2020-ci ilin ilk ayı: iqtisadiyyatda nə dəyişdi? – Ekspert rəyi

1044

Yanvar ayında dünya iqtisadiyyatında ciddi təlatümlər baş verib…

2020-ci ilin ilk ayı geridə qaldı. Bu ay ərzində Çində yayılan koronovirusun yayılması, ABŞ-İran arasında münaqişənin şiddətlənməsi səbəbindən dünya iqtisadiyyatında müəyyən oynamalar baş verdi. Dünya bazarında bu ay ərzində neftin qiyməti də ucuzlaşsa da, Azərbaycan manatı sabitliyini qoruyur. Onu da bildirək ki, Azərbaycan manatı 2016-cı ildən bu günə qədər öz sabitliyini qoruyur.

“Yeni Müsavat”a danışan ekspert Natiq Cəfərli bildirdi ki, 2020-ci il dünya iqtisadiyyatı üçün olduqca təlatümlü başlayıb: “Baxmayaraq ki, dünyanın bir sıra mərkəzi bankları iqtisadi aktivliyin artırılması üçün addımlar atdılar. Faiz dərəcələri ilə bağlı həm bazarlara, birjalara əlavə vəsaitlərin daxil olması ilə bağlı qərarlar verilməsinə baxmayaraq, dünya birjalarında ciddi çalxalanmalar müşahidə edilir. İlin əvvəli əsasən Amerika- İran gərginliyi ilə yadda qaldı. Bu gərginliyin bir neçə gün davam etməsi həm də enerji daşıyıcılarının qiymətinə təsir göstərdi. Bu ərəfələrdə neftin qiyməti 71 dollara qədər qalxmışdı. Dünya birjalarında bir çalxalanmalar da yaşandı. Sonradan  Çindən başlayan və bir neçə ölkəyə yayılan koronovirusun daha böyük fəlakətlərə səbəb olması ehtimalı, dünya iqtisadiyyatına kifayət qədər ciddi mənfi təsir göstərməyə başladı. Hətta ticarət və valyuta müharibələrindən də bu məsələnin daha çox təsiri oldu. Çünki bu, iqtisadi aktivliyin zəifləməsi ilə müşahidə olunur.

Natiq Cəfərli ile ilgili görsel sonucu"

Dünyanın turizm bazarı bu məsələdən ciddi şəkildə təsirlənir. Təkcə söhbət şirkətlərdən getmir. Ümumilikdə vətəndaşların da bu hadisədən sonra turist kimi səfərlərə marağı azaldı. Virusların yayılması dövründə insanlar daha çox özünü qorumağa çalışır. Bütün bunlar dünya turizminə ciddi zərbə vurub. Çinin istehlakı, istehsalı azaldı. Bu hadisənin yeni il günlərinə təsadüf etməsi də maddi itkilərlə nəticələndi. Çünki Çində Yeni il ərəfəsində hər bir sahədə ciddi aktivlik yaşanırdı. Bütün bunlar arxada qalsa da, əsasən Asiya bazarlarında həm qiymətli kağızlar aşağı endi, həm də neftin qiyməti ucuzlaşdı. Yəni bu, o deməkdir ki, bir ay ərzində neftin qiyməti təqribən 12 dollar aşağı düşdü. Nəzərə alsaq ki, neftin qiymətinin hər 1 dollar aşağı düşməsi Azərbaycana 500 min dollara qədər təsir göstərir, 12 dollar ucuzlaşma bu gün Azərbaycana 6 milyon dollar qiymətlərin aşağı düşməsi deməkdir”.

Ekspertə görə, neftin hazırkı qiyməti Azərbaycan üçün təhlükəli hədd sayılmır: “Çünki bizim büdcəmizdə neftin qiyməti 55 dollar götürülüb. Hazırda isə, hələ ki, neftin qiyməti 57 dollardır. Dünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, mart ayının axırına qədər bu virusun yayılması pik həddə çatacaq. Bu isə o deməkdir ki, fevral və mart aylarında da koronovirusla bağlı addımlar atılacaq. Nəticədə dünya iqtisadiyyatında da azalmaların  baş verdiyinin şahidi olacağıq. Azərbaycanda səhm bazarı yoxdur. Ancaq neftin qiymətinin aşağı düşməsinə həm ixracımızın dəyər olaraq azalmasına, həm də valyuta ehtiyatlarının daha az daxil olmasına səbəb olur. Bu isə Azərbaycanda iqtisadi göstəricilərə mənfi təsir edəcək. Fevral ayında biz xarici ticarətdə mənfi saldo da görə bilərik. Yəni satdığımız aldığımızdan az ola bilər. Bu da Azərbaycan iqtisadiyyatında əlavə basqılar, manatın gələcək taleyi ilə bağlı ciddi əndişələr yaradır. Lakin, dediyim kimi, hələ ki, ciddi təhlükə yoxdur. Uzun zaman neftin qiyməti aşağı qalarsa, ciddi təsirlərin olması ehtimalı yüksələcək”.

Son zamanlar aparılan islahatların nəticəsində yaranan şəffaflıq fonunda gömrük və vergi orqanlarından büdcəyə daxil olmalar da artıb. Bu barədə danışan ekspert deyir ki, hazırda neftdən dolayı asılılıq da var: “Azərbaycan büdcəsində 60 faiz neftdən asılılıq var. Bunun 49 faizi Neft Fondundan birbaşa transferdir, 11 faizi neft şirkətlərindən daxil olacaq vergi növləridir. Büdcədən təmir-tikinti işlərinə xərclənən vəsaitlərdən ödənilən maaşlardan hələ də vergi tutulur. Neftin pulu maaş şəklində ödənilir, lakin vergi şəklində 14 faizi büdcəyə qayıdır.  Bu da dolayı ilə neftdən asılılıqdır. Kənd təsərrüfatında, turizmdə isə müəyyən artımlar var. Ancaq bu artım, hələ ki, neftdən asılılığı tam aradan qaldırmır. Neftdən asılı olan iqtisadi aktivliyi isə digər sahələrin hesabına qapatmaq mümkün deyil. Əgər neftin qiyməti 50 dollardan aşağı düşsə, iqtisadi aktivlik o səviyyədə deyil ki, bunu tamamilə əvəz eləsin. Bunun üçün bir neçə il lazımdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər