1918-ci il Mart Soyqırımı Azərbaycan tarixinin qanlı səhifəsidir

492

 

 

 

 

Xalqımız 25 ildir ki, martın 31-ni Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edir.

XX yüzillik xalqımız üçün faciələr, qırğınlar, soyqırımlar əsri kimi başa çatmışdır. Rus-bolşevik, erməni-daşnak hərbi birləşmələrinin iştirakı ilə dövlət səviyyəsində xalqımız beş dəfə (1905-1906, 1918-1920, 1930-1936, 1948-1955, 1988-1993) represiyalara, soyqırıma, deportasiyalara məruz qalmışdır.

“Daşnaksütyun” terror təşkilatı və onun ətrafında toplaşmış erməni millətçiləri, xristian qardaşları rusların dəstəyi ilə türk-azərbaycanlı torpaqları hesabına “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün hər bir prosesin onların lehinə işləməsini istəyir, dəridən-qabıqdan çıxırdılar. Belə bir şərait, Rusiyada 1917-ci ilin fevralında burjua inqilabı, oktyabrında isə dövlət çevrilişi yaratdı. 1918-1920-ci illərdə Ermənistanın baş naziri olmuş O.Koçaznuni “Daşnaksütyuna bir iş qaldı!” adlı əsərində yazırdı: “1917-ci ilin fevralında rus inqilabı baş verdi. Qarşımızda tamamilə gözlənilmədən yeni perspektivlər açıldı. Sanki fevral inqilabı ilə erməni məsələsi yeni dövrünə qədəm qoydu”.

1918-ci ilin martında Bakıda Qafqaz cəbhəsindən qayıtmış, öz evlərinə getməli olan minlərlə rus və erməni əsgəri var idi. Həmin 12 minlik ordunun 75 faizi ermənilərdən ibarət idi. Bundan əlavə, müxtəlif yerlərdən 7 min erməni əsgəri və zabiti də Bakıya gətirildi. Beləliklə, azərbaycanlılara qarşı terror və soyqırımı siyasətini icra etmək üçün Şaumyan və daşnakların Bakıya topladıqları əsgəri qüvvə təxminən 20 min nəfərə çatdı.

1918-ci ilin martında Bakıda ictimai-siyasi vəziyyət son dərəcə gərgin idi. Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilmiş “Müsavat”ın Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamlı mübarizəsi Şaumyan başda olmaqla Bakı Sovetini ciddi narahat edirdi. Onlar milli qırğın törətməklə “Musavat” partiyasının sosial bazasını zəiflətməyə və Azərbaycan milli hərəkatına divan tutmağa çalışırdılar. Bakıda Azərbaycan hərbi qüvvələrinin zəif olduğunu yaxşı bilən Bakı Sovetinin rəhbərliyi müsəlmanlara “dərs vermək” üçün milli qırğına hazırlaşırdı. Yanvar ayında müsəlman korpusunun komandanı general Talışınskinin Bakıda həbs edilməsi şəhərin azərbaycanlı əhalisini ciddi narahat etdi. Erməni daşnakları şəhərin müsəlman əhalisi ilə bolşeviklər arasında silahlı toqquşma yaratmaq istədilər. Lakin Azərbaycanın siyasi xadimləri və ziyalılarının səyi ilə bu toqquşmanın qarşısı alındı. Buna baxmayaraq, erməni millətçiləri rus əsgərləri arasında yerli əhaliyə qarşı nifrət ruhunda təbliğat aparır, hər vasitə ilə milli barışığa mane olmağa çalışırdılar. Mart ayının 15-də Şaumyan Bakı Sovetinin iclasında: “Bakı Soveti Cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir”- deyərək, əslində azərbaycanlıların soyqırımına başlamağa göstəriş verdi. Milli qırğını başlamaq üçün bəhanə martın 24-də şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin tərkisilah edilməsi oldu. Azərbaycanlılar yaşayan məhəllələrdə əhali buna qarşı ciddi ehtiraz edərək müsadirə edilən silahların geri qaytarılmasını tələb etdi. M.Ə.Rəsulzadə alınmış silahların “Hümmət” təşkilatı vasitəsilə qaytarılması barədə razılığa nail olsa da, bolşevik-daşnak hökuməti öz vədlərinə əməl etmədilər. Mart ayının 30-da döyüşlərə rəhbərlik etmək üçün Bakı Sovetinin İnqilabi Müdafiə Komitəsi yaradıldı. Erməni bolşevik-daşnak birliyi Bakının müxtəlif hissələrindən azərbaycanlılar əleyhinə mitinqlər və yığıncaqlar keçirməyə başladılar. Qırğın ərəfəsində öz bitərəfliyini elan etmiş “Daşnaksütyun” partiyası və erməni milli şurası Bakı Sovetini müdafiə etdi. Martın 30-da saat 16:40-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəşi açdı. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücuma keçdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rus matroslarını guya azərbaycanlıların İçərişəhərdə rusları qırmalarına inandırmışdılar. Matroslar nümayəndə göndərib bunun təxribat olduğunu biləndən sonra atəşi dayandırdılar. Qeyri-bərabər döyüşdə soyqırıma məruz qalan müsəlmanlar martın 31-də müqaviməti dayandırdılar. Erməni millətçiləri şəhərin dinc müsəlman əhalisinə divan tutdular. Azərbaycanlılar yaşayan məhəllələrin əhalisi qılıncdan keçirildi.

Nəriman Nərimanov yazırdı: “Müsəlman hətta bolşevik olsaydı belə, ona aman vermirdilər”. Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir. Onlar kefi istədikləri adamı öldürür, evləri dağıdır, xaraba qoyurdular. Nəinki kişilərə, hətta hamilə qadınlara da rəhm etmirdilər”.

İnqilab Müdafiə Komitəsi azərbaycanlıların ultimatumu qəbul etdikdən sonra döyüşün dayandırılması barədə göstəriş verdi. Lakin müsəlmanların soyqırımı aprelin 2-si gecədən xeyli keçənədək davam etdi. Bolşevik-daşnak birləşmələri azərbaycanlılara məxsus ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını dağıdıb, yandırdılar. Onlar “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, “İsmailliyyə” binasını yandırmış, “Təzə pir” məscidinin minarələrini topla deşik-deşik etmişlər. Mart soyqırımı nəticəsində təkcə Bakıda 17 min azərbaycanlı qətlə yetirilmişdir. Ermənilərin vəhşiliyi o dərəcəyə çatmışdır ki, Bakı şəhərindəki mərkəzi küçələrin birində, daha doğrusu N.Gəncəvi adına indiki Ədəbiyyat muzeyinin yerində öldürülmüş minlərlə azərbaycanlıların meyidi üzərində qadınları qara zurna altında oynamağa məcbur edir, sonra onlara işgəncə verib qılıncla doğrayırdılar.

Bolşevik-daşnak birləşmələrinin vəhşilikləri təkcə Bakı ilə məhdudlaşmamışdı. Onlar Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımı davam etdirmişdilər. S.Lalayan, T.Əmiryanın daşnak dəstələri aprelin 3-dən 16-dək Şamaxı əhalisinə qanlı divan tutdu. Fövqəladə İstintaq Komissiyasının üzvləri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş aktlarda olan rəqəmlər üzrə aparılan hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 nəfər azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Törətdiyi cinayətə görə S.Lalayanı həbs etməkdən S.Şaumyan xilas etmişdi. Aprel ayında Qubaya göndərilən daşnak dəstəsinin komandiri Amazaps bildirmişdi ki, “Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm! Mən buraya qayda yaratmaq və sovet hakimiyyətini qorumağa gəlmişəm. Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir”.

Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasının 122 kəndini yandırdılar. Erməni millətçiləri Kürdəmir, Salyan və Lənkəran qəzalarında da dəhşətli faciələr törətdilər. Bakı quberniyasında müsəlman (azərbaycanlı) soyqırımı 1918-ci il sentyabrın ortalarınadək davam etdi. Bu soyqırımı zamanı 20 mindən çox azərbaycanlı öldürülmüşdü.

Ermənilər öz dövlətlərini azərbaycanlıların faciəsi üzərində qurmağa nail oldular. Onların XX əsrdə törətdikləri bu qırğınlar, soyqırımlar Şaumyan, Lenin, Mikoyan, Stalin, Qorbaçov və bunlar kimilərinin azərbaycanlılara düşmən münasibətinin nəticəsidir. Bu soyqırımlar bugünkü müstəqilliyimiz dövründə tarixçilər tərəfindən daha geniş tədqiq edilməli, öyrənilməli, dünya xalqlarına çatdırılmalıdır.

ELMAR XƏLİLOV, Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə Prorektoru, dosent, tarix üzrə fəlsəfə doktoru.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər