Yüzminləri düşündürən sual: Şəkərin tam müalicəsi tapıldı? – Müsahibə

301

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 243 226 nəfər şəkərli diabet xəstəsi var. Xəstələrdən 53 401 nəfəri insulin, 36 963 nəfəri həm insulin, həm də şəkərsalıcı həblər, 152 862 nəfəri isə həb tələb edən xəstələrdir. Bu barədə Respublika Endokrinoloji Mərkəzinin direktoru Yusif İsmizadə bildirib.

Şəkər xəstəliyi ilə bağlı Teleqraf.com-un suallarını endokrinoloq Fərqanə Məmmədli cavablandırıb.

– Həkim, şəkərli diabetin əlamətləri hansılardır?

– Ağızda quruluq, yanğı hissi, tez-tez sidiyə getmə, yorğunluq, şəkər çox olanda ayaqlarda ağrılar, dabanlarda, ayaq uclarında keyimə müşahidə olunur. Qadınlarda vaginal bölgədə qaşıntı hiss yaranır. Çox zaman onlar ginekoloqa gedirlər, yoxlanma zamanı şəkər çıxır. Xəstəliyin bədəndə qaşıntı əlamətləri də var.

– Bəzən çox su içən insanlar düşünürlər ki, onlarda şəkər xəstəliyi var.

– Yox, elə şəkər xəstələri var, onlarda yanğı olmur. Yəni şəkər xəstəliyin təkcə əlaməti çoxlu su içmək istəyi deyil.

– Xəstəliyə, adətən, hansı yaşlarda rast gəlinir?

– Təkcə Azərbaycanda yox, bütün dünyada ikinci tip şəkər xəstəliyi daha yayğındır. Bu da 30 yaşdan yuxarı insanlarda daha çox özünü göstərir. Amma indi yaş da cavanlaşıb, artıq çəki olan insanlarda hətta 20 yaşda da şəkər ola bilər.

Birinci tip şəkər xəstələrində isə çəkinin aidiyyəti yoxdur, xəstəlik uşaqlarda və yeniyetmələrdə də yaranır.

– Birinci və ikinci tip şəkər xəstəliyinin fərqi nədir?

– Birinci tip xəstələrdə insulin tam çatışmır, bu, ağır formadır. Mütləq insulin maddəsinin istifadəsi lazımdır. İkinci tipdə isə qanda insulin var, hətta normadan çox da ola bilər. Amma onlarda insultuna qarşı həssaslıq itir.

– Xəstəliyin səbəbləri barədə nə deyərsiniz?

– Şəkər xəstəliyinin irsi, artıq çəki, düzgün olmayan qidalanma kimi səbəbləri var. Sağlam olmayan həyat tərzi əsas səbəbdir. Son dövrlər insanlar çox kalorili qidalar hesabına artıq çəki alirlar ki, bu da şəkər xəstəliyinə gətirib çıxarır.

– Diabetli xəstələr necə qidalanmalı, hansı qidalardan uzaq durmalıdır?

– İlk öncə asan mənimsənilən karbohidratları menyudan çıxarırıq. Bura şəkərlər, qənd, konfet aiddir. Yəni asan mənimsənilən bütün şəkərlərdən uzaq dururuq. Dolayı mənimsənilən karbohidratları, yəni buğda məhsulları və ya bəzi meyvələri yemək olar. Düzdür, bəzən bu qidalardan tam uzaq durmaq olmur. Bu zaman az-az yeyilə bilər, davamlı olaraq yemək olmaz.

– Təbii baldan istifadə etmək olarmı?

– Təbii bal şəkəri çox qaldırmır, amma ehtiyatla, miqdarında yemək lazımdır.

– Xəstəliyin müalicəsi necə aparılır?

– Birinci tipdə müalicə birmənalı olaraq insulindir. İkinci tipdə ilk növbədə şəkərsalıcı həblərlə müalicə aparılır, ağır hallarda isə insulin verilə bilər.

İkinci tipdə xəstəlikdə üç müalicə forması var. Həblər, həblər və insulin kombinasiyası və təkcə insulin. Təkcə insulin verdiyimiz xəstələrdə böyrək çatışmazlığı olduğu üçün onlara həb vermək olmaz.

– Xəstəliyin türkəçarə üsullarla müalicəsi varmı?

– Təzə yaranan zaman, evdə müalicə etmək və ya qarşısını almaq olar. Sonra ağırlaşanda bu, mümkün deyil. Əsas odur pəhriz saxlasınlar, ilk vaxtlar bu bəs edir.

– Şəkər komalarının yaranmasının səbəbi nədir?

– Bu, əsasən birinci tip şəkər xəstələrində olur. İnsulin vurdurmayıb bir-iki gün şəkər qəbul eləsə, hətta adi qidalanmaqla belə şəkər komasına girə bilər. Yavaş-yavaş şəkər artırsa, insan özünü hiss etməyə başlayır.

Ancaq maariflənmə yoxdursa, adam xəstəlik haqqında məlumatsızdırsa ə, şəkər yüksək rəqəmlərə çatanda o, komaya düşə bilərlər. Belə hallarda tez həkimə müraciət edilməlidir.

– İndi evlərdə şəkər ölçən cihazlar da var…

– Evdəki cihazlarla da şəkəri yoxlamaq olur. Bütün xəstələrin evində belə cihazlardan olmalıdır. Onların hər gün həkimə getməsi mümkün deyil.

– Son zamanlar ikinci tip şəkərli diabetin cərrahi üsulla müalicəsi barədə danışırlar. Bu məsələyə münasibətiniz necədir?

– Hazırdakı cərrahi üsullar təsdiqini tapmayıb. Mədə kiçiltmə və ya bağırsaq yerini dəyişməsi edirlər ki, o zaman da şəkər tam sağalmır. Sadəcə çəki verdiyi üçün xəstə daha yüngül formada müalicə alır. Yəni həblərlə müalicə olunur, amma tam sağalır deyə bir şey yoxdur. Bu üsulla insulindən çıxıb yüngül müalicəyə düşmək olur.

Bu da xəstənin öz əlindədir, arıqlamaqla həkimə kömək edə bilərlər. Pəhriz saxlayıb arıqlamalıdırlar.

– Şəkər xəstələrində yaralar niyə sağalmır?

– Hər şey qaydasında olmalıdır ki, bədən özü-özünü müdafiə edə bilsin. Şəkərli xəstələr isə mikrob qapmağa daha meylli olur. Xəstəlik bakteriya və göbələkləri sevir, ona görə də yaralar sağalmır.

– Həkim, tövsiyələriniz nədir?

– Ümumiyyətlə şəkər olmağı gözləmək lazım deyil. Müntəzəm surətdə sağlıqlı qidalanmaq lazımdır. Tez-tez, həddindən artıq kalorili qidalar yemək olmaz, orta porsiyalarla, imkan daxilində şəkəri azaltmaq lazımdır.

Ağ çörək yerinə qara çörəyə keçmək düzgündür. Şəkərdən imtina isə hər kəs üçün yaxşı olardı. Sağlıqlı qidalanmaq, imkan daxilində həftədə 2-3 dəfə idman eləmək, gəzintiyə çıxmaq lazımdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər