Zəngilan üzrə xüsusi nümayəndə iki məşhurun nəvəsidir – Babası Prezidentin mətbuat katibi olub

12193

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vahid Hacıyevi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda özünün xüsusi nümayəndəsi təyin edib.

Modern.az saytı Vahid Hacıyev barədə yeni məlumatlar öyrənib.

Məlum olub ki, o, əslən Şuşadan olan tanınmış nəslin nümayəndəsidir.

Qeyd edək ki, Zəngilan üzrə xüsusi nümayəndə bu təyinatadək Azərbaycanın kənd təsərrüfatı sahəsində ixtisaslaşan böyük şirkətlərindən biri olan “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyəti sədri vəzifəsini tutub. O, həmin vəzifəyə 2020-ci ilin aprelində təyin olunmuşdu.

Daha əvvəl isə 13 il “BP Azerbaijan” neft şirkətində müxtəlif yüksək vəzifələrdə çalışıb.

Onun “BP Azerbaijan”da sonuncu vəzifəsi Ticarət Əməliyyatları Kəşfiyyatı üzrə Biznes menecer olub.

Vahid Hacıyevin atası Rasim Hacıyev tanınmış göz həkimi, tibb elmləri doktoru, professordur. Rasim Hacıyev Şuşa rayonunun Malıbəyli kəndində doğulub, Azərbaycan Tibb Universitetini bitirib. O,  hazırda Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun “Göz Xəstəlikləri” kafedrasının professoru, akademik Zərifə  Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Patologiya refraksiya və oftalmoerqonomika” şöbəsinin müdiridir.

Vahid Hacıyevin anası Lalə Hacıyeva (Mirzəyeva) Bakı Dövlət Universitetində çalışır, filologiya elmləri namizədidir. Yeri gəlmişkən, Lalə Hacıyeva mərhum jurnalist Osman Mirzəyevin qızıdır. O, vaxtilə “Lalə Mirzəyeva” imzası ilə BBC radiosunun Azərbaycan xidmətinin əməkdaşı olub. Lalə xanım 2000-ci ildən BDU-nun Jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimidir.

Xüsusi nümayəndə Vahid Hacıyev ata babasının adını daşıyır.

Babası Vahid Hacıyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, biologiya elmləri doktoru, professor olub. O, Şuşa şəhərində anadan olub. Uzun müddət elm sahəsində fəaliyyət göstərib. Mərhum Vahid Hacıyev 1952-1957-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Bota­nika İnstitutunda baş elmi işçi, 1957-1958-ci illərdə Botanika Bağında direk­tor əvəzi, 1957-1972-ci illərdə yenə həmin institutda elmi işlər üzrə direktor müa­vini olub.
1972-1973-cü illərdə Kənd Tə­sərrüfatı Nazirliyinin Elmi Tədqiqat Yemçilik, Çəmən­çilik və Otlaqlar İnstitutunun direktoru vəzifəsini icra edib. 1978-1988-ci illərdə isə institutun elmi işlər üzrə direktor müavini kimi fəaliyyət göstərib. 1988-2008-ci illərdə direktor vəzifəsini icra edib. O, 1983-cü ildə Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü (akademiki) seçilib.

Akademik Vahid Hacıyev ömrünün sonlarında Elmlər Akademiyasının Botanika İnstitutunda Geobotanika şöbəsinin müdiri vəzifəsini tutub. O həm də Azərbaycan Botaniklər Cəmiyyətinin sədri olaraq fəaliyyət göstərib. Vahid Hacıyev 7 aprel 2008-ci ildə vəfat edib.

Xüsusi nümayəndə Vahid Hacıyevin ana babası Osman Mirzəyev tanınmış jurnalist olub,
fəaliyyətə “Molodyoj Azerbaydjana” qəzetindən başlayıb, “Vışka” qəzetində redaktor müavini vəzifəsinədək yüksəlib. “Əməkdar jurnalist” fəxri adına, “Qızıl qələm” mükafatına layiq görülüb.

Azərbaycan Dövlət Televiziyasında (AzTV) “Dalğa” ictimai-siyasi  televiziya verilişinin yaradıcısı və aparıcılarından biri olub. 1990-cı ilin avqustundan Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidmətinin rəhbəri işləyib. Bir neçə kitabın müəllifidir.

Vətənpərvər jurnalist 1988-89-cu ililərdə Moskvanın Dağlıq Qarabağ siyasəti və Xüsusi İdarə Üsulunu tənqid edərək, erməni separatçıları və onların havadarlarının məkrli əməlləri barədə xəbərdarlıq edib.

Osman Mirzəyev 1991-ci il noyabrın 20-də Azərbaycanın yüksək rütbəli dövlət xadimlərini Qarabağa aparan vertolyotun göyərtəsində olarkən Xocavənd rayonunun Qarakənd yaxınlığnda erməni qəsbkarları tərəfindən qətlə yetirilib.

A.Qorxmaz

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər