20 YANVAR FACİƏSİ-AZƏRBAYCAN XALQININ UNUDULMAZ TARİXİ

735

1980-ci illərin axırlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşdi. Keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz “yenidənqurma” siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma “Dağlıq Qarabağ problemi”nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın ərazilərinə iddiaları və dinc əhaliyə qarşı azğın cinayətləri haqlı olaraq xalq kütlələrinin hiddətinə səbəb oldu. 1988-ci ilin noyabr-dekabr aylarında keçirilən ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin sökülməsi SSRİ rəhbərliyini qorxuya salmaya bilməzdi. Ona görə də SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) Azərbaycanda xalq hərəkatının yatırılmasına əlverişli zəmin yaratmaq üçün Bakıda, Lənkəranda, Cəlilabadda, Nefçalada və digər bölgələrdə təxribatlar törədərək ermənilərin və rusların talanını təşkil etdi. Kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi əldə etmiş SSRİ rəhbərliyi 1990-cu ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı.

Yanvarın 18-də televiziya ilə çıxış edən SSRİ və Azərbaycan rəhbərliyinin nümayəndələri respublika əhalisini əmin edirdilər ki, Bakıda fövqəladə vəziyyət tətbiq edilməyəcəkdir və belə tədbir nəzərdə tutulmayıb. Ancaq bu vaxt DTK-nın diviziyasının və desant hissələrinin Bakıya atılması başa çatmaqda idi.

Yanvarın 19-da axşam Azərbaycan televiziyasının enerji bloku partladıldı. 20 Yanvar faciəsini araşdıran dövlət komissiyası tərəfindən sübut edilmişdir ki, həmin partlayış DTK tərəfindən planlaşdırılıb və həyata keçirilib.

Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutuldu.Yanvarın 21-də o zaman Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyev heç bir təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı və bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi.

Sabiq SSRİ prezidenti M.Qorbaçov 1995-ci ilin aprel ayında Türkiyədə səfərdə olarkən 1990-cı il yanvar qırğınından bəhs edib, “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi” deyərək öz günahını etiraf etmişdir.

Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir.

20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.

Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldı və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsini hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdi, bu hadisələrin təşkilatçıları olan Mixail Qorbaçov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və başqalarının cəzalandırılmasını tələb etdi.

Sonrakı illərdə qəbul olunmuş rəsmi sənədlərdə də 20 Yanvar gününün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyəti yüksək qiymətləndirilmişdir.

20 Yanvar faciəsində şəhid olanların xatirəsini bu gün hörmətlə yad edərkən fəxrlə deyə bilərik ki, onların uğrunda canlarını qurban verdikləri müstəqilliyin əldə olunmasından artıq 32 il keçmişdir. Müstəqil Azərbaycan Respublikası dünya dövlətlərarası münasibətlər sistemində öz yerini tutmuş və bütün dünyaya sübut etmişdir ki, müstəqilliyimiz ədədidir, dönməzdir və sarsılmazdır!

Sumqayıt Dövlət Universitetinin Dosenti, tarix üzrə fəlsəfə doktoru Elmar Xəlilov    

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər