Zakir Fərəcov ildə bir gün yox, hər gün hesabat verir…

843

Zakir Fərəcov ildə bir gün yox, hər gün hesabat verir

– öz yorulmaz, gərgin fəaliyyəti, böyük və xoş əməlləri ilə!

 Həm də kiçik bir auditoriya qarşısında deyil, 340 min sumqayıtlı qarşısında!

…Bugünlərdə Sumqayıtın 2017-ci ildə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağının keçirildiyi “Kimyaçı” sarayına toplaşan şəhər fəalları və ictimaiyyətin nümayəndələri tədbir başlanarkən Milli Məclisin Sumqayıtdan olan deputatları və şəhərin struktur rəhbərləri ilə birgə salona daxil olan Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəvcovu  xüsusi ehtiramla, alqışlarla qarşıladılar.

Yox, bu, “sovet epoxası” dövrünə xas olan formal “protokol” qaydası, zahiri ehtiram deyildi. Bu, çox qısa bir müddətdə – cəmi iki il ərzində Sumqayıtda “inqilabi” dönüş yaratmış, hər bir işi-əməli 340 minlik əhalinin (üstəgəl – bu şəhərə sığınmış 50 mindən artıq qaçqın-köçkün həmvətənlərimiz) ürəyincə olan şəhər rəhbərinə olan hörmət-ehtiram idi. Ürəkdən, səmimi-qəlbdən olan ehtiram. Bunu ona yönəlmiş rəğbət dolu baxışlardan, simalardakı hər cür sünilikdən uzaq təbəssümlərdən də çox aydın sezmək olurdu. Üzlərdə həqiqətən xoş bir razılıq, minnətdarlıq ifadəsi vardı. Bütün baxışlar sanki “mini-projektorlar” kimi eyni anda ona – Sumqayıtın bu təşəbbüskar və işgüzar, bugünkü sakinlər və gələcək nəsillər üçün qurub-yaratmaqdan böyük mənəvi zövq alan İcra başçısına yönəlmişdi. Tədbir iştirakçılarının hiss və duyğularının təbii, ürəkdən gələn olub-olmadığını bilmək üçün isə hamı eyni zamanda ümumi detektor sisteminə qoşulsaydı belə, orda yəqin ki, qətiyyən “narazı notlar” qeydə alınmazdı…

HAŞİYƏ  Artıq 50 ildən çoxdur ki, mənə doğma olan bu şəhərdə yaşayıram. Və 40 ilə yaxındır ki, Sumqayıta rəhbərlik edənlərlə uzaqdan-yaxından tanışlığım, bəziləri ilə hətta ünsiyyətim də olub. Və danmaq olmaz ki, onlar da bu şəhər üçün nəsə eləyiblər, hətta kimlər üçünsə “yaxşı adam” olublar, ancaq təəssüf ki, onların çoxu bütün şəhər sakinləri üçün “yaxşı” ola bilməyiblər. Yəqin ki, hər birini ayrılıqda xarakterizəyə ehtiyac yoxdur.  Sadəcə demək istəyirəm ki, mən də “çox qəribə”, “ipə-sapa yatmayan” bir adam olaraq onlar haqqında fəaliyyətdə olduqları dövrdə mətbuatda heç vaxt layiq olmadıqları tərif demək, onlardan hansınasa yarınmaq fikrində olmamışam. Mümkün qədər onlardan gen dolanmışam, əslində elə onlar da məndən çox gen durmağa üstünlük veriblər (hətta 1988-cı ilin o ağır fevral günlərində onlardan biri mən tribunadan Qarabağımız və Göyçə-Zəngəzurdakı dədə-baba yurdlarından didərgin düşmüş həmvətənlərimiz barədə danışaraq, erməniləri xəyanətkar adlandırıb, müqəddəs Vətənimizin hər qarış torpağını qorumağa səsləyəndə ermənini yox, məni nəzərdə tutaraq  demişdi ki, “düşmənimiz elə öz içimizdəymiş ki…”. Və mən kəskinliklə cavabını verib, ondan uzaqlaşmışdım).

Yəni heç vaxt Sumqayıt rəhbərlərinin yan-yörəsində dolanmamış, onlardan heç vaxt heç bir şey – nə ev, nə maşın, nə də torpaq, mülk-malikanə ummamışam, əldə olunmuş az-çox uğurlarla yanaşı şəhərdə yol verilən nöqsanlar barədə də vaxtaşırı tənqidi yazılar yazmışam… Çünki “sabiq”lərdən ikisi istisna olunmaqla digərləri elə bir fövqəladə, nəzərə çarpacaq böyük işlər görməmişdilər ki, diqqəti xüsusi cəlb edərək, xoş əməllərlə yadda qalsınlar. Onlardan biri inşaatçıların, metallurqların və kimyaçıların, bütünlükdə şəhər sakinlərinin 40 ilə yaxın istifadə etdikləri əsas, həm də ucuz başa gələn nəqliyyat vasitələrini – tramvay və trolleybusları ləğv edərək, tonlarla çox qiymətli polad relsləri, minlərlə şpalı və s. daxili və xarici “işbaz”lara satmış, başqa birisi şəhərin mədəniyyət və istirahət parkını genişləndirmək, daha da abad etmək əvəzinə hansısa məmurdan-“mülkədar”dan rüşvət alaraq, parkın ən gediş-gəlişli, yaraşıqlı hissəsini  (bir hektardan da çox!) ona “peşkəş” etmiş, hətta hasarlatdırmışdı da. Başqa birisi 16 N-li məktəbin idman meydançasını çoxmərtəbəli bina tikmək üçün “iş adamı”na satmışdı və bu, haqsızlığa, özbaşınalığa dözməyib, etiraz edən idman müəlliminin həyatı bahasına başa gəlmişdi – şagirdlərin sevimlisi olan müəllim əsəbilikdən elə həmin meydançadaca infarkt olaraq dünyadan köçmüşdü. Vicdanını külli miqdarda pula satan başsız “başçı” isə heç bir cəza almamışdı. Digəri də bir milyonerin “pullu sifariş”inə uyğun olan yeni bina yeri üçün bir gecədə onlarla çoxillik ağacları qırdırmış (və səhərisi günü and-aman eləmişdi ki, guya xəbəri yoxdur, ancaq buna görə kimsəni cəzalandırmayanda onsuz da aydın olan məsələ daha dəqiqliyi ilə aydın olmuşdu), daha sonra 1-ci məhəllədəki geniş uşaq meydançasını sökdürərək, orda çoxmərtəbəli ev üçün çox dərin bir “kotlovan” da qazdırmışdı.

Eqoist, ancaq öz mənfəətini güdən sabiq başçılardan sonuncusu isə İcra Hakimiyyətinin qarşısından keçən böyük bir işlək yolu bütün maşınlar, o cümlədən şəhərdaxili marşrutlar üzrə işləyən avtobuslar üçün tamamilə bağlatdırmışdı ki, bu da şəhər sakinlərinin haqlı narazılığına səbəb olmuşdu. İcra Hakimiyyətinin qarşısına onun döşətdirdiyi kələ-kötür, bir-birindən aralı döşənmiş daşlar isə nəinki qadınların, eləcə də kişilərin və uşaqların gediş-gəlişi üçün də çətinlik yaradırdı. Çox yaxşı ki, yeni rəhbərlik elə işə başladığı ilk gündən həmin mərkəzi yolu açdırdı və meydanı da yenidən qurduraraq, onun həm piyadalar, həm də maşınlar üçün rahatlığını təmin etdi.      

Bəli, sələflərindən fərqli olaraq Zakir Fərəcov Sumqayıta İcra başçısı təyin olunduğu ilk gündən bura şəhərin doğma, qədirbilən oğlu kimi gəldiyi, Sumqayıtın təəssübkeşi və qayğıkeşi olduğu,  onun “reformatoru” olacağı, şəhəri yenidən, XXI əsrin tələblərinə uyğun qurmağa çalışacağı açıq-aşkar bəlli olmuşdu.  Və o, ötən qısa bir dövrdə öz çoxşaxəli, geniş və səmərəli fəaliyyətini elə qurmuşdur ki, onun hansısa işini bəyənməməyə, narazılıq etməyə nə dil dönər, nə də qələm.

Bəlkə də kimsə düşünə bilər ki, Zakir Fərəcov sadəcə şanslı adamdır, hər yerdə bəxti gətirir. Bəli, düzdür, bəxti gətirir, ancaq o bəxti özü “tutub” yanına gətirir – həm də ilk növbədə təkcə gərgin əməyi, fəaliyyəti ilə deyil, doğma xalqa, Vətənə olan sevgisi, məhəbbəti, dövlətçiliyə olan sədaqətu ilə. Təbii ki, bunlarsız böyük uğurlara nail olmaq qətiyyən mümkün olmazdı.

Ancaq Zakir müəllim birinci, lider olmağı xüsusi olaraq planlaşdırmasa da, işinə məsuliyyətlə, sevərək yanaşması onu son illərdə çalışdığı sahələrdə həmişə birinci edib. Azərbaycanda 2005-ci ildə ilk dəfə olaraq təşəkkül tapan, əvvəllər heç bir təcrübəmizin olmadığı Bələdiyyə sistemi yaradılarkən Zakir Fərəcovun Sumqayıt Bələdiyyəsinin ilk sədri kimi yeni qurumun təşkilatlanmasında və onun nümunəvi Bələdiyyə kimi respublikada nüfuz qazanmasında xüsusi rolu olmuşdur.

2005-ci ilə qədər yalnız bir və iki-üç mərtəbəli evlərdən ibarət olan, infrastrukturu o vaxtadək ürək açmayan bir qəsəbənin – Xırdalanın yeni, müasir çoxmərtəbəli evlərlə həm eninə-uzununa, həm də hündürlüyə ucaldılaraq şəhər statusu alması da Zakir müəllimin, onun təşəbbüskarlıq və əzmkarlığının, yorulmaz əməyinin bəhrəsidir.

Sumqayıtın Bələdiyyə sədri və sonra 10 il Abşeron rayonunun İcra başçısı kimi çox səmərəli, fədakarlıqla çalışaraq, Xırdalanın şəhər kimi inkişafı üçün nail olduğu uğurlar, əldə etdiyi birincilik, liderlik ona haqlı olaraq respublika miqyasında ad-san, şan-şöhrət qazandırmışdır.

Sumqayıtın böyük miqyasla və sürətlə inkişafına inanılmaz töhfələr verən, yaradan-quran İcra başçısı kimi də Zakir müəllim birinci olaraq, şəhərin əməksevər adamları ilə birgə onun üçün əziz və doğma olan Sumqayıtı Avropa səviyyəli və daha  gözəl  bir şəhərə çevirməkdədir.

…Şəhər tədbiri on illərin ənənəsindən tam fərqli şəkildə başladı. Onun açılışı ilə bağlı ilk olaraq nə səhnəyə qalxan “rəyasət heyəti” oldu, nə də rəsmi məruzə. Son iki ildə şəhərin sosial-iqtisadi inkişafını, abadlıq-quruculuq işlərini geniş şəkildə əks etdirən sənədli film hər şeyi daha dolğun və əhatəli, “quru hesabat” rəqəmləri ilə deyil, vizual olaraq çatdırırdı. Bu, sumqayıtlıların hər gün böyük qürur hissi keçirərək şahidi olduqları böyük abadlıq-quruculuq işləridir – yeni, yaraşıqlı “göydələnlər”, köhnə damları bütünlüklə dəyişdirilərək, narıncı şiferlə örtülmüş, rütubətli və çirkab dolu zirzəmiləri təmizlənərək qurudulan binalar, son 15-20 il ərzində istifadəyə yararsız, təhlükəli hala düşmüş 100-dən artıq liftin əvəzində Avropa istehsalı olan yenilərinin quraşdırılması, görkəmi daha da gözəlləşmiş məhəllə və mikrorayonlar, abadlaşdırılmış Z.Tağıyev və Corat qəsəbələri, əsaslı təmir edilmiş məktəb və baxşalar, xəstəxana və poliklinikalar, keyfiyyətli asfalt çəkilmiş yollar, marşrutlara buraxılaraq, şəhər sakinlərinin ixtiyarına verilmiş çoxtutumlu, rahat, komfortabelli avtobuslar… Artıq respublikadan kənarda da “səs salaraq”, Avropada da yükzək qiymətləndirilən “zümrüd boyunbağı” – şəhərin orijinal dizaynla, yüksək zövqlə yaradılmış bulvarı, elə ordaca müasir üslubda tikilmiş 500 yerlik Yay estradası, sumqayıtlıların dəniz gəzintisinə çıxması üçün 400 metrə qədər Xəzərin dərinliyinə doğru uzadılmış yanalma körpüsü (bu ilin yay aylarında bura müasir gəmilər və katerlər gətiriləcəkdir), minlərlə iş yerinin açıldığı yeni sənaye-inşaat müəssisələri  və s. son iki ilin ən gözəl, konkret  və sanballı hesabatıdır.

Şəhərdə yeni inşa edilmiş Heydər Əliyev Mərkəzi, YAP-ın yeni inzibati binası, Bayraq Muzeyi, Poeziya Evi, Şahmat və İncəsənət məktəbləri də Zakir Fərəcov komandasının sumqayıtlılara ən gözəl, fərəh və qürur verən töhfələridir. Şəhərin əsas mədəniyyət ocaqlarının –  H.Ərəblinski adına Sumqayıt Dövlət  Dram Teatrının və Ü.Hacıbəyov adına “Kimyaçı” Mədəniyyət sarayının əsaslı təmirdən sonra istifadəyə verilməsi, şəhərdə Azərbaycan-Almaniya dostluğunun nümunəsi kimi salınmış Lüdviqshafen parkının yenidən qurulması və abadlaşdırılması da şəhər sakinlərinin mədəni istirahətinin təşkilində, onların asudə vaxtlarını səmərəli keçirmələrində mühüm rol oynayır.

Diqqətəlayiqdir ki, Sumqayıtda məskunlaşmış məcburi köçkünlər də diqqətdən kənar  saxlanılmır. Onlar üçün şəhərin 12-ci mikrorayonunda ümumilikdə 936 mənzildən ibarət olacaq yaşayış binalarının tikintisinə 2,8 hektar torpaq sahəsi ayrılıb və hazırda həmin evlərin tikintisi aparılır.

2015-ci ilin sentyabrından bəri, eyni zamanda son bir ildə şəhərdə aparılmış geniş miqyaslı işlər barədə filmin yaratdığı xoş təəssürat sonradan qısa məruzə ilə daha da tamamlandı və dolğunlaşdı.

Rəsmi hesabatdan  Əvvəlki illə müqayisədə 2017-ci ildə Sumqayıtda ümumdaxili məhsulun (ÜDM-in) həcmi 30 faizdən çox artaraq, 1 milyard 533 milyon manatdan artıq olmuşdur. Bir nəfərə düşən ÜDM həcmi isə 4489 manat təşkil etmişdir ki, bu da 2016-cı ilə nisbətən 32,4 faiz çoxdur.

Ötən illə müqayisədə sənaye müəssisələrində məhsul istehsalının həcmi 34 faiz artaraq, 1 milyard 81 milyon manat təşkil etmişdir. Diqqətəlayiqdir ki, ÜDM-in tərkibində qeyri-dövlət sektorunun payı 85 faizdən çox olmuşdur.

Bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 410 milyon manat vəsait yönəldilmiş, artım tempi 16,8 faiz təşkil etmişdir. Tikinti-quraşdırma işlərinin həcmi 12 faiz artmışdır.

“Azərboru” ASC-nin yenidənqurma və əsaslı təmir işləri başa çatdırılmış boruyayma istehsalatı, Kimya Sənaye Parkında 4 yeni istehsal sahəsinin işə salınması, o cümlədən illik istehsal gücü 30 min ton olan süni sürtkü yağları, istehsal gücü 30 min ədəd olan yüksək təzyiqə davamlı birləşdiricilərin istehsalı,  həmin Parkda 3 yeni müəssisənin təməlinin qoyulması, 145 çeşiddə – quru formada 13 min, maye halında isə 57 min ton istehsal gücünə malik pestisidlər zavodu və s. ötən ilin uğurlarındandır. Müxtəlif tipli elektron informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiyanın təhlükəsizliyinin təmin olunması üzrə xidmətlər göstərən “Data Mərkəz”in istifadəyə verilməsi isə bu mühüm sahədə işlərin yüksək səviyyədə qurulmasına imkan yaradacaqdır. 

Bütün bu görülən tədbirlər nəticəsində şəhərdə 6900-dən çox yeni iş yeri açılıb ki, bu da əvvəlki  illə müqayisədə 12 faiz çoxdur.

Təqdirəlayiqdir ki, bütün əvvəlki şəhər rəhbərlərinin diqqətindən tam kənarda qalmış, on illərlə həll olunmayaraq, sumqayıtlıları narahat edən çox vacib bir problem də bilavasitə Zakir Fərəcovun təşəbbüsü ilə artıq həll edilməkdədir. Belə ki, şəhərin avtovağzal hissəsindən, şəhərin məkəzindən keçən “Acı dərə” kanalı 50 ildən çoxdur ki ətrafa üfunət yayaraq, infeksiya mənbəyi olsa da və bununla bağlı tədbir görülməsi üçün dəfələrlə şəhər rəhbərliyinə müraciət edilsə də, ən yaxşı halda kanalın bəzi hissələri çirkabdan “simvolik olaraq” təmizlənmiş, lakin bütövlükdə problem həll olunmamış qalmışdı. Antisanitariyanın qarşısının birdəfəlik alınması məqsədilə indiyədək üstü açıq olan kanalın çirkab sularının bir-neçə metr dərinlikdə qoyulacaq borularla axıdılması üçün böyük həcmli qazma-inşaat işlərinə başlanılmışdır. İndi hidromeliorasiya işçiləri tərəfindən müxtəlif ağır texnika cəlb edilməklə orada intensiv işlər aparılır. Kanalın məcrasının dəyişdirilməsi ilə əlaqədar isə yeni suötürücü kanalizasiya xəttinin çəkilişinə başlanılmışdır. İşlərin tam başa çatdırılması ilə şəhərin ekologiyası daha da yaxşı, təmiz olacaqdır.

Ötən ilin ən mühüm tədbirləindən biri də Sumqayıt-Corat-Novxanı yolunun əsaslı təmir olunaraq, yenidən qurulması, genişləndirilməsidir.  Üç aydan artıq davam etmiş işlərin nəticəsi olaraq eni xeyli artırılmış həmin yol maşınlar üçün rahatlığı ilə yanaşı sürücülər və piyadalar üçün də daha təhlükəsiz olmuşdur ki, bu da olduqca mühüm əhəmiyyət kəsb edir.

Bu ilin əvvəlindən etibarən isə “Metallurq” və “Sülh” küçələrindən başlayaraq sənaye zonasından keçməklə Bakı-Quba magistralına qədər olan 4 kilometrlik yol da əsaslı şəkildə təmir olunur, onun hərəkət hissəsi genişləndirilir.

Üç suala qısa cavablar:

Nəyə görə yeni Başçı fəaliyyətinə şəhərdaxili yolların təmirindən başladı?  Çünki nəinki şəhərətrafı, hətta şəhərdaxili yolların da xeyli hissəsi bərbad vəziyyətdə olmaqla 50-60-cı illərin “kasıb şalvarı” kimi yamaq-yamaq idi, kələ-kötürlüklər, çalalar da az deyildi. Belə yollarla hərəkət edən sürücülər bəzən ehtiyatsızlıqdan, bilmədən (xüsusilə də gecə vaxtı) maşını çalaya salıb, həm maşının, həm də özlərinin zədələnmələrinə səbəb olurdular. Bəzən də həmin çalalardan yan qaçmaq üçün sürücü guya “5 saniyəyə” öz yoluna qayıdacağı fikri ilə qəfildən qarşı tərəfin yoluna keçir, lakin sürəti çox olduğundan maşını “yığışdıra” bilmir, toqquşmaya, qəzaya, bəzən də çox ağır hallara – piyadaların və ya sərnişinlərin həyatını itirmələrinə səbəb olurdular. Belə halların – yollarda qəza və digər fəsadların qarşısının mümkün qədər çox alınması üçün yeni rəhbərlik işi elə yollardan, bütün şəhərdaxili yolların müasir tələblər səviyyəsində qurulmasından başladı. Bu, çox düzgün və həm də daha çox humanist, insan amilini əsas tutan qərar idi. Şübhəsiz ki, bununla nə qədər qəzaların, digər ağır halların qarşısı alındı.

Nəyə görə evlərin damları bütünlüklə yeniləndi?  Zakir müəllim hələ Sumqayıtın Mənzil-Kommunal Təsərrüfatına rəhbərlik etdiyi vaxtlarda dəfələrlə şahidi olmuşdu ki, 35-40 il əvvəl inşa edilmiş binaların dam örtükəri sıradan çıxarkən şəhər rəhbərliyinə daha çox müraciət edənlər az-çox imkanlı, vəzifəli, həm də tələbkar adamlar olurdu və onların xahişləri material təchizatından asılı olaraq pis-yaxşı yerinə yetirilirdi. Ancaq kasıb-kusubun əli heç yerə çatmadığından, bəzən də harasa müraciət etmək, kiminsə qapısını döymək istəmədiklərindən vəziyyətdən bacardıqları kimi, damın sınıq yerlərinə “yamaq” vurmaqla çıxmağa çalışırdılar. Bunu və köhnə binaların dam örtüklərinin nə vəziyyətdə olduğunu yaxşı bilən Zakir müəllim daha çox imkansız ailələrin qayğısına qalaraq, həm də sosial ədaləti, bərabərliyi təmin etmək üçün dam örtüklərini kimlərinsə xahişi ilə adda-budda yox, bütünlüklə təmir etməyi, yeniləməyi daha məqsədəuyğun hesab etdi. O da mühüm idi ki, bununla həm də İcra Hakimiyyətinə daxil olan şikayətlərin də sayı xeyli dərəcədə azalırdı.

18-ci və 19-cu məhəllələrdəki ikimərtəbəli evlər sökülmədi. Nə səbəbə?  Çünki həmin binalar Sumqayıtın ilk inşa edilmiş yaşayış evləridir. Və şəhər rəhbərliyi çox düzgün olaraq həmin evləri ardıcıllıqla əsaslı təmir etdirərək, müasir görkəm verməklə onların qorunub-saxlanılmasına üstünlük verdı. Axı, bu şəhərin tarixi məhz həmin binalardan başlayır…

Tədbirlə bağlı 4 mühüm məqam

Əsas məqam o idi ki, İcra Hakimiyyətinin hesabatının arxasında qürur doğuran işlər kifayət qədər çox idi və şəhərin başçısı bəzi “əvvəlkilər”dən fərqli olaraq tədbirə üzü ağ, alnı açıq gəlmişdi – həm sumqayıtlılar qarşısında, həm də ölkə rəhbərliyi qarşısında. Hətta görülmüş işlər, əldə olunmuş uğurlar o qədərdir ki, onları sadəcə sadalamaq belə çox vaxt aparardı. Həm də görülmüş işlər çoxşaxəliliyi, genişliyi və əzəməti ilə həqiqətən heyrət, həm də o işlərin təşəbbüskarına böyük minnətdarlıq doğurur.

Tədbirin gedişi zamanı yadıma hardansa ötən dövrün mahnılarından birinin “Sağ olsun yol göstərən, gör nələr yaratmısan!..” sözləri düşdü. O mahnı ötən əsrin 80-ci illərində tez-tez oxunurdu.  Lakin o zaman heç bir konkret ad çəkilməsə də, hamı bilirdi ki, bu minnətdarlıq ifadə edən sözlər haqlı olaraq  xalqımızın unudulmaz rəhbəri, öz liderlik istedadı və qüdrətilə Azərbaycanı çox qısa müddətdə durğunluqdan, ətalətdən çıxararaq, onu sosial-iqtisadi  baxımdan dirçəltməyə nail olmuş Heydər Əliyevə ünvanlanmışdı. Bu gün isə sanki bütün sumqayıtlılar böyük, çoxminlik bir xor kollektivi kimi həmin sözləri şəhərin başı üzərində səsləndirərək, onları yeni ünvanına – ölkə prezidenti İlham Əliyevə çatdırmaq istəyirdilər. “Sağ olsun yol göstərən” sözləri möhtərəm Prezidentimizə, “gör nələr yaratmısan!” isə ölkə başçımızın rəhbərliyi ilə Sumqayıtı yenidən qurmağa başlayaraq, deyildiyi kimi bu şəhərdə “möcüzə” yaradan Zakir Fərəcova, onun hər zaman özünə arxa-dayaq bildiyi əməksevər sumqayıtlılara ünvanlanıb. Bəli, sağ olsun yol göstərən!

İkinci məqam isə yenə də Prezidentimizin tapşırığı, diqqət və qayğısı sayəsində “Kimyaçı” Mədəniyyət sarayının çoxillik fasilədən sonra ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin kollektivi tərəfindən çox yüksək səviyyədə, zövqlə əsaslı təmir olunaraq, müasir dizayn görkəmi ilə kimyaçıların, bütün sumqayıtlıların istifadəsinə verilməsi, onun açılışının belə bir tədbirə təsadüf etməsi idi.

Bir-birilə bağlı olan daha iki məqam isə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə yeni, gözəl bir xor kollektivinin yaradılması, onun ilk dəfə, lakin peşəkarlıqla çıxış etməsi və tədbirin Azərbaycanın Xalq artisti, çox sevilən, məşhur sənətkatımız Alim Qasımovun qızı Fərqanə və digər tanınmış incəsənət ustalarının iştirakı ilə təşkil edilmiş böyük konsertlə başa çatması idi ki, sumqayıtlılar bundan çox böyük zövq alaraq, mənalı istirahət edib, tədbirdən şəhər rəhbərliyinə minnətdarlıqla, xoş ovqatla ayrıldılar.

 Rəhman OPXAN, sumqayitxeber.com

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər
Bənzər Xəbərlər