Azərbaycan xalqının müasir tarixində elə günlər vardır ki, həmin tarixlər təkcə təqvim hadisəsi deyil, bütöv bir dövlətin taleyini müəyyənləşdirən dönüş nöqtəsi kimi yadda qalır. 15 İyun – Milli Qurtuluş Günü məhz belə əlamətdar günlərdəndir. Bu gün Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması, müstəqilliyimizin möhkəmləndirilməsi və ölkəmizin inkişaf yoluna çıxarılması baxımından müstəsna əhəmiyyət daşıyır. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanmaq, vətəndaş qarşıdurması və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.
1987-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyindəki yüksək vəzifələrindən istefa verməsindən sonra Azərbaycana qarşı yönəlmiş məkrli planların həyata keçirilməsi üçün münbit şərait yarandı. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının açıq şəkildə ortaya qoyulması, Dağlıq Qarabağ münaqişəsinin alovlandırılması və sonrakı illərdə baş verən faciəli hadisələr ölkənin üzləşdiyi ağır sınaqların başlanğıcı oldu. Müstəqilliyin ilk illərində isə siyasi idarəetmədə yol verilən ciddi səhvlər, dövlət institutlarının zəifliyi və daxili qarşıdurmalar vəziyyəti daha da mürəkkəbləşdirdi.
1991–1993-cü illərdə Azərbaycan həm xarici təcavüz, həm də daxili siyasi böhranlarla üz-üzə qalmışdı. Dövlət idarəçiliyində təcrübəsizlik, silahlı qruplaşmaların özbaşınalığı, separatçılıq meyllərinin güclənməsi və iqtisadi tənəzzül ölkəni dərin uçuruma sürükləyirdi. Cəbhədə ardıcıl uğursuzluqlar yaşanır, torpaqlar işğal edilir, əhalinin sosial vəziyyəti ağırlaşırdı. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı isə dövlətin mövcudluğunu təhlükə altına alan proseslərin kulminasiya nöqtələrindən biri oldu.
Belə mürəkkəb şəraitdə Azərbaycan xalqı yeganə çıxış yolunu Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdü. 1993-cü il iyunun 9-da Ümummilli Lider xalqın çağırışına cavab verərək Bakıya gəldi. Həmin günlərdə ölkədə hakimiyyət böhranı hökm sürür, qardaş qırğını təhlükəsi real xarakter alırdı. Heydər Əliyev böyük siyasi iradə və qətiyyət nümayiş etdirərək yaranmış qarşıdurmaların qarşısını aldı, dövlətçiliyin xilası naminə məsuliyyəti öz üzərinə götürdü. İyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkənin taleyində yeni mərhələ başlandı və həmin tarix sonradan Milli Qurtuluş Günü kimi tarixə həkk olundu.
Ulu Öndərin hakimiyyətə qayıdışından sonra qısa müddətdə ölkədə sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Qanunsuz silahlı dəstələrin fəaliyyəti məhdudlaşdırıldı, dövlət idarəetmə sistemi yenidən formalaşdırıldı, hüquq-mühafizə orqanlarının fəaliyyəti gücləndirildi. Azərbaycan beynəlxalq təcriddən çıxaraq dünya birliyi ilə münasibətlərini bərpa etməyə başladı. Məhz həmin dövrdə gələcək inkişafın əsasını təşkil edən siyasi və iqtisadi islahatların təməli qoyuldu.
Milli Qurtuluşdan sonrakı illər Azərbaycanın dövlət quruculuğu tarixində yeni mərhələnin başlanğıcı oldu. Nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı, atəşkəs əldə edildi, xarici siyasətdə balanslaşdırılmış kurs müəyyənləşdirildi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafının əsasını qoydu, xarici investisiyaların cəlb edilməsinə və Azərbaycanın beynəlxalq enerji xəritəsində mühüm mövqe qazanmasına şərait yaratdı. 1995-ci ildə qəbul edilən Konstitusiya isə hüquqi dövlət quruculuğunun möhkəm təməlini formalaşdırdı.
Heydər Əliyevin dövlətçilik strategiyasının əsas istiqamətlərindən biri milli həmrəyliyin və ictimai-siyasi sabitliyin təmin olunması idi. Ümummilli Lider dəfələrlə vurğulayırdı ki, sabitlik olmadan nə iqtisadi inkişafdan, nə də sosial rifahdan danışmaq mümkündür. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrildi, müstəqil və prinsipial mövqeyi ilə beynəlxalq aləmdə nüfuz qazandı. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli maraqların qorunması və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi məhz həmin dövrdə mümkün oldu.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, ölkəmizin beynəlxalq nüfuzunun artması Milli Qurtuluş ideyalarının real nəticələridir. 15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik iradəsinin, milli birliyinin və müstəqillik əzminin təntənəsi kimi tariximizdə yaşayır. Bu əlamətdar gün bir daha sübut edir ki, Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanın müasir inkişaf yolunun əsasını təşkil etmiş, ölkəmizin bugünkü uğurlarının möhkəm təməlini yaratmışdır.
Sevinc Qasımova,
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı Regional nümayəndəliyinin direktoru


Müzakirə qapadılmışdır.