Yazıçı Varis saytımızın oxucularının suallarını cavablandırdı

104

Sumqayitxeber.com saytının  “QONAĞIMIZ” bölməsi  bir neçə müddətdir ki, fəaliyyət göstərir. Xəbər verdiyimiz kimi növbəti qonağımız yazıçı Varis idi.  Qonağımız  saytımızın oxuyucularının suallarını cavablandırıb və cavabları sizin diqqətinizə çatdırırıq.

Qonağımız haqqında qısa qeyd : Varis Yolçiyev 7 iyun 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1991-ci ildə “168 saat” qəzetinə baş redaktorluq, 1993-cü ildə “7 gün” qəzetinə redaktorluq edib. 1995-ci ildə Azərbaycan Dövlət Televiziyasının “Gecə kanalı” proqramının yaradıcılarından olub. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” nəşriyyatına baş redaktor təyin edilib. 2007-ci ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru təyin edilib. O, həmçinin Azərbaycanda ilk “TV plyus” milli teleradio jurnalının baş redaktorudur. Azərbaycanda və xarici ölkə mətbuatlarında yüzlərlə məqaləsi çıxıb, 2001-2005-ci illərdə dalbadal 5 dəfə müxtəlif beynəlxalq qurumlar tərəfindən (“European Market Research Center”, “Editorial Ofice” və s.) media mükafatlarına layiq görülüb. Müxtəlif illərdə “Dan ulduzu” ali jurnalistika mükafatına, “İlin ən yaxşı redaktoru” adına layiq görülüb. On səkkiz kitabın (“Əsl insan haqqında”, “Azərbaycan prezidenti”, “Azərbaycan gəncliyi – Azərbaycanın gələcəyi” və s.) redaktoru olub. Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə ilk hekayələri “Ulduz” jurnalında dərc edilib. 90-cı illərdən başlayaraq isə onun ədəbi mətbuatda digər hekayələri (“Bir ovuc torpaq”, “Tənha yalquzağın nağılı”, “Əbədi məhəbbət dastanı”, “Səhər heç vaxt açılmayacaq”, “Sənə inanıram”, “Yol ayrıcında azıb qalanlar”) işıq üzü görüb. İlk bədii kitabı (“Sonuncu ölən ümidlərdir”) 2008-ci ilin noyabrında çap olunub. 2009-cu ildə yazıçının “Bir ovuc torpaq” kitabı işıq üzü görüb.

Vəfa Fərəcova

Salam Varis muellim!
İki əsərinizi sevə sevə oxuduq..Biz sizdən yeni əsərlər gözləyirik…Yaxın günlərdə yeni əsərinizlə bizi sevindirəcəkmisiniz?

Əziz Vəfa xanım, “sənə inanıram” adlı 3-cü kitabım bir qədər yubansa da, noyabrın sonunadək mütləq işıq üzü görəcək. Çox sağ olun.

Şükürova Nadilə

Salam hormətli genc yaziçimiz. Sizin romanlarinizla bağlı  məktub yazmişam, redakə  edib gondərəcəm, oz rəyimi bildirəcəm. Romanlarinizin ikisinidə oxudum. Çox bəyəndim. Əsərlərinizlə bağlı  sizə sualim var. Siz “Sonuncu olən ümüdlərdir” romanin baş qehramanlarin əsil adını çəkə bilərsinizmi(İlqar və Nailənin)? Bu mənim üçün çox maraqlıdı. Və birdə bilmək istərdim onlarin teleyi haqqinda indi nəsə bilirsinizmi? İlqar adıi qəhraman həbsdən çıxdımı? Nailə yenidən ailə qura bildimi? Birinci əsəriniz daha çox təsir edici, və maraqli idi. Cavablariniz üçün çox sag olun!!! Moskva, Şükürova Nadilə, 23 yaş, huquqşunaz. (P.s. səhflərim olsa uzurlu hesab edin)

Chox hormetli Nadilə xanım, qəhrəmanların adı Əminə və Rüfətdir. Əfsuzs ki onların sonrakı həyatları barədə heç bir məlumatım yoxdur. Fürsətdən istifadə edib Sizin vasitənizlə Moskvadakı oxucularıma öz minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Ilqar

“1 ovuc torpaq kitabında” qacqın ve məcburi köçkünləri təhqir etdiyinizin ferqindəsiniz?

Əziz Ilqar, 1 ilə yaxındır ki, bu kitab çıxıb, məhz bu kitabla bağlı iki minə qədər oxucu rəyi almışam, tək elə məcburi köçkünlərdən üçyüzədək rəy gəlib, hələ heç kəs belə bir rəy söyləməyib. Maraqlıdır, necə olub ki, siz bu qənaətə gəlmisiniz? Erməni əsgərlərinə qan udduran yeniyetmə məcburi köçkün obrazına görə təkcə elə ermənilərin mənə facebookda söyüş atəşinə tutması faktı məncə sizin suala ən gözəl cavabdır. Sağ olun.

Kərimov Aydın

Menim sizə 1 sualım var – Kiminsə sizin sənətdə Varisiniz olmasını istəyirsiniz? Tanışlarınızdan…

Əziz Aydın, mən hələ ədəbiyyata yeni gəlmişəm, heç iki il deyil. Hələ mən heç nə eləməmişəm. Mən özüm hələ kimlərinsə varsii olmağı reallaşdırmalıyam. Odur ki, bu sualın mənə  ünvanlanması hələ tezdir. Sağ olun.

Aytən Güləliyeva

Salam Varis müəllim. Ümid edirəm ki yaxşısınız. Əvvəla sizin “Sonuncu ölən ümidlərdir” əsərinə münasibətimi bildirmək istəyirəm. Ümid edirdim ki, bu uğurlu əsər olacaq, lakin əsəri oxuyub orada baş verən hadisələrin axarına düşüncə əsərinizlə bağlı ümidlərim suya düşdü…Belə ki, əsərdə uydurmalar çoxdur.Ən bəsitini sizə nümunə gətirəcəm. Bundan sonra nəticəni özünüz çıxararsız: “Nailə həbsdən çıxdıqdan sonra İlqardan intiqam almaq məqsədilə ona yaxınlıq verir və qısası onlar nəhayət, illərdən sonra bir yerdə olurlar. Hər şey bütün çılpaqlığı ilə ortada olduğu halda, İlqar Nailəni tanımır…İnsan bir vaxtlar çox yaxın olduğu və nəfəs aldığı insanı necə tanımaz?..Baxın bu Varis müəllim heç bir məntiqə sığmır”.

Və sonda bioqrafiyanızda 1993- cü ildə “7 GÜN” qəzetinə redaktorluq etdiyinizi qeyd etmisiniz.Amma mən bildiyim qədər həmin dönəmdə “168″ qəzeti sözügedən qəzetin nəzdində çıxıb və siz “7 GÜN”ün yox, məhz, 2 səhifəlik “168″in redaktoru olmusuz. Fəaliyyəti müddətində (1991-2001-ci illərdə) “7 GÜN” qəzetinin redaktoru Emin Eminbəyli olub.

Cavablandırsanız məmnun olardım..
Hər halda öncədən təşəkkürlər…

Əziz oxucum, öncə Nailənin İlqarı tanımaması faktına təəccübünüzün qarşılığında ötən həftə baş vermiş bir kriminal hadisəni xatırladacam. 10 il əvvəl rusiyaya gedən şəmkirli gənc bacısının əxlaqsızız yola düşdüyünü eşidib gizlincə rayona qayıdır, güdüb küçədə bacısına yaxınlaşır, müştəri kimi onunla danışıb görüş yerinə aparır. Orda isə qardaşı olduğunu söyləyib qızı öldürür.

Məncə əlavə şərhə ehtiyac yoxdur. O ki qaldı bioqrafiyamda tutduğunuz irada, mənim 1993-cü ildə 7 gün qəzetində redaktor olmağım faktdır. Emin Eminbəyli isə siz düşündüyünüz kimi, redaktor deyil, baş redaktor olub. Görürsünüzmü, səhv sizdədir. Sağ olun.

Nahid

Yeni kitabiniz ne zaman gelir?

Nahid bəy, tirajın şoxluğu və həcmin böyüklüyü səbəbindən 3-cü kitabımın çapı bir qədər yubansa da, inşallah noyabrın sonunadək baş tutacaq. Maraqlandığınız üçün sağ olun.

Əsmər

Salam Varis bəy. Əsərlərinizin hər ikisini oxumuşam. Hər ikisi müasir gəncliyə daha yaxındır. Amma mən mən “bir ovuc torpağı” daha çox bəyəndim. “Sonuncu ölən ümidlərdir” əsərində Nailənin məhz İlqardan aldığı qisası doğru deyildi. Yazılarınızı daima izləyirəm. Yeni kitabızı gözləyirəm. Sualım – doğurdanmı Azərbaycan qızları bu gün bu qədər dünyagörüşü zəif və reallıqlardan uzaqdırlar?

Əziz oxucum, qızlarımızın dünyagörüşünün zəif və reallıqdan uzaq olmaları qənaətinə nədən gəlmisiniz ki? Mənim qadın obrazımın heç biri sizin qət etdiyiniz ölçülərə uyğun gəlmir.

Ziyəddin

Salam. Mən İlqar bəyin fikri ilə razıyam. Məncə bu kitabınızda qaçqın və məcburi köçkünlər təhqir olunub. Qaş düzəldərkən göz çıxartmaq düzgün deyil axı. Cavab üçün təşəkkür edirəm.

Əziz Ziyəddin, İlqara yazdığım cavab sizə təkrar ünvanlayıram. 1 ilə yaxındır ki, bu kitab çıxıb, məhz bu kitabla bağlı iki minə qədər oxucu rəyi almışam, tək elə məcburi köçkünlərdən üç yüzədək rəy gəlib, hələ heç kəs belə bir rəy söyləməyib. Maraqlıdır, necə olub ki, siz bu qənaətə gəlmisiniz? Erməni əsgərlərinə qan udduran yeniyetmə məcburi köçkün obrazına görə təkcə elə ermənilərin məni “facebook”da söyüş atəşinə tutması faktı məncə sizin suala ən gözəl cavabdır. Sağ olun.

Eldar Həsənzadə

Salam Varis müəllim, “168 saat” qəzetində də əvvəllər seriallarınız dərc olunurdu. Amma indi nədənsə buna rast gəlmirik. Planda yeni nələrsə varmı?

Əziz Eldar bəy, doğrusu, vaxt məhdudiyyəti mənə seriallar yazmağa imkan vermir. Odur ki, yaxın müddətdə bu gözlənilmir. Sağ olun.

Afət

Salam. Əsərləri oxumuşam, amma doğrusu xarici ədəbiyyatı oxuyanda başa düşürsən ki siz çox primitiv yazmısınız, daha dərin yaza bilməzsiz, Elxan Elatlı məncə müasir yazarlardan əlbətdəki Çingiz Abdullayevdən sonra daha mənalı yazır.

Allah sizi Elxan Elatlıya çox görməsin, Afət xanım. Sağ olun.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər