Bir neçə il bundan öncə millət vəkili Musa Urud Ermənistana səfəri zamanı vaxt tapıb öz doğma elinə, ata yurduna səfər etmişdi. Bu səfər haqqındakı xatirələri isə silsilə olaraq “525-ci qəzet” də dərc olunurdu. Millət vəkilininin doğma elinə, öz evlərinə səfərini xatirələrində elə tərzdə yazmışdı ki, oxuduqca gözümün önündə mənim öz kəndimizə səfərim xəyalımda canlanırdı. Düşünürdüm ki, mən niyə öz yurduma səfər edə bilmirəm? Niyə dünyaya göz açdığım, uşaqlığımın ən gözəl çağlarını yaşadığım ata-baba yurdumdakı son mənzərəni seyr edə bilmirəm?
17 il görmədiyim kəndimizə səfər etmək imkanı keçən il, oktyabrın 25-də baş tutdu. Zəngilan rayonunun işğalının 16-cı ildönümü ərəfəsində. Bu günədək bir neçə dəfə cəhd etsəm də, bu xoşbəxtlik mənə nəsib olmamışdı. Lakin bu dəfəki səfərimdə öz doğma elimizi görəcəyimə inanırdım. Bu inam məni 9 il yaşadığım doğma kəndimizə aparırdı…
Azərbaycanı iki hissəyə ayıran Araz çayının kənarı ilə Xudafərin körpüsünədək getdiyim yol sanki bir göz qırpımında geridə qaldı. Bir hissəsi dağılmış tarixi körpü olan Xudafərinə çatdıqda ürəyimin daha çox döyündüyünü hiss etdim. Çünki Zəngilana yaxınlaşırdım. Uşaq vaxtı bu yerləri tərk etdiyim üçün yaxşı yadımda qalmamışdı. Qarşıda Araz çayı ilə birləşən bir çayla rastlaşdım. Zənn etdim ki, bu çay Oxçu çayıdır. Hansı ki, bu çay Zəngilan rayonunun mərkəzindən axaraq Arazla birləşir. Oxçu çayının sol tərəfində böyük bir qəsəbə görsənir. Əgər buna qəsəbə demək mümkündürsə. Yalnız uçulmuş, yandırılmış və dağıdılmış ev yerləri qalıb. Bəli, yanılmamışam, bu qəsəbə Zəngilanın ən iri yaşayış məskəni olan Mincivan qəsəbəsidir. İşğal olunmuş yurdumuza səfər etməmişdən öncə erməni mətbuatından Zəngilan haqqında məlumatlar əldə etmişdim. Mütəmadi olaraq bu ərazilərimiz haqqındakı məlumatları gözdən keçirir və düşmən tapdağı altındakı ərazilərimizdəki durumu təsəvvür edirdim. Erməni mətbuat orqanlarından birində qeyd olunurdu ki, Zəngilanda 200-ə yaxın ailə yaşayır və burda vəziyyət heç də normal deyil. Ərazidə yaşayan insanlar burdakı dəmir qırıntılarını yığıb qonşu Irana satmaqla dolanırlar. İşğaldan sonra bura köçürülən insanlar isə yaxşı vədlərə aldanaraq burda məskunlaşmağa razılaşıblar və bu gün bu vədlərin yerinə yetiriləcəyinə inanmayanlar artıq bu əraziləri tərk etmək məcburiyyətində qalırlar. Qəzetə müsahibə verən erməni onu da qeyd edirdi ki, bu ərazidə yaşayış üçün heç bir şərait yoxdur. İlanlar insanları narahat edir və bu ərazilər xarabalığa çevrilib. Bəli, bu bir həqiqətdir ki, 30 mindən artıq əhalisi olan Zəngilan rayonunun tamamilə boşalması, bu ərazilərin baxımsız olması buranın xarabalığa çevrilməsinə gətirib çıxaracaqdı.
Yol boyunca gözucu Mincivan qəsəbəsinə boylanıram. Tək-tük evdə yaşayışın olduğu sezilir. Digər evlər isə tamamilə məhv edilib. Necə deyərlər, daş üstündə daş da qoymayıblar qalsın. Yararlı olanı aparıblar yararsızlar isə 16 illik baxımsızıqdan məhv olub.
Azərbaycanın hər bir qarışı mənim üçün əzizdir. Lakin daha çox öz kəndimizə tələsirəm. Bələdçim məni çay boyunca aparır və artıq Zəngilan rayonunun girişindəki körpüyə yaxınlaşırıq. Zəngilan rayonunun mərkəzi və Oxcu çayı üzərindəki körpünün vəziyyətini seyr edə bilməsəm də, “yazı düzü” deyilən yerdəki ağacların cərgə ilə əkilməsi və dalğavari məkan mənə bir anlıq uşaq vaxtı rayona getməyimizi xatırlatdı… Bir zamanlar balaca olan ağaclar indi böyüyüb, bəziləri isə məhv edilib. “Zəngilan Rayonu” yazılan lövhə də gözümə dəymir. Bu ərazinin adının guya “Kovsakan” olmasını iddia edən düşmənlərimizin bu lövhəyə hələ də əl vurmayacaqlarını düşünmək sadəlövhlük olardı. Maraqlıdır ki, bu ərazilər hələ də yaddaşımdan çıxmayıb və necə təsəvvür edirdimsə, gördüyüm mənzərələr də eləcə idi. Bircə dağılmış və məhv olmuş yaşayış məskənlərindən başqa. Bələdçimə yol göstərirəm və tezliklə Ermənistanla sərhəddə yerləşən, Qafan rayonunun Ağavurd kəndi ilə həmsərhəd olan doğma kənimizə – Sarallı Xəştaba getməyə tələsirəm. Ərazilər baxımsılıqdan və insan ayağı dəymədiyi üçün xarabalığa çevrilib. Məsafə azaldıqca mən daha da həyacanlanıram. Axı necə həyacanlanmayasan! Bir şey ki, öz doğma yurduna gedə bilməyəsən. Heç bir mənəvi haqqı çatmayan, ermənilər isə bu ərazilərdə ağalıq etsinlər. Yol boyu getdikcə bir zamanlar yaşlı insanların dedikləri yadıma düşür. 1905-07 və 1918-20-ci illərdə erməni-müsəlman münaqişəsi zamanı bu ərazilərdə insanlar öz yurdlarını tərk etmək məcburiyyətində qalıblar. Lakin heç bir münaqişə bu qədər uzanmayıb. Onlar bizdən fərqli olaraq qısa müddətdə öz evlərinə qayıda biliblər. 3-cü münaqişə isə daha çox uzandı və bu dövr biz nəsillərin yaşam dövrünə təsadüf etdi. Getdikcə ata-babalarımızı qınayıram ki, nə üçün bu münaqişələri görə-görə yenidən ermənilərə inanmış və 70 il ərzində bir yerdə yaşamışlar?
Daha çox mənə nələrisə xatırladan əraziləri gördükdə xəyaldan ayılıram və daha diqqətlə ərazilərə baxıram. Kəndimizə gedən yolun ətrafındakı kəndlərə diqqətlə baxıram, lakin heç bir salamat ev gözümə dəymir. Bu mənzərəni izləmək çox çətin olsa da içimdə bir müsbət hiss oyanır. Düşünürəm ki, bu ərazilərdə bir dənə də olsun evin bərpa olunmaması onu göstərir ki, ermənilər dərk edirlər ki, gec-tez bu əraziləri tərk edəcəklər. Görünür, bu səbəbdən də heç kim burda yaşamaq istəmir. Lakin sərhədə yaxınlaşdıqca boş ərazilərin əkildiyi görsənir. Kəndimiz çatmamış ilk kəndi gördükdə bələdçimin məni düz gətirdiyini anladım və artıq kəndin girişi və uzaqdan kəndimizin mənzərəsini çox qəribə hisslərlə seyr edirəm. Kəndə yaxınlaşdıqca bu hislər daha da dərinləşir. Həmin ankı düşüncələri və yaşanan hisləri yazıya çevirmək qeyri-mümkündür. Bu hisləri yalnız yaşamaqla duymaq mümkündür.
Kəndin girişində “Sarallı Xəştab” yazılmış lövhə də “Zəngilan Rayonu” lövhəsi kimi götürülüb. Çox güman ki, dəmir yığıb satan insanlar aparıblar…
Bir zamanlar səsli küylü olan bir kənd indi xarabalığa çevrilib. 30-a yaxın evdən yalnız üç-dördü dam örtüyü salamatdır. Əgər buna salamat demək mümkündürsə. Kəndin ərazisindəki üzüm bağları və əkin sahələri becərildiyi görünür. Çox güman ki, dam örtüyü olan bu evlərdən bu ərazilərdə əkin işləri ilə məşğul olan şəxslər istifadə edirlər. Yol boyunca kəndin içinə doğru irəliləyirəm. 17 il öncə yaşadığım evlə üzbəüz yolda bir anlıq dayanıram və həyətimizə baxıram. Ancaq nədənsə evə və həyətə yaxından baxmaq istəmirəm. Həyətə gedən yol göy otlaqla örtülüb. Sanki burda heç bir zaman yaşayış olmayıb. Meyvə ağaclarının əksəriyyəti baxımsızlıqdan quruyub və kəsilib. Su axını olan ərazilərdəki ağaclar isə daha da böyümüş və digər ərazilərə də yayılmışdır.
Üç il təhsil aldığım məktəb də tamamilə məhv edilib. Bu mənzərə mənə daha çox ağrılı gəldi… Çünki mən burda əlimə qələm götürmüşdüm və ilk ibtidai təhsilimi bu təhsil ocağında almışdım. Bu gün də bu təhsil ocağı fəaliyyət göstərir. Lakin bu məkanda deyil, burdan çox-çox uzaqda! Sumqayıt şəhərində iki mərtəbəli məktəbin qarşısındakı lövhədə “Zəngilan Rayon 5 saylı orta məktəb” yazılıb. Düşünürəm ki, bu lövhə burda deyil məhz mən indi baxdığım məkanda ucaldılmış təhsil ocağının qarşısında asılmalı idi…
Nədənsə bu kəndi tez tərk etmək istəyirəm. Çünki özümü qonaq kimi hiss edirəm. Bu yurdları işğal altında saxlayan ermənilər isə, öz torpaqları kimi əkin-biçinlə, heyvandarlıqla məşğuldur. Bizim evlərdə öz evləri kimi yaşayırlar…Mən həmişə bu kəndə qalib olaraq getmək istəmişəm, qonaq kimi yox! Bir anlıq özümü qınayıram ki, axı niyə bu cür səfər etdim..və bir anlıq düşünürəm ki, bu səfər virtual səfərdir. Virtual olmasaydı, bəlkə də daha tez tərk etmək istəyi də olmazdı. 17 il öncə, necə deyərlər, yatsaydım yuxuma da girməzdi ki, öz doğma yurdumuza nə vaxtsa yalnız virtual olaraq səfər edə biləcəm.
Eyvaz Qocayev
Salam Eyvaz Bey
Sag olun bu seferi bizle bolushduynuz ucun menim bir terefimde bu gozel torpaga baglanir ,hech vaxt gormediyim torpaq ucun burnumun ucu goyneyir nein ki ora ucun butun Qarabag ucun..Dahiler.musiqiciler, bestekarlar,igidler,erenler olkesi ucun….Kash menim de ora bir seferim olaydi oranin torpagini elime goturub opub ,gozlerimin ustune qoysaydim…belke en xoshext insan olardim…Inshallah bir zaman bu torpaqlara qonaq kimi deyil ev sahibi kimi gederik….Gec tez bu da olacaq….Azadli verilmir azaliq alinir..DIrcelmek istemeyen millet ezilmeye mecburdur …bu Aforizmlerin menasini tam basha dushecekden sonra Qarabagi almaq ucun ureyimiz doyunecek…amma hele….
Size ishlerinizde ugurlar!!!!!!!
Hormetle
Orxan Babashov
Telebe ,Portugalia