Azərbaycan xalqının dövlətçilik tarixində Silahlı Qüvvələr xüsusi yer tutur. Müstəqil dövlətin mövcudluğunu şərtləndirən əsas amillərdən biri onun etibarlı müdafiə sisteminə və güclü ordusuna malik olmasıdır. Bu baxımdan Azərbaycan Ordusunun formalaşması və inkişafı ölkəmizin müstəqillik tarixinin ən mühüm səhifələrindən biridir. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev ordu quruculuğunu dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirərək bildirirdi ki, “Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz”. Bu fikir bu gün də öz aktuallığını qoruyur və Azərbaycan dövlətinin təhlükəsizlik strategiyasının əsasını təşkil edir.
Müasir Azərbaycan Ordusunun təməli məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. Hələ sovet dövründə Azərbaycanda milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirən Heydər Əliyev 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasına nail oldu. Sonrakı illərdə yüzlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil alması təmin edildi. Müstəqilliyin ilk illərində ölkədə yaranmış xaos, nizami ordunun olmaması və torpaqlarımızın işğalı təhlükəsi fonunda 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər qısa müddətdə nizami ordu quruculuğuna başladı, pərakəndə silahlı dəstələri ləğv etdi və vahid komandanlığa əsaslanan Milli Ordunun əsaslarını formalaşdırdı.
1994-cü ildə atəşkəsin əldə edilməsindən sonra Azərbaycan Silahlı Qüvvələrinin inkişafında yeni mərhələ başladı. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi təhsil sisteminin inkişaf etdirilməsi, NATO ilə əməkdaşlığın genişləndirilməsi və şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində mühüm addımlar atıldı. Sonrakı illərdə hərbi akademiyaların yaradılması, hərbi təhsil müəssisələrinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi nəticəsində Azərbaycan Ordusu regionun ən peşəkar silahlı qüvvələrindən birinə çevrildi. Bu proses Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da sürətləndi və keyfiyyətcə yeni mərhələyə yüksəldi.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu müasir silah və texnika ilə təchiz olundu, hərbi sənaye kompleksi yaradıldı, müdafiə xərcləri dəfələrlə artırıldı və hərbçilərin sosial müdafiəsi gücləndirildi. Ordumuzun arsenalına daxil edilən müasir pilotsuz uçuş aparatları, raket sistemləri, radioelektron mübarizə vasitələri və digər yüksək texnologiyalı silahlar onun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırdı. Eyni zamanda keçirilən genişmiqyaslı hərbi təlimlər Azərbaycan əsgərinin peşəkarlığını və döyüş ruhunu daha da möhkəmləndirdi. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı ordumuzun gücünü nümayiş etdirən mühüm hadisələr kimi tarixə düşdü və gələcək qələbələrin müjdəçisi oldu.
Azərbaycan Ordusunun qüdrəti və xalqımızın sarsılmaz iradəsi 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlanan əks-hücum əməliyyatları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə böyük uğurlarla nəticələndi. Azərbaycan əsgəri döyüş meydanında misilsiz qəhrəmanlıq göstərərək işğal altındakı torpaqlarımızı addım-addım azad etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərinin, yüzlərlə kənd və strateji yüksəkliklərin azad olunması düşmənin müdafiə xəttini tamamilə sarsıtdı. Azərbaycan Ordusunun tətbiq etdiyi müasir döyüş taktikası və yüksək texnologiyaların səmərəli istifadəsi dünyanın aparıcı hərbi ekspertləri tərəfindən diqqətlə öyrənilən nümunəyə çevrildi.
44 günlük müharibənin zirvə nöqtəsi isə Şuşa şəhərinin azad olunması oldu. Azərbaycan əsgəri keçilməz hesab edilən dağları və qayaları aşaraq tarix yazdı. Şuşanın azad edilməsi yalnız hərbi deyil, həm də siyasi və mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Məhz bu tarixi qələbədən sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan xalqı otuz ilə yaxın davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa etdi.
Vətən müharibəsində qazanılan qələbə Azərbaycan Ordusunun gücünün, xalqla ordunun birliyinin və Ali Baş Komandanın qətiyyətli siyasətinin nəticəsi idi. Müharibə dövründə bir nəfər belə fərarinin olmaması, yaralı əsgərlərin yenidən döyüş bölgəsinə qayıtmaq istəyi Azərbaycan əsgərinin Vətən sevgisinin və yüksək mənəvi ruhunun göstəricisi idi. Məhz bu vətənpərvərlik ruhu Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına çıxaran əsas amillərdən birinə çevrildi.
2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə Azərbaycan dövlətinin suverenliyinin tam bərpasını təmin etdi. Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin törətdiyi təxribatlara cavab olaraq həyata keçirilən əməliyyatlar cəmi 23 saat 43 dəqiqə davam etdi. Yüksək peşəkarlıqla planlaşdırılan və icra olunan antiterror tədbirləri nəticəsində separatçı qüvvələr təslim olmağa məcbur edildi, Azərbaycan Respublikasının Konstitusiya quruluşu bütün ərazilərimizdə tam təmin olundu. Bununla da ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam şəkildə bərpa edildi.
Bu gün Azərbaycan Ordusu qalib ordudur. Qarabağda və Şərqi Zəngəzurda yeni hərbi hissələr yaradılır, komando briqadaları formalaşdırılır, hərbi təhsil sistemi müasirləşdirilir və beynəlxalq hərbi əməkdaşlıq daha da genişləndirilir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kurs və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib. 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hər bir azərbaycanlı qürur hissi ilə deyə bilər ki, Azərbaycan Ordusu dövlətimizin müstəqilliyinin, xalqımızın təhlükəsizliyinin və tarixi Zəfərimizin ən etibarlı təminatçısıdır.
Nizami Əliyev
“Azərbaycan Bayrağı” ordenli qazi, ehtiyatda olan polkovnik-leytenant


Müzakirə qapadılmışdır.