15 iyun – milli qurtuluşun başlanğıcı, xaosun sonu

1004

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 İyun 1993-cü il onu qiymətləndirənlər və dərindən başa düşənlər üçün çox əzizdir. 15 İyun vətənini və xalqını sevən, çətin və ağrılı günlərin dəhşətlərindən canını qurtaran və hadisələri öz gözləri ilə görənlər üçün əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir.  Bu tarixin yaradıcısı Azərbaycanın inkişafında, müstəqilliyində və gələcəyində müstəsna rol oynamış, hər zaman xalqına güvənən və dəstəkləyən bir şəxsiyyət – Heydər Əliyevdir.

Ümummilli liderin saf ideyaları hər zaman bizimlədir və bu dahi insan haqqında keçmiş zamanda danışmaq çox çətindir. Təəssüf ki, bəzən bu həyatın reallıqları ilə barışmağa məcburuq. Bütün bunlarla yanaşı, danılmaz həqiqətdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri, öz dövrünün dahi siyasətçisi, dünya siyasətinin tanınmış siması olub. Məhz bunun nəticəsidir ki, ümummilli liderin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanı dünyaya tanıtdı, onun müasir dünyada xüsusi yerini müəyyən etdi, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək bütün dünya azərbaycanlılarının vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi üçün möhkəm zəmin yaratdı. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə ulu öndər Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçdi. Xalqımızın dahi oğlu Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratdı və gələcəyə aparan uzunmüddətli uğurlu strategiyanı müəyyən etdi.

Heydər Əliyevin dövlətçilik proqramında azərbaycançılıq məfkurəsi ilə bağlı diqqəti bir də məhz belə bir cəhət çəkir ki, burada mənəvi, bədii, habelə iqtisadiyyat, sənaye, tıkinti və təsərrüfatdakı böyük nailiyyətlərlə, güzərandakı elliklə yaxşılaşma və kütləvi ruh yüksəkliyi ilə birləşərək vahid axarda gerçəkləşib.

Məlumdur ki, xalqımızın son qırx beş illik tarixi məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur. Hələ 1969-cu ildə Azərbaycan KPMK-nın I katibi vəzifəsinə təyin olunmuş Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarmışdır. Hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər I katib işləyərkən, istərsə də ondan sonra İttifaq səviyyəli vəzifələrdə çalışarkən hər zaman Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutan Heydər Əliyev dəfələrlə öz sinəsini sipər kimi qabağa verərək xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində oturtmuşdur. Başqa sözlə desək, Azərbaycan xalqının keçmişi, bu günü və gələcəyi, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycanın xoş gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlarla bağlıdır. Bu addımlar həm müxtəlif dövrləri, həm də ayrı-ayrı istiqamətləri əhatə edirdi.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra nail olduğu bütün uğurlar dahi Heydər Əliyevin adı ilə bağlıdır

AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunlarınAzərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaqtəhlükəsi ilə üz-üzə qoymuşdu.

Dövlət idarəçiliyi təcrübəsi olmayan şəxslərin vəzifəyə təyin edilməsi suverenliyimizə təhdit yaratmışdı. AXC-Müsavat cütlüyü bütün ölkələrlə münasibətləri korlamış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev zəngin dövlətçilik təcrübəsindən yararlanaraq uçuruma yuvarlanan, böhranlar içində çabalayan, gələcəyini heç kimin aydın təsəvvür etmədiyi bir ölkəni xilas etdi. Öz sinəsini sipər edərək Azərbaycanın dünya birliyinin müstəqil bir subyekti olmaq hüququnu özünə qaytardı. 1993-cü ildən sonra dahi Heydər Əliyevin qətiyyəti sayəsində müstəqilliyin ilk illərində obyektiv və ya subyektiv səbəblərdən ölkəyə vurulan yaralar sağalmağa başladı, Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başladı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar  və s. əldə  edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin, beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Ana Yasa – Konstitusiya qəbul olundu. Beləliklə də, ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı.

1993-2003-cü illər milli dövlətçilik tariximizə sabitlik və inkişaf dövrü kimi yazıldı

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə ölkəmiz çox böyük inkişaf yolu keçdi, dövlətçiliyimizin təməli qoyuldu. Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Hansı ki, Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmişdi, ört-basdır etmək istəmişdi. Çünki onların da əli Azərbaycan xalqının qanına batmışdı. Bundan başqa Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura da məhz Heydər Əliyev tərəfindən ləğv edildi. Bu illərdə Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı, sabitlik bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.

15 iyun 1993-cü il – Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə həkk olunan bu tarix təkcə dövlətçiliyimizin xilası deyildi. 15 iyun həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.

Etiraf edilməlidir ki, ümummilli liderin titanik səyləri nəticəsində yaradılan bünövrə və müəyyənləşdirilən siyasət indiki dinamik yüksəlişin ilkin əsası rolunu oynamaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Bu gün gerçəyə çevrilənlərin əsası ümummilli lider tərəfindən qoyulan ideyalardır. Ona görə də gündən-günə yüksələn inkişaf dinamikası hər şeydən əvvəl ulu öndər Heydər Əliyevin siyasətinin və ideyalarının təntənəsi sayılmalıdır. Lakin göstərilənlərlə yanaşı ümummilli liderimiz Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərini nəzərə almadan, onun rəhbərlik manevrlərinin özünəməxsusluğunu və ən başlıcası, müasir dövrün tələblərinə uyğunluğunu lazımınca dəyərləndirmədən, Azərbaycanın müasir inkişafının amillərini bütün tamlığı ilə qavramaq qeyri-mümkündür.

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev ümummilli liderin müəyyənləşdirdiyi kursu yaradıcılıqla inkişaf etdirən siyasi xadimdir. Heydər Əliyev siyasi kursunun Azərbaycan xalqına xoşbəxtlik gətirəcəyinə millətimizdə böyük inam hissi var. Azərbaycan ümummilli lider Heydər Əliyevin yolu ilə əbədiyyətə qədər inamla irəliləyəcək. Bu gün Prezident İlham Əliyevin xarici siyasətdə əldə etdiyi bütün uğurlar onun şəxsi müdrikliyi və diplomatik bacarığı ilə bərabər, eyni zamanda ümummilli lider Heydər Əliyevin vaxtilə yaratdığı inkişaf strategiyasına söykənir. Ən böyük uğur isə ondadır ki, məhz son bir neçə ildə Azərbaycan dövləti regionun liderinə çevrilib. Prezident İlham Əliyevin ölkənin və ayrılıqda regionların iqtısadi inkişafının sürətləndirilməsi üçün imzaladığı dövlət proqramları, ayrı-ayrı vaxtlarda bu proqramların icrasına şəxsən nəzarət etmək üçün bölgələrə səfərlər etməsi, xalqın içində olması onun yalnız ölkənin rifahı üçün bütün səylərini ortaya qoymasından xəbər verir. Bir sözlə, məhz ümummilli liderimizin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və Heydər Əliyev yolu ilə inamla daha yüksək inkişafa doğru addımlayır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Nəhayət, 1993-cü il 15 iyununda Azərbaycan Respublikası Ali Sovetində keçirilən səsvermədə ümummilli lider Heydər Əliyev sədr seçildi. Bununla da Azərbaycanda yeni eranın başlanğıcı qoyuldu. Ulu öndər Heydər Əliyev dağılmaqda olan, parçalanan, yox olmaq təhlükəsinin bir addımlığında dayanan Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etmiş, dünyada söz və nüfuz sahibi, dinamik, inkişaf edən bir ölkəyə çevirdi. Təkcə elə buna görə də onun ikinci dəfə siyasi hakimiyyətə gəldiyi 15 iyun 1993-cü il tarixi xalqımız və dövlətimiz üçün Milli Qurtuluş Günüdür.

Elmar Xəlilov, Sumqayıt Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər