Yenə də Sumqayıt…

2985

Yaşı qırxdan yuxarı, sovetlərin yaxşı vaxtlarını görənlər üçün Sumqayıt zavod, fəhlə şəhəri idi. Sumqayıt heç Sovet İttifaqı dağıldıqdan sonra da özü haqda bu düşüncəni qıra bilmədi. Bakı ilə arasındakı məsafə fərqini itirdi. Evlər tikildi, yollar çəkildi. Sumqayıt yenə də özünü qorudu. Bəlkə də, qoruya bilmədi. İndi Sumqayıta gedəndə doğma şəhərimi əvvəlki kimi görmürəm. Müharibə Sumqayıtdan çox şey aldı. Heç vaxt şəhər ola bilməyən beynəlmiləl Sumqayıtı böyük kəndə çevirdi. İndi çox şey dəyişib, yenilənib.

Mənim üçün Sumqayıt yenidənqurmanın, inqilabın başlanğıcıdır. Sumqayıtın əsl ruhu isə hər ağlasığmaz yeniliyə açıq olması, tez qəbul etməsidir.

Sumqayıt elə roku da bu cür mənimsədi. Hələ Sovet İttifaqında rokun işartılarının yeni göründüyü vaxtda Sumqayıtda, 1987-ci ildə “YUXU” rok qrupu yarandı. Qrupun əsasını basist İbrahim Eminov qoydu. Sonra gitarist Namiq Nağdəliyev qrupa daxil oldu. O, tezliklə qrupun dirəyinə, ona can verən bir şəxsə çevrildi. Qrupun məqsədi dünyaya Azərbaycan rokunun olduğunu sübut etmək idi.

İlk çıxışları 1987-ci ildə Sumqayıtın “Kimyaçılar” sarayında baş tutdu. “Yuxu” qrupu 1989-cu ildə ”Qızıl payız” festivalında qalib oldular və dinləyənlər arasında Fransadan gəlmiş bir xanım menecer də vardı. O, qrupa Fransada həm albom buraxmağı, həm də konsertlər verməyi təklif etdi və kömək edəcəyini söz verdi. Qrup albom buraxmaq üçün öncə Türkiyəyə getdi və musiqi firmalarının birində ilk albomlarını buraxdı. Sonra həmin menecer xanım qrupu aparmaq məqsədi ilə Fransadan Türkiyəyə gəldi. Albomu buraxan firma ilə də razılıq əldə etdi. Daha sonra sənədləri toplayıb Fransaya getdi. Qrupun Fransada konsertlər verməsi, orada qala bilməsi üçün əlindən gələni etdi. Amma getmələri heç cür mümkün olmadı. Azərbaycandan qrupa Fransada müvəqqəti yaşamaq üçün lazım olan icazə sənədlərini vermədilər. Ona görə də elə Türkiyədə qalıb çalışmaq qərarına gəldilər.
Daim əziyyətlə albom buraxan qrupun bu illər ərzində üç albomu işıq üzü görüb. Türkiyə və digər başqa ölkələrin dilində “Yuhu” və ya “Yukhu” kimi tanınan qrup həm Azərbaycanda, həm də Türkiyədə əfsanəyə çevrilib.

Qrupun dağılmasına səbəb Türkiyədə baş verən zəlzələ olub. Zəlzələ zamanı “YUXU”-nun işlədiyi firma maddi zərər görüb. Beləliklə də əfsanəvi “YUXU” fəaliyyətini dayandırmalı olub.

“YUXU” dağıldıqdan sonra Azərbaycandakı roka maraq, rok haqda düşüncə də dəyişdi. “YUXU”-nun sevilən mahnısı “Xəzərin sahilində” isə roksevərlər üçün həmişə birinci oldu. Ümumilikdə isə müharibədən sonra ölkədə musiqi haqda təsəvvür dəyişdi. Yenilik, inqilab aşılayan rokun yerini daha çox toy musiqisi aldı. 2004-cü ildə isə “YUXU”-nun yaradıcısı İbrahim Eminov “Sirr” qrupunu yaratdı. Azərbaycanda hazırda 10-a yaxın rok qrup fəaliyyət göstərir. Qrupların demək olar ki, hamısı professional şəkildə mütəmadi olaraq hazırlaşır.

Yenə də Sumqayıt…

Sumqayıtın rok ənənəsi geri dönür. İlk addım isə dünən atılıb. “Rok Festival – gənc rokçulara dəstək” layihəsinə start verilib. Festival Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşıb. Festival Sumqayıt Dövlət Musiqili Dram Teatrında keçirilib. Layihənin direktoru “sumqayitxeber.com” saytının rəhbəri Eyvaz Qocayevdir. Eyvaz Qocayev deyib ki, Sumqayıt şəhəri ölkəmizdə rokun məskəni hesab olunur və bir zamanlar çox tanınmış rok qrup və ifaçıları məhz Sumqayıtdan çıxıb.

Festivalda Bakı və Sumqayıtdan olan Bəndə, Sirr, Shadow, 28 May, Bakı, Sahil, Sirat, Mozalan, 5:59 qrupları olmaqla ümumilikdə 30-dan çox ifaçı iştirak etdi.

İfa edilən mahnıların çoxu qrupların öz mahnıları olub. Daha çox diqqət çəkən detal isə qrupların daha çox pop-rok tərzinə yaxın olması oldu.

Rok, çərçivəsizlikdir, sərhədləri aşmaqdır. Konsertdə “Sırat” qrupunun məşhur “Dünya sənin, dünya mənim” mahnısını ifa etməsi isə sözün əsl mənasında hamını heyrətləndirdi.
Konsertin sonuna yaxın əfsanəvi “YUXU”-nun əsasını qoyan İbrahim Emin gənclərin içində göründü. O, rokla yaşayan, nəfəs alan gəncləri qruplara dəstək olmağa çağırdı. İbrahim Emin üzünü gənclərə tutub dedi ki, onlar ilk dəfə səhnəyə çıxanda ağıllarına belə gəlməzdi ki, Azərbaycan üçün yeni olan rok bu qədər sevilər. Gənclərin rok coşğusu, həyəcanı, yeni qrupların yaranması isə onu hədsiz sevindirir.

Şüuri inqilab, ruhi dirçəliş demək olan rok illər sonra geri döndü. Sumqayıt özünə döndü…

Günay Muradlı, publika.az

Fotolar: Əhməd Muxtar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər