Zaqatalada dəhşətli qəza — 2 azyaşlı öldü, 3 nəfər isə yaralandı (MƏHKƏMƏ İŞİ)

1066

Zaqatala rayonunda 2 azyaşlının ölümündə, 3 nəfərin isə yaralanmasında təqsirli bilinərək məhkum olunan şəxs Ali Məhkəməyə şikayət edib. “Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 263.3-cü maddəsiylə məhkum olunan Gəncəyev Abdulla Dada oğlunun məhkəmə prosesinə hakim Hafiz Nəsibov sədrlik edəcək.

Xatırladaq ki, Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1967-ci il təvəllüdlü Abdulla Gəncəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Abdulla Dada oğlu Gəncəyev idarə etdiyi “Opel Vectra B” markalı avtomobillə Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun Zaqatala rayonu ərazisindən keçən 113-cü kilometrində yol hərəkəti qaydasını pozub.

O, sürət həddini aşaraq maşını yolun kənarındakı ağaca vurub. Nəticədə avtomobilin sərnişinləri Rahilə Təyyubova, 2008-ci il təvəllüdlü Diana Nuriyeva, 2008-ci il təvəllüdlü Məhəmmədli Haxov hadisə yerində ölüb.

Digər sərnişinlər – Aynurə Nuriyeva, Nuri Nuriyev, Gülüzar Haxova xəsarət alıblar.

İstintaq orqanı tərəfindən Abdulla Gəncəyevin barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozmaqla ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abdulla Gəncəyev 6 il müddətinə azadlıqdan məhrum edilib, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəndə çəkməsi qərara alınıb.

Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib, həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs olunub.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Musa Sarıyev apelyasiya şikayəti verib. O bildirib ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil: “İşin faktiki hallarından görünür ki, Abdulla Gəncəyev ağır xəstədir, özünü idarə etmək qabiliyyətində deyil, qulluğa, qayğıya ehtiyacı var. Onun idarə edilməsi üçün qulluqçu lazımdır”.

Vəkilin sözlərinə görə, məhkəmə iclasına hər dəfə xərəkdə həkim nəzarəti altında gətirilən Abdulla Gəncəyev azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanunun humanist prinsiplərinə uyğun deyil: “İş üzrə zərərçəkmişlərin və onların hüquqi varislərin ondan heç bir şikayəti olmadıqlarını deyiblər. Bu, qəsdən törədilən cinayət deyil”.

Vəkil müdafiə etdiyi şəxs barəsində həbs olmayan cəza növünün təyin edilməsini xahiş edib.

Vəkilin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Qərara görə, Abdulla Gəncəyevin cəzasının yüngülləşdirilməsi barədə şikayəti təmin edilməyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər