10 yaşlı Sumqayıtlı Nurayın ifası gündəm oldu – Video

819

Artıq bir müddətdir ki, 10 yaşlı Nuray Şahsuvarlının ifası sosial şəbəkədə gündəm olub. 

Azərbaycan xalq mahnılarını ifa edən balaca xanəndə qısa müddət ərzində sosial şəbəkə fenomeninə çevrilib. İzləyicilər onun böyük gələcəyi olduğunu, səsinin Xalq artisti Şövkət Ələkbərovanın avazına çox bənzədiyini qeyd ediblər.

Nurayın anası Əminə Məmmədova oxu.az-a açıqlama verərək bildirib ki, qızının musiqi duyumunu körpəliyindən hiss ediblər. Evdə başqa xanəndə olmasa da,  Nuray oxumağa 3-4 yaşından başlayıb. Hazırda 10 yaşı olan Nuray dörd ildir ki, Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alır.

Ə.Məmmədova gələcəklə bağlı seçimi Nurayın özünə həvalə etdiyini qeyd edib: “İstəyirəm ki, öz seçimi olsun. Qızımın bu sənəti itirməsini istəmərəm. Özü ilə bərabər aparsın. Nuray Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır. Dərslərini də yaxşı oxuyur. Riyaziyyata meyli çoxdur. Dilimizi də sevir. Əlaçıdır. Musiqi üzrə də sırf xanəndəlik ixtisasında təhsil alır. Nurayın çox gözəl diksiyası var. Qızım həm də qiraətçidir. Hərtərəfli istedaddır.

Nurayın videosunu sosial şəbəkədə özüm paylaşmışam. Lakin onu deyim ki, övladımızı məşhurlaşdırmaq fikrimiz olmayıb. Ona nə yutub, nə də TikTok platformasında hesab açmışam. Atası da, mən də tanınmasına meyilli olmamışıq. Məqsədimiz odur ki, övladımız təhsilli musiqiçi olsun”.

Nuray Şahsuvarlının ifasını təqdim edirik:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər