ixrac potensialı yüksəlmişdir.

Şəhər rəhbəri qeyd edib ki, bütövlükdə son 16 ilin mənzərəsi göstərir ki, ulu öndər Heydər Əliyevin arzuları reallığa çevrilir. Çünki Sumqayıtın tarixi ənənələr əsasında inkişaf edərək nəinki Azərbaycanın və Cənubi Qafqazın, ümumən Avropanın iri sənaye mərkəzlərindən birinə çevrilməsi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən və dövrün tələbinə uyğun zənginləşdirən Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas hədəflərdəndir. Bu gün Sumqayıt Prezident İlham Əliyevin daim diqqət və qayğısını duyur və hiss edir. Bunu Prezident İlham Əliyevin indiyədək Sumqayıta 23 dəfə səfər etməsi də göstərir. Dövlət başçısının hər səfəri şəhərin yüksəlişində yeni mərhələnin əsasını qoymuş, yeni inkişaf planlarının həyata keçirilməsinə təkan vermişdir.

Tədbirdə, həmçinin YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev və digərləri çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycanın güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrildiyini bildiriblər.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev öz fəaliyyətində xalqın dəstəyinə arxalanır, dövlət başçısının gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır.

Müşavirədə qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.

Sonda YAP sıralarına yeni qoşulmuş şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər